Kuala-Lumpur, 30 oktyabr, AZƏRTAC
Malayziya parlamenti ölkənin Trans-Sakit okean Tərəfdaşlığına (TPP) qoşulması barədə məsələni müzakirə etmək üçün yanvar ayında xüsusi iclasa toplaşacaq.
Bu barədə oktyabrın 30-da Malayziyanın “Star” qəzeti məlumat yayıb.
Ölkənin beynəlxalq ticarət və sənaye üzrə ikinci naziri Onq Ka Çuanın sözlərini sitat gətirən qəzet yazır: “Hökumət müzakirələrin və imzalanmanın şəffaf aparılmasında maraqlıdır. Buna görə də qanunvericilər məsələyə münasibət bildirəcəklər. Əgər deputatlar əleyhinə səs versələr, bu zaman hökumət həmin qurumdan çıxacaq”.
Bununla yanaşı, nazir əlavə edib ki, əgər Malayziya TPP-yə qoşulmasa, mənfəəti əldən verəcək. Məsələyə hökumətin mövqeyini əsaslandıran nazir bildirib ki, azad ticarət bir çox vergi növlərinin ləğvini nəzərdə tutur. Əgər ƏDV-nin qaytarılması rejimi tətbiq olunmasa, əcnəbi investorlar krallıq ərazisində istehsalın yerləşdirilməsində maraqlı olmayacaqlar. Onun sözlərinə görə, TPP-yə qoşulmaqla bağlı digər dövlətlər tərəfindən Malayziyaya heç bir təzyiq yoxdur.
Buna baxmayarq, Malayziyanın bir neçə müxalifət partiyasının tərəfdarlarının bu günlərdə keçirilən etiraz aksiyasında ölkənin həmin quruma qoşulmasının əleyhinə çağırışlar səslənib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur