Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (50-ci say) təqdim edir.

Deyir, qonşum qonşu olsa, kor qızım sponsor tapar. Amma gərək sponsor da kor olsun ki, qızın korluğunu görüb ona korluq çəkdirməsin. Heç bilmirəm bu yanıltmacsayağı söhbət hardan yadıma düşdü. Korluqdan söz düşmüşkən, xalq artisti Nuriyyə Əhmədovanın başdaşını bir iş adamı hazırlatdırır. Yəni ölkədəki heç bir qurum sənətkara baş daşı qoyulmalı olduğunu görmədi.

Bu ərəfədə əməkdar artist Gülnar Salmanova da dünyasını dəyişdi. Allah rəhmət eləsin! Elə mədəniyyətimizə də! Birdən Mədəniyyət və Turizm Nazirliyindən kimsə çıxıb desə ki, salamatçılıqdır, onda başqa məsələ.

Əli Mirəliyev də Azərbaycan şou-biznesinin, mədəniyyətinin kamikadzesidir. Sadəcə, Mirəliyev kamikadzedən bir cəhətinə görə fərqlənir ki, hər dəfə haranısa partladır, axırda Polad Ələmdar kimi özü sağ qalır. Zarafat bir qırağa, fikrimcə, Əli müəllim Azərbaycan mədəniyyətini dərindən bilən 5-10 nəfərdən biridir. Sadəcə, millət olaraq bir çox maraqlı xüsusiyyətlərimiz var. Məsələn, düz sözü deyən adama ya dəli deyirik, ya da çalışırıq ki, badalaq vuraq, tez aradan götürək. Hərçənd ki, Mirəliyevin bu dəfə partlatdığı "bomba" bir az ağır oldu. Saytlardan birinin yaydığı xəbərdə bildirilir ki, Əli müəllim Rəşid Behbudov, Mirzə Babayev və Yalçın Rzazadənin gey olduğunu iddia edib. Lakin sonradan məlum oldu ki, belə bir söz deyilməyib. Əsas odur ki, salamatçılıqdır.

Aparıcı Xoşqədəmlə müğənni Doğuşun toylarından düz bir il ötdü. Gah dedilər boşanıblar, gah dedilər uşaqları olacaq, gah dedilər duet oxuyub disk buraxdıracaqlar, Siyəzəndə torpaq alıb ferma tikdirəcəklər, Balakəndə qoz fabrikində işə düzəliblər, bəziləri söylədilər ki, ümummiyyətlə, bu toy söhbəti reklam üçündür. Uzun sözün qısası, beləcə bir il tamam oldu. O gün Doğuş toylarının ildönümü ilə bağlı sosial şəbəkədə sanballı bir status yazıb. Mənim də xasiyyətimi Allah kəsməsin, axır vaxtlar "romantiçni" status oxuyan kimi gözümün yaşı sellənir: "Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim".

Allah xoşbəxt eləsin, yarıyanlardan olsunlar!

Bayaq Mədəniyyət və Turizm Nazirliyinin adını çəkdim, amma bir məsələ barədə danışmaq az qala yaddan çıxmışdı. Ümumiyyətlə, bu qurum Azərbaycanda yeganə təşkilatdır ki, mən onların iş prinsipinə qibtə edirəm. Məsələn, bir müddət nazirliyin eyni vaxtda iki mətbuat katibi oldu. Biri Zöhrə Əliyeva, o biri İntiqam Hümbətov. Hansını danışdırırdın, deyirdi ki, mətbuat katibi mənəm. Allaha qurban olum, axırda 30 yaşlı Vüqar Şıxməmmədovu gətirib qoydular nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, məsələ tamam oldu. İntiqam Hümbətovla Zöhrə Əliyevanın mübarizəsi də beləcə nöqtələndi. İnsafən Vüqar Şıxməmmədov da, hələ ki, jurnalistlərlə yaxşı işləməyi bacarır.

Hə, onu deyəcəkdim axı. Deməli, iyul ayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib. Amma sən bir iş prinsipinə bax ha. Bayaq buna görə deyirdim də, həsəd aparıram. Nətəhər olubsa, bircə nəfərə də cinayət işi qaldırılmayıb. Halbuki, Şıxməmmədov açıqlamasında açıq şəkildə bildirir ki, ortada maliyyə nöqsanları olub. Yəni loru dildə desək, yeyinti faktı.

Əgər yeyinti varsa, adam canını işdən çıxarılmaqla qurtara bilərmi? Sizcə?

illi.Az