Sumqayıtda dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunub

08:33 26 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 26 noyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açaraq yubilyarı 80 illik yubileyi münasibətilə kimyaçılar adından təbrik edib.
Qeyd olunub ki, şair, publisist və dramaturq kimi 50 illik zəngin yaradıcılıq yolu keçən Əvəz Mahmud Lələdağın yaradıcılığının əsas qayəsini Vətənə, el-obaya tükənməz məhəbbət təşkil edir.
Əməkdar İncəsənət Xadimi Əşrəf Veysəlli yubilyarın oxucunun qəlbini duyaraq, gözəl söz demək qabiliyyətinə sahib bir şair olduğunu və məhz bu keyfiyyətləri ilə digər yaradıcı insanlardan fərqlənməyi bacardığını vurğulayıb.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Ə.M.Lələdağın “El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Sinəsi dolu nənəm”, “Ağ dovşanın nağılı”, “Ömürdən qalan izlər”, “Dünya, hara gedirsən?”, “Səni gözləyirəm”, “Bizi deyib gəlmə, Mirzə”, “Yaddan çıxmaz günlərim”, “Analı dünyam”, “Ümumbəşəri bəla - erməni xəstəliyi”, “Dağlar, gözləyin məni”, “Bu dünyaya könül verdim” və digər kitabları oxucuların dərin rəğbətini qazanıb.
Çıxışlarda bildirilib ki, Əvəz müəllim Sumqayıt şəhərinin ictimai, siyasi və mədəni həyatındakı fəaliyyəti həmişə diqqət mərkəzində olub, ona şəhər sakinlərinin dərin rəğbət və sevgisini qazandırıb.
Əvəz Mahmud Lələdağ ona göstərilən diqqətə görə «Azərikimya» İstehsalat Birliyinin kollektivinə dərin minnətdarlığını bildirib.
Sonda yubilyara “Azərikimya” İB tərəfindən qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_dramaturq_Avez_Mahmud_Leledagin_80_illik_yubileyi_qeyd_olunub-905534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR