Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədrinin müavini İlqar Muradov MDB üzv dövlətlərinin qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən 19-cu iclasında iştirak edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda QKDK ilə yanaşı, MDB İcraiyyə Komitəsi və MDB üzv dövlətlərində qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən nümayəndələri təmsil olunurlar.
Tədbir 2014-cü il və 2015-ci ilin 1-ci yarımilliyində MDB-yə üzv dövlətlərin iqtisadi vəziyyəti və qiymətli kağızlar bazarlarının dinamikası üzrə məruzələrin, həmçinin qiymətli kağızlar bazarları sahəsində qanunvericiliklərin müqayisəli təhlili, eləcə də Şuranın işi ilə əlaqəli texniki-təşkilati məsələlərin müzakirəsinə həsr edilib.
MDB üzv dövlətlərinin qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi növbəti dövr üçün quruma sədrliyi Tacikistan Respublikasının Maliyyə Nazirliyinə təhvil verəcək.