Bakı, 13 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “İrəli” İctimai Birliyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılacaq “Mənim sağlam cəmiyyətim” layihəsinin noyabrın 13-də Bakı Slavyan Universitetində açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru Telman Cəfərov, Nəsimi rayon gənclər və idman idarəsinin rəis müavini Şahmar Tağıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hər bir cəmiyyətdə sosial problemlər gənclərin inkişafına və onların sağlam böyüməsinə mənfi təsir göstərir. Cəmiyyətimizin sağlam gələcəyi üçün ilk öncə gənclərdən başlamalı və onlarda incəsənətə, mədəniyyətə maraq artırılmalıdır.
Sonra Bəyimxanım Məmmədova çıxış edərək müəllifi olduğu “Mənim sağlam cəmiyyətim” layihəsinin əsasən cəmiyyətdə mövcud problemlərdən əziyyət çəkən vətəndaşları, xüsusən gəncləri əhatə edəcəyini bildirib.
Sonda cəmiyyətdə mövcud olan mənfi hallarla bağlı tamaşa nümayiş olunub.