Bir qrup müəllimdən təhsil nazirinə açıq MƏKTUB

Bir qrup müəllimdən təhsil nazirinə açıq MƏKTUB
10:39 29 Sentyabr 2015
140 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni tədris ilindən istifadəyə verilmiş 8-ci sinif "Azərbaycan dili" dərsliyində şagirdlərə təqdim edilən vulqar kəlmələrin işləndiyi çalışmalar bir qrup Azərbaycan dili və ədəbiyyat müəlliminin narazılığına səbəb olub.

Narazı müəllim heyəti təhsil naziri Mikayıl Cabbarova hazırda istifadədə olan 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsinin kitabdan çıxarılmasına icazə verməsi ilə bağlı açıq məktub yazıb.

Lent.az-ın məlumatına görə, məktubda deyilir: 

 

"Hörmətli Mikayıl müəllim!

Biz, bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi sizə müraciət etməyi özümüzə borc bildik. Bu il istifadəyə verilmiş 8-ci sinif "Azərbaycan dili" dərsliyinin 126-cı səhifəsində 12-ci çalışmada şagirdlərə iki mətni müqayisə etmək tapşırılır. Onlardan biri dilimizə və adət-ənənələrimizə zidd ifadə tərzi ilə yazılmış mətndir.

Bizim amalımız doğma dilimizin təmizliyini qorumaqdır. Fikrimizcə, dərslik çap olunana qədər ciddi yoxlanılmış və dərindən təhlil edilmiş yeganə tədris ədəbiyyatı olduğundan, orada yalnız və yalnız nümunəvi mətnlərdən istifadə edilməli idi.

Aramızda olan qocaman müəllimələr adından sual veririk:

 

-Biz bu mətni necə oxuyaq, yaxud şagirdlərin oxuması zamanı necə qulaq asaq, necə reaksiya verək?

- Biz – ağbirçək müəllimələr bunu özümüzə necə sığışdıraq? Budurmu yenilik?

- Əgər biz şagirdlərə desək ki, “küçədə siz bu sözləri onsuz da eşidirsiniz”, onda dilimizin doğurdan da belə aşağı səviyyəyə düşdüyünü etiraf etmiş olmuruqmu?

- Axı biz hər dəfə bu cür bayağı danışıq tərzini eşidərkən məktəbdə, küçədə, evdə daim  təbliğ etmişik ki, özünə hörmət edən heç bir azərbaycanlı bu tərzdə danışmamalıdır. İndi biz onu dərsliyə daxil etməklə bu cür danışıq tərzini təsdiqləmiş olmuruqmu?

- Məktəbin əsas vəzifələrindən biri də onun tərbiyə ocağı olmasıdır. Biz Azərbaycan dili dərslərində bu cür küçə danışıq tərzi ilə şagirdlərimizə hansı tərbiyəni vermiş olacağıq?

 

Hörmətli Mikayıl müəllim!

Bizim heç bir qaranlıq məqsədlərimiz yoxdur. Adlarımızın açıq yazılmamasının səbəbini isə, fikrimizcə, özünüz gözəl başa düşürsünüz. Biz müəllimlərin əsas məqsədi Azərbaycanın gələcəyi olan övladlarımıza ana dilimizi sevdirmək, ondan məharətlə istifadə etməkdən daim zövq almağı və şərəf duymağı tərbiyə etməkdir. Düşünürük ki, bu işdə Sizin və bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.

 

Bunları nəzərə alaraq sizdən artıq dərəcədə xahiş edirik ki, daxili əmrinizlə hazırda istifadədə olan 8-ci sinif "Azərbaycan dili" dərsliyinin 126-cı səhifəsinin kitabdan çıxarılmasına icazə verəsiniz. Bu səhifənin kitabdan kənarlaşdırılması hələ 4 il istifadə olunacaq bu dərsliyin balalarımızın tərbiyəsinə göstərə biləcək mənfi təsirinin qarşısını alardı".

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR