Bakı, 26 noyabr, AZƏRTAC
“Sumqayıtda erməni soyqırımı olmayıb, ona görə ki, əgər bu hadisəni Azərbaycan tərəfi təşkil etmiş olsaydı, orada ermənilərin heç biri salamat qalmazdı”.
1988-ci ildə SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq kimi Sumqayıtda baş vermiş hadisələrlə əlaqədar işin təhqiqatı ilə məşğul olmuş Vladimir Kaliniçenko bu sözləri Səadət Qədirovanın bu gün AZƏRTAC-da təqdimatı keçirilmiş “Sumqayıt hadisələri barədə ilk mənbədən” adlı kitabında söyləyib.
Səadət Qədirova Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloqdur. O, M.V.Lomonosov adına MDU-nun və Denverdəki Amerika Universitetinin məzunudur.
AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə təqdimat mərasimini açaraq bildirib ki, bu kitabın yazılması ideyası AZƏRTAC-a, xüsusən agentliyin baş direktoru Aslan Aslanova məxsusdur. O, kitabın həm nəşri, həm də təqdimatı üçün vəsait tapmağa nail olub. Kitabın əsas məziyyəti ondan ibarətdir ki, burada təhqiqatı aparmış müstəntiqin dilindən səslənən obyektiv məlumata görə o vaxt Sumqayıt hadisələrinin təşkilatçılarını axtarmamaq və xüsusən onları aşkar etməmək barədə göstəriş verilmişdi. Sumqayıt hadisələri Azərbaycana və azərbaycanlılara qarşı hərtərəfli hazırlanmış, Azərbaycan xalqına dünya birliyinin nəzərində qara yaxmağa, “vəhşi” və “qaniçən” azərbaycanlı obrazını dünyaya göstərməyə, azərbaycanlıların və ermənilərin eyni arealda yaşamasının mümkün olmaması təsəvvürünü yaratmağa yönəlmiş məkrli aksiya idi
Kitabın redaktoru, AZƏRTAC-ın baş redaktoru Tamilla Nuriyeva Sumqayıt hadisələrini təhqiq etmiş müstəntiqlə müsahibə əsasında kitab hazırlamaq ideyasının necə yaranması barədə söhbət açıb. O deyib ki, azərbaycanlı müəlliflər tərəfindən bu mövzuda bir sıra qiymətli kitablar yazılıb, lakin AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, bu işin açılmasında iştirak etmiş şəxsin fikirləri əsasında material hazırlamaqla azərbaycanlıların “vəhşilikləri” barədə mifə son qoyulsun. T.Nuriyeva deyib: “Bizə Sumqayıt hadisələri barədə həqiqət lazım idi. Bu kitab mötəbər mənbədir. Bu, həmin illərdə hakimiyyət təmsilçisi rus insanın şahidliyidir”.
Kitabın müəllifi Səadət Qədirova bu əsərin necə yaranması barədə məlumat verərək deyib: “Sumqayıt hadisələri ilə əlaqədar Azərbaycana qarşı ədalətsizliyə görə çox əzab çəkirəm, Azərbaycanda doğulmasam da, burada yaşamasam da bu hücumların ağırlığını burada doğulmuş insanlardan heç də az hiss etmirəm. Bütün haqsız hücumlardan qorunmaq üçün ucaldılan binada bu da bir kərpic olacaq”.
Təqdimat mərasimində çıxış edən tanınmış yazıçı publisist, Milli Məclisin deputatı Elmira Axundova müəllifin peşəkarlığını yüksək qiymətləndirib. E.Axundovanın fikrincə, bu kitabın əsas dəyəri ondadır ki, Vladimir Kaliniçenko iki mühüm faktı təsdiq edib. Birincisi, bu hadisələri əsla “erməni soyqırımı” hesab etmək olmaz, ikincisi, həmin hadisələr ovaxtki SSRİ-nin xüsusi xidmətləri təərfindən təşkil edilmişdir. “Vladimir Kaliniçenko əməli-saleh müstəntiqlərdən biridir. O, nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir, o, ədalət tərəfdarıdır”, - deyən deputat bu kitabın Moskvada da təqdim olunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Asim Mollazadə də Səadət Qədirovanın jurnalist əməyinə yüksək qiymət verib və təklif edib ki, müasir informasiya texniologiyalarından istifadə etməklə bu kitab internet şəbəksində yerləşdirilsin və xarici dillərə tərcümə edilsin, qoy beynəlxalq ictimaiyyət Sumqayıt hadisələrinin kimin tərəfindən və nə məqsədlə təşkil edilməsi barədə həqiqəti bilsin.
“Avrasiya İttifaqı” Vəkillər Kollegiyası sədrinin müavini Tükəzban Sultanova təqdimat mərasimində çıxış edib. Onun fikrincə bu kitabın dəyərli cəhəti istintaq prosesinin bilavasitə iştirakçısının dedikləri əsasında yazılmasıdır. Vəkil deyib: “Ermənilər Sumqayıt hadisələri barədə yalan məlumatlar yaymaqla bu hadisələri soyqırımı, ermənilərin kütləvi şəkildə qırılması kimi qələmə verirlər. Müstəntiq isə deyir ki, onda olan məlumata görə talanlar zamanı həlak olmuş 26 nəfərdən 21-i erməni millətindən, beşi isə Azərbaycan millətindən olan şəxslərdir. Deməli, Sumqayıt hadisələri kütləvi iğtisasdır, belə hadisələr isə bütün dünyada – o cümlədən də Avopada, Rusiyada baş verir”. Vəkil hesab edir ki, bu kitab əsasında müəyyən ictimai rəy formalaşdırmaqla Sumqayıt hadisələrinə ədalətli qiymət verilməsinə nail olmaq mümkündür.
Kitabın təqdimatından əvvəl AZƏRTAC-ın baş direktoru Aslan Aslanov kitabın müəllifi Səadət Qədirova ilə görüşüb.
Aslan Aslanov görüşdə qeyd edib ki, AZƏRTAC və TASS agentlikləri arasında əlaqələr yüksək səviyyədədir, hər iki agentlik həm ikitərəfli formatda, həm də beynəlxalq informasiya strukturları çərçivəsində fəal əməkdaşlıq edir. O qeyd edib ki, Sumqayıt hadisələri barədə kitab nəşr edilməsi bu hadisələrə dair həqiqi faktların aşkar edilməsinə böyük töhfədir. A.Aslanov deyib: “Kitabda bu hadisələrin istintaqının bilavasitə iştirakçısının dilindən çıxan faktların şərh edilməsi həqiqətin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
Səadət Qədirova qeyd edib ki, bu kitabın nəşr edilməsi ilə bağlı AZƏRTAC-ın bütün kollektivi və şəxsən Aslan Aslanov çox böyük iş görüb. O, göstərilən köməyə görə təşəkkürünü bildirib.
Görüşdə qeyd edilib ki, kitabın oxucu auditoriyasını genişləndirmək üçün onu başqa dillərdə də nəşr etmək, internet-nəşr kimi və sosial media vasitəsilə yaymaq lazımdır. Görüşdə həmçinin Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı müştərək layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olması qeyd edilib.
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq