Kuala Lumpur, 2 dekabr, AZƏRTAC
Malayziyanın şimal-qərbində son günlər yağan fasiləsiz yağışlar nəticəsində güclü daşqınlar təhlükəsi elan olunub. Bu barədə dekabrın 2-də “Straits Times” qəzeti məlumat yayıb.
Müvafiq xəbərdarlıq krallığın 13 ştatından 6-da, o cümlədən noyabrın 30-da suyun bir neçə metro xəttini basdığı paytaxtda elan olunub. Kelantan ştatında yerli çaylarda suyun səviyyəsi 10 metrə çataraq böhran həddini aşıb.
Bundan əlavə, daxil olan məlumatlara əsasən, artıq bir neçə yaşayış məntəqəsində, xüsusən kənd yerlərində əhalinin təxliyəsinə başlanılıb. Yüzlərlə insan artıq təhlükəsiz rayonlara köçürülüb.
Malayziyada ötən ilin sonlarında bir çox rayonlarda son 50 ilin ən güclü daşqınları qeydə alınmışdı. Fəlakət nəticəsində minlərlə insan öz evlərini tərk etmiş, 10 nəfərdən çoxu həlak olmuşdu. Ölkəyə dəyən iqtisadi zərər 800 milyon dollar təşkil etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur