Onların sənətləri artıq tarixə çevrilib. Uzun illər bu peşənin çörəyini yesələr də, indi "çörək ağaclarının" bar vermədiklərini söyləyirlər. Deyirlər ki, bizim "ağac" müasir telefonlar satışa çıxdığı gündən qurumağa başladı. Elə ona görə də telefonu sevmirlər. Söhbət küçələrdə, xüsusilə də dənizkənarı milli parkda (bulvar) əllərində fotoaparat gəzən fotoqraflardan gedir.
Onlar adətən 10x15 formatlı şəkillər çəkirlər və hər bir fotonun qiyməti 2 manatdır.
Bulvarda olduğumuz zaman 20 ilə yaxındır bulvarda fotoqraf kimi çalışan Azər adlı şəxslə rastlaşdıq. Lakin o, yuxarıda söylədiyimiz kimi "foto" deyərək gəzmirdi. Kənardan müşahidə etdiyimiz zaman öncə Azərin qəzet oxuduğunu düşündük. Çünki əlində qəzet var idi. Yaxınlaşdıqda isə gördük ki, o, sadəcə olaraq qəzetin yazılarının üzərini qələmlə qaralayır. Səbəbini bekarçılıqla əlaqələndirdi. Saçları ağarmış bu şəxsin gözlərindən qayğı açıq şəkildə sezilirdi.
Fotoqraf Azərdən bu sahənin hazırkı dövrü ilə bağlı maraqlı məqamları öyrəndik. Azər kişi söylədi ki, fotoqraflıq sənəti ilə əsgərlikdən qayıtdığı gündən məşğul olur. Hazırda 47 yaşının olduğunu söyləyənə qədər biz onu daha yaşlı düşünürdük. Deyir ki, çoxları belə düşünür: "Görünür, məni bu sənət qocaldıb. Özüm Bakıda "Kubinka" kimi adlanan məhəllədə böyümüşəm. Əsgərlikdən təzə gəlmişdim. İş axtarırdım. Bir dostum mənə dedi ki, gəl məndə fotoaparat var. Onu götür, gedək parkların birinə, insanların şəklini çəkib pul qazanaq. Mən də razılaşdım. Əvvəl getdik indiki Elmlər Akademiyasının qarşısına. Orada bir xeyli işlədim. O zamanın insanlarının fotoya marağı böyük idi. Özü də indiki kimi özləri-özlərini çəkdikləri fotolara deyil, peşəkar işinə üstünlük verirdilər. Belə qərara gəldik ki, parkdan gələk bulvar ərazisinə. Elə o zamandan 20 ildən çoxdur ki, bulvarda şəkil çəkirəm".
- 20 il öncəkindən nə dəyişib?
- Dəyişiklik çox olub. İndi hərə əlinə bir telefon alıb özünü çəkir. Burada elə o zamandan bəri dəyişməyən odur ki, əsasən rayon camaatı şəkil çəkdirməyə meyillidir. Bulvara gələn xaricilər bizə müraciət etmirlər. Çünki onların özlərinin fotoaparatları olur. Hələ 20 il ərzində görməmişəm ki, burada hansısa əcnəbi telefonun çıxarıb bir-birini çəkə. Xaricilər adətən foto çəkdirəndə şən duruş alırlar. Bizim yerli camaat isə elə ciddi durur ki, elə bil sənəd üçün şəkil çəkdirir. Ümumiyyətlə, Bakıda yaşayanların çoxu heç bulvar ərazisinə gəlmirlər. Şəkil çəkmək funksiyası olan telefonlar çıxandan sonra heç rayon camaatı da bizə yaxın gəlmir. Bu sənət artıq ölüb. Ancaq bunu buraxmağı da düşünmürəm. Gedib nə iş görəcəm ki? Əvvəllər fotoqraf olmayanlar fotoaparatlara toxunmazdılar. Deyirdik ki, yanlış düyməni basarsan, bütün şəkillər silinər. İndi əllərindəki telefonla özlərini çəkirlər. Fotoaparatlar ştativdən düşüb çilik-çilik olan kimi, biz də gözdən elə düşmüşük.
- Demək istəyirsiz ki, başqa iş görməyin zamanı çatıb?
- Xeyr, başqa iş əlimizdən gəlmir. Bir şeyi deyim ki, əvvəllər ad gününə, toylara gedirdik. İndi o da yoxdur. Hər restoranın öz fotoqrafı var. Biz də məcburuq ki, elə burada qalaq. Şəkilin birini iki manata çəkirik. Ancaq şəkil çəkdirmək istəyən qeyd etdiyim kimi çox azdır. Əvvəllər biz ad gününə və ya hər hansısa şənliyə gedərkən, öncə bizi yedizdirirdilər, hörmətli qonaqlar kimi başda oturdurdular. İndi heç sayan yoxdur. Gedən kimi deyirlər ki, işini gör. Bu mənada deyirəm ki, gözdən düşmüşük. Elə sizdən öncə bir yaşlı kişi gəlib durub dənizin kənarında. Əlindəki telefonu qaldırıb yuxarı özünü çəkir. Hardasa yarım saatdan çox, təxminən 70 yaşlı kişi özünü dənizlə birlikdə çəkdi. Belə işmi olar?
- Ayda nə qədər qazanırsız?
- Bilmək olmur axı. Gətirib mənə bir iş versələr bəlkə bu sənəti də ataram. Şəkil çəkdirən yoxdur. Elə yalandan burada durub günün altında özümüzü qaraldırıq. Fəhlə bizdən yaxşıdır. Heç olmasa bilir ki, işlədiyinin müqabilində nəsə alacaq. Ancaq biz səhər 10-dan axşam 12-yə qədər burada oluruq. Heç hara getmirik ki, bəlkə kimsə gələ 2 manat qazanaq. Çox çətindir.
Neft və milyonlar şəhəri olan Bakıda, bu cür sabaha ümidsiz olan şəxslər çoxdur. Elə bulvar ətrafında insanların fotolarını çəkənlərlə bərabər, onların çəkilərini də çəkən tərəziçilər az deyil. 20 qəpik müqabilində insanların ağırlığını ölçən bu şəxslərin də güzəranı yaxşı deyil. Onlar adətən tərəzilərinin qarşısında yerdə otururlar. Çoxlarının yaşı artıq olduğu üçün ucadan qışqırmağa da halları olmur. Elə qarşılarından hər adam keçəndə asta tonla "tərəzi" deyirlər. Tərəzilərinə kimsə çıxdığı zaman çox sevinirlər. Qazandıqları 20 qəpik onlar üçün "xoşbəxtlik toxumu"dur. Bunu biz yox, söhbət etdiyimiz tərəziçi Qasım Quliyev söylədi.
Qasım kişi deyir ki, özlərini çəkdirənlərin əksəriyyəti arıqlar, boylarını ölçdürənlərin də çoxu uzunboylulardır:
"Elə həyat da belədir.Özlərini kasıb göstərənlərin çoxu varlılar, xərcləməyi sevənlər isə kasıblardır. Məsələn, Bakıdakı hündür binaları görən xaricilər elə bilərlər ki, burada hər kəs yüksək səviyyədə yaşayır. Hamının cibində pulu, evində xoşbəxtliyi var. Ancaq işsizlik baş alıb gedir. Mənim 2 oğlum var, ikisi də işsizdir. Əvvəllər fəhləlik edirdilər. İndi o da yoxdur. Adi fəhlə də artıq iş tapmır. Mən də dilənməmək üçün bu tərəzini qarşıma qoyub, beləcə cuzi miqdarda pul qazanıram".
"Yeni Müsavat"


