Bakı, 2 oktyabr, AZƏRTAC
Yunanıstanın Qrit adasında yerləşən Kolumbari şəhərində “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans keçirilib. Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyət və Qrit Ortodox Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın proqramı fotosintez tədqiqatlarının molekulyar səviyyədən qlobal problemlərədək bütün istiqamətlərini əhatə edib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda akademik Cəlal Əliyev və onun tələbələri, akademik İradə Hüseynova, biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov və Tofiq Allahverdiyevin birgə elmi məruzələri dinlənilib.
Tədbirdə fotosintez prosesinin müxtəlif aspektlərini əhatə edən 11 seksiya üzrə çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb.