Kuala Lumpur, 5 noyabr, AZƏRTAC
Azərbaycan məhsulları Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən VI “OIC World BIZ” adlı beynəlxalq sərgi və konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin, habelə qeyri-müsəlman dövlətlərin nümayəndə heyətləri, 1000-ə yaxın biznes qurumları iştirak ediblər.
Tədbirdə ölkəmizi Azərbaycanın Malayziyadakı səfirliyi təmsil edib. Dörd gün davam edən tədbir çərçivəsində IV “İƏT Ali Təhsil Konfransı-2015”, “Ümumdünya İslam Turizm Konfransı-2015” və “İƏT-Asiya Ticarət və İqtisadi Forumu-2015” tədbirləri keçirilib.
VI “OIC World BIZ” beynəlxalq tədbiri çərçivəsində təşkil olunmuş sərgidə Malayziya, İran, Küveyt, BƏƏ, İordaniya, Filippin, Tailand, İndoneziya, Çin və digər ölkələrdən 300-dən çox şirkət iştirak edib. Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən təşkil edilmiş pavilyonda ölkəmizin sosial-iqtisadi inkişafı, investisiya imkanları, ixrac məhsulları, turizm potensialını təbliğ edən vəsait və məlumat kitabçaları, jurnal və bukletlər, “Gilan Holdinq” şirkətinin istehsalı olan məhsullar nümayiş olunub. Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumatlar verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
