ANS PRESS Polad Bülbüloğluna ünvanlanan təbrikləri təqdim edir:
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev:
"Səni yüz yaşa, heç qocalma". Vladimir Mayakovskinin bu sətirləri bu günlərdə 70 yaşını qeyd edən Polad Bülbüloğlu kimi yaxşı insanlara ünvanlanıb. Şairin sözlərinə mən yüngülvari əlavə edərdim - bəstəkarımızın və diplomatımızın ömrünü ən azı 25 il uzadardım, axı Azərbaycanda uzun ömürlülər həmişə çox olub. Bundan əlavə, Polad müəllimə arzu edirəm ki, o, bu, hörmətli yaşında öz istedadını, yumor hissini, iş qabiliyyətini və Vətənə böyük sevgisini itirməsin.
"Qarbağın şən oğlu, məni hər yerdə belə çağırırlar". Dahi Rəşid Behbudovun mahnısındakı bu sətirlər Polad Bülbüloğluya da aiddir. Axı əslən Şuşadan olan bu gənc oğlan öz sənəti ilə yalnız bütün Sovet İttifaqında deyil, həm də dünyanın başqa ölkələrində istedadının pərəstişkarlarını ayaq üstə alqış deməyə sövq edirdi.
Bir çox nəsillər bu bəstəkarın mahnılara, kinofilmlərə, baletlərə yazdığı musiqilərin sədası altında böyüyüb. Azərbaycan dövləti ona mədəniyyət naziri vəzifəsini etibar edib və o, özündən sonra çox yaxşı izlər qoyub. Bizim hörmətli Polad Bülbüloğlu bu gün Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir, onu çox sevir və hörmət edirlər. Düşünürəm ki, bu, Polad müəllimin son karyera yüksəlişi deyil. Ola bilər ki, bir neçə ildən sonra o, Birləşmiş Millətlər Təşkilatının baş katibi seçiləcək. Özü də, bu önəmli vəzifədə hələ ki, azərbaycanlı olmayıb.
Ad gününüz mübarək, əziz Polad müəlim! Sizə can sağlığı və xoşbəxtlik arzulayırıq! Arzu edirəm ki, Sizin 71 yaşınızı mütləq Şuşada qeyd edək. Qoy Tanrı həmişə sizi və doğmalarınızı qorusun! Ömrünüz uzun olsun!
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli:
“Polad mənim ən yaxın dostumdur, 7 yaşından bir yerdəyik. Çünki atalarımız dost idilər, bir yerdə işləyirdilər. Sonra Bülbül adına musiqi məktəbində, Konservatoriyada bir oxuduq. Səhnə həyatımız da bir olub, qastrol səfərlərində dünyanın çox ölkəsində bir yerdə neçə-neçə konsertlər vermişik. Polad ümumiyyətlə keçmiş Sovet İttifaqında ən populyar bəstəkarlardan biri idi. Onu çox sevirdilər. Vladivostokdan Tallinə qədər restoranlarda, kinoteatrlarda onun mahnıları səslənirdi. Bir gündə 3-4 konsert verirdi. O qədər onu sevən var idi ki, dəvət edənlər həddindən artıq idi. Buna görə də Polad qastrol səfərlərində çox olub.
Bir şeyi xüsusilə qeyd etmək lazımdır ki, Polad çox gözəl menecer idi. Məhz bu qabiliyyətinə görə Filarmoniyanın direktoru oldu, sonra 8 il nazir işlədi. İndi isə çox məsuliyyətli vəzifədə çalışır, bizim Rusiyada səfirimizdir. Mən onun sonuncu Moskva konsertində iştirak etdim. Öz gözümlə gördüm, nə qədər camaat onu təbrik edir. Hətta Dumanın sədri Sergey Narışkin güllə-çiçəklə səhnəyə çıxıb özü təbrik etdi, qucaqlayıb öpdü. Polad Rusiya üçün çox mühüm bir fiqurdur, məhz buna görə də neçə ildir Azərbaycanı orada təmsil edir.
Əslində 70 yaş az deyil, amma Polad çox gözəl formadadır, yenə də hərdən bir gözəl konsertlər verir. Onun ən böyük arzusu odur ki, biz nəhayət Şuşada bir yerdə konsert verək. Bu dərd məni də, onu da yeyir. Yaxşı ki, ANS bu mövzuda aktivdir, aqressivdir, yaxşı mənada. Xüsusilə Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi ilə əlaqədar bunu deyirəm. Poladın ən böyük arzusu Cıdır düzündə konsert verməkdir. Kim bilir biz bunu görəcəyik, ya yox, amma ümidimiz var və biz ümidimizi itirmirik. Mən onu ürəkdən təbrik edirəm, 100 il yaşasın Polad!".
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə:
“Biz fəxr edirik ki, Bəstəkarlar İttifaqının belə bir üzvü var. Polad Bülbüloğlu işıqlı şəxsiyyətdir. Gözəl musiqiçi olmaqla yanaşı, gözəl siyasətçidir. O, fəaliyyətdə olduğu bütün sahələrdə peşəkardır. Mən çox şadam ki, belə bir şəxsiyyətin yubileyini qeyd edirik. Bizi Poladla birləşdirən məqamlar var. Düzdür, 3-4 sinif fərqimiz olub, amma ikimiz də Qara Qarayev kimi dahinin sinifində olmuşuq. Mən onun musiqilərini çox bəyənirəm, hətta Yekaterinburqda onun “Məhəbbət və ölüm” baletinin premyerasına getmişəm. Poladın bu əsəri artıq brend hesab edilə bilər. Ona nə arzulaya bilərəm? İstəyərdim ki, bundan sonra da yaşasın, yaratsın, gözəl musiqiləri ilə Azərbaycan musiqisinə öz töhvəsini versin".
Yazıçılar birliyinin sədri Anar:
"Polad bizim çox görkəmli bəstəkarımız, çox görkəmli müğənnimiz, çox görkəmli ictimai-siyasi xadimimizdir, diplomatımızdır. Onun TÜRKSOY-dakı fəaliyyəti, indi də Moskvada səfir fəaliyyəti təqdirəlayiqdir. Polad həmişə prinsipial mövqedən çıxışlar edir və Azərbaycanın xeyri üçün çox işlər görüb. Bəstəkar-müğənni kimi şöhrəti ona bu işlərdə kömək edir. Arzu edirəm ki, o həm siyasi arenada, həm də səhnədə öz fəaliyyətini hələ neçə-neçə illər davam etdirsin. Polad mənim dostumdur. Mən ona uzun ömür, can sağlığı diləyirəm".
Millət vəkili Elmira Axundova:
"Polad Bülbüloğlu şəxsən mənim gəncliyimdir, cavanlığımdır. Onun səsi işıqlı anları yada salır, onun günəş kimi parıldayan, günəş kimi gülümsəyən mahnılarını, emosiyalarını, melodiyalarını xatırladır. Baxmayaraq ki, məndən 10 yaş böyükdür, mənim cavanlığım onun mahnıları ilə keçib. Çox fəxr edirəm ki, hələ jurnalist işləyəndə onunla tanış oldum. Polad müəllimlə bir neçə dəfə müsahibələr etmişəm, məqalələr yazmışam. Elə bu yaxınlarda mənim bir kitabım çıxacaq. “Dostlarımın gözəl cizgiləri” adlanır. O kitabda Polad müəllim haqqında “İstedadın dönüşü” adlı məqaləm olacaq. Baxmyaraq ki, Polad müəllim uzun illərdir məmur işləyir, neçə il mədəniyyət nazirimiz oldu, indi Azərbaycanı Rusiyada çox layiqli təmsil edir, o, yenə də yaradıcılığını yarı yolda qoymadı. Gözəl musiqilər yazmaqda davam etdi, vaxtaşırı konsertlər verdi.
Polad Bülbüloğlunu rusdilli tamaşaçılar çox sevir. Bir neçə il əvvəl Leyla Əliyeva Həştərxan şəhərində böyük bir tədbir təşkil etmişdi. Gördüm ki, Polad müəllimi rusdilli təmaşaçılar necə hərarətlə, sevgiylə qarşılayır. Ona ancaq və ancaq can sağlığı arzu edirəm. Çünki onun hər şeyi – gözəl ailəsi, uşaqları, sevdiyi işi var. Can sağlığı olsun ki, daha daha neçə illər yaratsın və Azərbaycana xidmət göstərsin".
Yazıçı, nasir, publisist Çingiz Abdullayev:
"Mən onu təbrik edirəm. Özüm şəxsən onun Moskvada necə işlədiyinin, necə zəhmət sərf etdiyinin şahidi olmuşam. Polad Bülbüloğlu Azərbaycan xalqı üçün çox şey edib. O, nəinki bizim gözəl bəstəkarımızdır, müğənnimizdir, sənətçimizdir, həmçinin çox gözəl səfirimizdir. İstəyərdim ki, Allah ona 50 il də ömür versin ki, xalq üçün yaşasın, işləsin. Baxmayaraq ki, dahi Bülbülün və dostu Çingizin saçları azdı, onun saçları gur qalıb. Mən onun saçlarını həmişə belə gur qalmasını arzu edirəm".
Xalq artisti, müğənni Faiq Ağayev:
"Polad Bülbüloğlunun Moskvanın Dövlət Filarmoniyasında keçirilmiş yubiley konsertində canlı iştirak edən bir insan kimi söyləyə bilərəm ki, o, canlı məktəbdir. O, adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazmış bir sənətkardır. Həmin axşam 70 yaşı ərəfəsində 3 saatlıq konsert verən Polad Bülbüloğlunun səsi 35 yaşlı cavan bir kişinin səsinə bənzəyirdi. Həmin güc, həmin yaraşıqlıq, həmin cazibə. Bundan savayı yeni bir bəstə səsləndi konsertdə. O, “Qorxma, mən səninləyəm 2” filminə yazdığı rus dilində “Məhəbbət şəlaləsi” adlı mahnısını ifa etdi və bəstəkar kimi də nə qədər məhsuldar, nə qədər aktual olduğunu bir daha təsdiq etdi. Polad Bülbüloğlu mənim səhnə fəaliyyətimdə əvəzsiz rolu olan bir insandır.
Bakıda 3 fevral tarixində Opera və Balet Teatrında onun “Ölüm və məhəbbət” baletinin nümayişi olacaq. 4 fevralda Heydər Əlyev Sarayında Polad Bülbüloğlunun yubiley konserti olacaq. Bundan sonra Tiflis var, məlumata görə daha sonra Yekaterinburq var. Mən Polad müəllimə can sağlığı, səsinin, sənətinin həmişə cavan olmasını arzulayıram. Sevgi, sayqı və məhəbbətimi sizin vasitənizlə çatdırmaq istəyirəm. Yubileyiniz mübarək, maestro! Nə yaxşı ki, varsız!".
Xalq artisti, aktrisa Həmidə Ömərova:
“Polad Bülbüloğlu mənim əvəzsiz tərəf müqabilimdir. Çox istəyərdim ki, Yuli Qusman bizi yenidən bir araya yığıb “Qorxma, mən səninləyəm 3”-ü çəksin. Allah Polada 100 il ömür versin ki, filmləri, musiqiləri, səsi ilə bizim gözümüzü, qulağımızı oxşasın. Polad Azərbaycanın tarixində izi qalacaq oğludur. Onun kimi şəxsiyyətlər hər gün doğulmurlar. Mən Polada xoşbəxtlikdən başqa nə arzu edə bilərəm? Polad gözəl atadır, indiyədək övladları onunla fəxr edib, qoy Polad uzun-uzun bəxtəvər yaşasın və o da övladları ilə fəxr etsin!”
Polad Bülbüloğlunun pərəstişkarı, sadə xanım Sürəyya Əzizova:
“İnanmıram ki, o illərdə Polad Bülbüloğluya vurulmayan qız olsun. Mən də minlərlə elə qızlardan biri idim. İlk məhəbbətimdir desəm daha doğru olardı. Yeniyetmə yaşlarımdan ona vurulmuşdum, gənclik illərimdə də ancaq ona bənzəyən oğlanlara qarşı simpatiyam ola bilərdi. “Qorxma, mən səninləyəm” filmində Həmidə Ömərovaya qısqanırdım onu. Mənim Polad Bülbüloğluya olan hisslərim plotanik sevgi idi, bunu yaşım artdıqca başa düşdüm.
İnana bilmirəm ki, Polad Bülbüloğlunun 70 yaşı tamam olur. O, mənim yaddaşımda həmişə cavan, yaraşıqlı və gözəl səsli biri kimi qalacaq. Ona dünyanın ən gözəl nemətlərini arzu edirəm. Biz onu çox sevirik, həmişə var olsun, yaşasın, yaratsın, oxusun. Bülbül kimi səsi ilə qulaqlarımızı oxşasın!”. Mənbə
ANS PRESS