Milli Konservatoriyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib

Milli Konservatoriyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib
20:03 7 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Milli Konservatoriyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən söz açıb.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov və Elmira Axundova çıxış edərək bildiriblər ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Vurğulanıb ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim diqqət və qayğı ilə yanaşırdı.
Bildirilib ki, Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
Tədbirdə Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev – ömür yolu” simfonik poemasının film versiyası nümayiş etdirilib.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Konservatoriyada_ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_edilmis_anim_merasimi_kechirilib-909084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR