Bakı, 25 noyabr, AZƏRTAC
Dörd qrupda keçiriləcək səkkiz oyunla Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, oyunlar A, B, C və D qrupları üzrə baş tutacaq.
C qrupunda əsas diqqətlər Madridə köklənəcək. "Atletiko" Türkiyənin yeganə təmsilçisi "Qalatasaray"ı sınağa çəkəcək. Hazırda meydan sahiblərinin yeddi, qonaqların isə dörd xalı var. Səkkizdəbir üçün "Sarı-qırmızılar"a mütləq qələbə lazımdır. Ən pis halda isə İstanbul təmsilçisi mübarizəni üçüncü pillədə başa vuracaq. Bu qrupun digər oyununda autsayder “Astana” (Qazaxıstan) “Benfika”nı (Portuqaliya) qonaq edəcək.
“Şaxtyor”(Ukrayna) A qrupunun lideri və artıq növbəti mərhələni sığortalamış “Real Madrid”i qəbul edəcək. PSJ isə İsveç səfərində autsayder “Malmö” ilə münasibətlərə aydınlıq gətirəcək.
B qrupunda mübarizə aparan bütün iştirakçıların səkkizdəbir şansı mövcuddur. Moskva MOİK-i “Volfsburq”u (Almaniya), “Mançester Yunayted” (İngiltərə) isə PSV (Hollandiya) ilə qarşılaşacaq.
D qrupunda keçiriləcək “Yuventus”la (İtaliya) “Mançester Siti” (İngiltərə) oyunu qrupun birinciliyi baxımından önəm daşıyır. Paralel görüşdə autsayder Münhenqladbax “Borussiya”sı (Almaniya) “Sevilya”nı qəbul edəcək.