Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan kapitalı fəal surətdə Rusiya bazarına daxil olmaqdadır. Azərbaycan Dövlət Neft Fondu, “Azərsun-Holdinq” və “Mətanət-A” şirkətlər qrupu bu sahədə ön sıradadırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin “Mir diplomatii” jurnalına müsahibəsində söyləyib.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdən danışan səfir deyib: “İlk baxışda inanılmaz görünür, amma Azərbaycandan Rusiyaya kapital yatırımının həcmi artıq təqribən 1 milyard ABŞ dolları təşkil edir və bu, Rusiyanın Azərbaycana yatırdığı vəsaitdən çoxdur. Bir tərəfdən bu, bir tərəfdaş kimi Azərbaycanın imkanlarını növbəti dəfə nümayiş etdirir. Digər tərəfdən iki ölkənin işgüzar dairələri arasında etimadın yaranmasına dəlalət edir. Etimad isə məlum olduğu kimi, ələlxüsus, zəmanəmizdə biznesdə həlledici rol oynayır.
V.Doroxin müsahibəsində xatırladıb ki, Rusiyanın ən iri avtomobil şirkəti “KamAZ” aprel ayında Gəncə avtomobil zavodunda avtomobillərin yığılmasına başlayıb. Rusiya səfiri deyib: “Bizim birlikdə vaqon və texnikanın digər növlərini istehsal etmək planlarımız var. Bu isə əməkdaşlığın tamamilə başqa səviyyəsidir. Sadəcə əmtəə mübadiləsi deyildir, yaxınlaşmanı və uzunmüddətli perspektivdə bir-birinə istiqamətlənməyi nəzərdə tutan istehsalat kooperasiyasıdır. Azərbaycan ilə əməkdaşlığın belə inkişafı Rusiyanın maraqlarına tam cavab verir”.