Kuala-Lumpur, 4 noyabr, AZƏRTAC
Kuala Lumpurda dərc olunan “Utusan” qəzeti Malayziya Milli Universitetinin azərbaycanlı tədqiqatçısı Səid Cəfərlinin uğurlarından yazıb.
Məqalədə bildirilir ki, Malayziya Milli Universitetinin məzunu olan həmyerlimiz bakalavrdan sonrakı təhsilin təşviqi məqsədilə məzunların səfiri seçilib. Azərbaycanlı məzunun uğurlarına diqqət çəkən qəzet S.Cəfərlinin bu il Kuala Lumpurda təşkil edilmiş “Muslim World Biz” sərgi və konfransında həm sədrlik etdiyini, həm də mövzu ilə bağlı müzakirələrə qatıldığını bildirir. Tanınmış iş adamlarının, firma rəhbərlərinin və peşəkarların qatıldığı belə yüksək səviyyəli tədbirdə sədrliyin böyük şərəf olduğu məqalədə xüsusi vurğulanır. Əlavə olaraq bildirilir ki, azərbaycanlı gənc tədqiqatçı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən qeyri-tarif məlumatların toplanması sertifikatına da layiq görülüb.
Məqaləyə qəzetin müxbirinin S.Cəfərli ilə müsahibəsi də əlavə olunub. Müxbirin suallarını cavablandıran həmyerlimiz Malayziyada təhsilin xüsusiyyətləri, qazandığı nailiyyətlərin səbəbləri, bu ölkədə təhsil alan azərbaycanlılar barədə məlumat verir. Soydaşımız, həmçinin sürətli inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycanın uğurlarından danışır, malayziyalıları ölkəmizə səfərə dəvət edir. Diqqətə çatdırır ki, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Malayziyanın bir neçə universitetinin tələbələri artıq ölkəmizə səfər edərək onun füsunkar təbiəti, tarixi yerləri və müasir inkişafı ilə tanış olmaq imkanı qazanıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur