Tanınmış azərbaycanlı bəstəkar Məryəm Əlibəylinin Milli.Az-a müsahibəsi.
- Özünüzü oxucuya necə təqdim edərdiz?
- Vətənini, millətini, adət-ənənələrini, sənətini və insanları sevə bilən bir Azərbaycan xanımı.
- Məryəm xanım, bir ara efirlərdə tez-tez görünürdüz. Haralardasız?
- Mən öz payıma deyirəm. Televiziyalar mənim hər hansı bir mövzuda fikirlərimə ehtiyacları olanda dəvət edirlərsə, əlbəttə ki, gedib çıxış edirəm. Bu çıxışlarda tamaşaçılara hansısa bir fikrimi deyərək nəsə bir xeyrim olursa, bundan məmnun oluram. Digər bəstəkarları deyə bilmərəm, amma mən efirə efir xatirinə yox, sadəcə lazımlı nələrisə çatdırmaq üçün çıxıram.
Siz bilirsiz ki, mənim bəstəkarlıq fəaliyyətimin daha bir hissəsi də uşaqlarla bağlıdır. Uşaqlar, uşaq tərbiyəsi, ailə mövzusunda da çıxışlar çox olur. Etiraf edək ki, son dövrlərdə efir sahibkarları reytinq ardınca qaçdıqlarından, daha yüngül mövzularla efiri əhatə etdiklərindən onların nəzərində bizə o qədər də ehtiyac qalmır. Elə buna görə də az görünürəm. Bundan da əlavə, onu deyim ki, dəfələrlə olub, dəvət ediblər və görmüşəm ki, orada çıxış edəcəyim bir mövzu yoxdur, imtina etmişəm. Ümumiyyətlə, efirlər çox bərbad vəziyyətdə olduğundan 95% televiziyaya bizim evdə baxılmır. Xüsusən də ailəlikcə oturub hər hansı bir verilişə baxıb zövq almaq məsələsi kölgədə qalıb.
- Fəaliyyətinizin uşaqlarla bağlı olduğunu dediniz və verəcəyim növbəti sualı başqa sualla əvəzləməli oluram. Məryəm xanım, uşaqların sevgi-məhəbbətdən oxumasına bir bəstəkar kimi necə baxırsız? Mən şəxsən uşaq olanda müəllimimiz bizə Ağabacı Rzayevanın, Oqtay Zülfüqarovun uşaq mahnılarını oxudardı...
- Müğənnillərimizlə işlədiyim dövrlərdə mən uşaq mahnı mövzularında böyük problemlərin olduğunu hiss edirdim. Sizin dediyiniz kimi, uşaqların böyük mövzularda mahnı oxuduqlarını gördükdə tamamilə səhv olduğunu anlayırdım və uşaqları çox sevdiyimdən, bu problemə görə bu sahə ilə maraqlanmağa başladım. Beləcə, silsilə uşaq mahnıları bəstələməyə başladım. Fəaliyyətim boyunca da hamı bilir ki, uşaqlar üçün yalnız və yalnız uşaq mövzularında mahnılar yazmışam. Hətta muğam oxuyan balaca dostlarımın da xalq mahnılarındakı böyük mövzulara müraciət etmələrinin tərəfdarı olmamışam. Onların müəllimləri gərək bu mövzulara ciddi fikir versinlər. Çünki balaca muğam ifaçısı xalq mahnısı oxuduqda və dedikdə ki: "Dedim, bir busə ver, ay qız, amandır", - bu, çox gülünc görünür. Yaxud balaca muğam ifaçısı oxuyur: "Gəlmişəm otağına, oyadam səni, Qaragilə", - absurd bir vəziyyət yaranır. Mən bunun tam əleyhinəyəm. Çünki bu, uşaq psixologiyasının tam ziddinə olan bir işdir. Buna görə gecə-gündüz beynimi çalışdırıb, müxtəlif uşaq mövzuları axtarıb tapıram. Deyərsiz ki, bizim şairlərə nə gəlib ki, siz mövzu axtarırsız? Sizə deyim ki, dəfələrlə əlimə müxtəlif uşaq şeirləri kitabı düşüb. Onların 70%-i şairlərin öz nəvələrinə həsr etdikləri şeirlərlə doludur. Nə bilim, Lalə balam, Zəhra şirindir, Nicat igiddir və sair. Belə şeirləri isə mahnıda ifa edə bilmərik.
O ki qaldı köhnə mahnılarımıza, biz köhnə uşaq mahnılarından arada istifadə edirik. Amma yeniləşmək və inkişaf etmək üçün yalnız köhnə mahnılarla qidalana bilmərik.
- Yeri gəlmişkən, "Canbala" qrupunuz da var idi. Həm də gənclərdən ibarət "NM"?
- "NM" qrupu əsl Azərbaycan gənclərinin zövqünü oxşayan pop qrup idi. Onlarla 5 il fəaliyyət göstərdik. Amma hər şey bizim öz gücümüzə olunurdu deyə, yəni sponsorsuz maddi dəstəksiz ona görə də istədiyimiz hər şeyi həyata keçirə bilmirdik. Amma bununla belə, onların 1 diski və 3 klipi işıq üzü gördü. Onların "Darıxıram sənin üçün", "Kimə inanasan" adlı mahnıları qısa bir müddətdə məşhurlaşdı. Hazırda bu qrupun hər 4 üzvü ailə qurub. Övladları var. Bəziləri ilə arada zəngləşirik də.
"Canbala" qrupuna gəldikdə isə birinci heyət artıq çox böyüyüb. Gənclik dövründədirlər. Oğlanlardan Kənan Xəzər Universitetində, Tural İncəsənət Universitetində, qizlar da məktəbin sonuncu siniflərindədirlər. "Canbala" qrupunu tamaşaçılar hər zaman məndən xəbər aldıqlarına görə mən "Canbala"nın ikinci heyətini yaratmaq niyyətinə düşdüm. İkinci heyətin bu günlərdə yeni diski işıq üzü görəcək.
- Belə görürəm ki, yaradıcı insan kimi boş dayanmırsız. Amma bir sual da mənə maraqlıdır. Sizcə, yaradıcı insanı nə küsdürə bilər ki, o hər şeydən əl çəksin?
- Yaradıcı insan çox həssas, daha kövrək, daha duyumlu olduğundan hər şeyə çox diqqətlə yanaşır. Küsür də, inciyir də, ürəyində danışıb, özünü incidir də, üz çevirib, getmək istəyir də... Amma sonda əgər sənət adamıdırsa, əgər əsl yaradıcıdırsa, yenə də özünə qayıdır. Yenə də məşğul olduğu iş üçün darıxır və dönür. Sənət övlad kimi bir şeydir. Küsdürsə də, incitsə də, haqsız olsa da, üz çevirə bilmirsən, əziz dost!
- Övlad demişkən, sənətkar ailəsində doğulan övladlardan hansının yaradıcı bacarığı var?
- Turalın 18, Fatehin 12 yaşı var. Hər ikisinin musiqi duyumu yaxşıdır və istedadlıdırlar. Fatehin çox böyük səs diapazonu var. Ola bilər ki, solo-karyeraya başlasın. Tural hazırda gitarada ifa etməyi öyrənir. Elvis Preslinin fanatıdır. 1970-ci illərin musiqisi ilə də çox maraqlanır. Klassik musiqinin vurğunudur. Fateh müasir rəqslə çox maraqlanır. İstəsələr, bu sənətin ardınca gedə bilərlər. Mən yanlarındayam. Amma məcburi heç nə yoxdur. Çox istərdim, hər ikisi musiqidən əlavə, gözəl dizayner olsunlar.
- Yaxın zamanlarda nə kimi yeniliklər gözləyək? Yəni fəaliyyətiniz ancaq uşaqlarla bağlı olacaq, yoxsa müğənnilərimizlə də iş birliyiniz var?
- Yeniliklər budur ki, bu yaxınlarda İTV-nin 10 illik yubileyi ilə əlaqədar bir himn yazdım. Onu 6 nəfər müğənni ifa etdi. Yallı ritmləri üzərində səslənən bayramsayağı mahnı uğurla hazırlanıb, tamaşaçılara təqdim olundu. Gənc Tamaşaçılar Teatrında rejissoru Bəhram Osmanov olan "Biri vardı, biri yox" adlı uşaq tamaşasının musiqisini yazdım. Yeni bir detektiv janrında şəkilişləri başlayan bədii film var. Onun da musiqisini mənə həvalə ediblər. Amma son uğurlu işim isə türk yazarı Osman Başın sözlərinə "Xari bülbülüm" adlı mahnı-romans oldu. Və mahnını Azərin ifa etdi. Dinləyənlər mahnının uğurlu alındığını deyirlər. Elə sözün düzü, mənim də ürəyimcədir. Yeni uşaq mahnıları da yaranmaqdadır. Balaca dostlarımı unuda bilmərəm!
Səyavuş Əlizadə
Milli.Az











