İsrailin səfiri: "Biz iki hal istisna olmaqla Suriyanın məsələlərinə müdaxilə etmirik"

12:02 14 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stavın "Report"a müsahibəsi:
- Bir qədər özünüz haqda danışın. Azərbaycana gələndən sizdə hansı təəssüratlar yaranıb?
- Karyerama 31 il öncə kadet kimi başlamışam. Hollandiya, Hindistan, Nepal, Nigeriya, Norveçdə diplomat kimi çalışmışam, indi də Azərbaycandayam.
Azərbaycan haqqında fikirlərimə gəlincə, ilk növbədə vurğulayım ki, internet və sosial media dövründə bu və ya başqa ölkə haqqında ora gedənə qədər məlumat toplamaq çox asandır. Azərbaycan haqqında az da olsa məlumatım var idi. Üstəlik, sələflərimlə uzun müzakirələrimiz olmuşdu, yəni məndə ikitərəfli münasibətlər haqqında müəyyən fikir var idi. Bəzən deyirlər ki, Bakı Paris və Dohanın qarışığıdır. Məncə, həqiqətən belədir. Mənim üçün Bakının sehri onun unikal xarakterində, Qərblə Şərqin eyni anda özünü göstərməsindədir. Bu, süni bir şey deyil. Qız qalasının yanından keçərkən, Əli və Ninonun sevgi hekayəsini oxuyarkən uzun illər əvvəl buralarda yaşamış insanların həyat tərzinin şəklini gözlərin önündə canlandıra bilirsən. Bulvarda gəzərkən və Aralıq dənizi havasından fərqlənən dəniz havasını qəbul edərkən neftin bu ölkə üçün nə qədər əhəmiyyətli olduğunu anlayırsan.
- İqtisadi əlaqələri necə qiymətləndirirsiniz? Neçə İsrail şirkəti Azərbaycanda fəaliyyət göstərir?
- Burada daimi nümayəndəliyi olan 6 şirkət var. Bəzi şirkətlər buna qədər də fəaliyyət göstərib, bəziləri bu bazara yeni daxil olub. Mən bura gəlməmişdən öncə müavinim müxtəlif sahələrdə Azərbaycan bazarına daxil olmaq istəyən şirkətlərin nümayəndələri ilə görüşüb. İlk əvvəl belə şirkətlərin sayı 6 idi, indi isə 40-a yaxındır.
- İsrail "Leviafan" yatağında böyük qaz ehtiyatı kəşf etdiyini açıqlayıb. İsrail yatağın işlənməsi prosesində Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırırmı?
- Energetika sektoru əməkdaşlıq edə biləcəyimiz sahədir. "Leviafan"da qaz ehtiyatının kəşfi İsrail üçün böyük nemətdir. Əlbəttə, bizim böyük təcrübəmiz yoxdur. Bütün işlər özəl şirkətlərə həvalə edilib, hökumət bu məsələ ilə məşğul olmur. SOCAR və digər Azərbaycan şirkətlərinin bu sahədə böyük təcrübəsi var və biz bundan istifadə edə bilərik. Həmçinin TANAP layihəsinin bitməsindən sonra əməkdaşlıq da mümkündür.
- Sizin sələfləriniz, eləcə də ölkəmizə səfərə gələn İsrail vətəndaşları burada özlərini təhlükəsiz hiss etdiklərini deyib. Amma hər il İsrail Azərbaycanla bağlı turistik xəbərdarlıq edir. Bu fərq nədən yaranır?
- İsraildə bu məsələ ilə məşğul olan iki struktur var: baş nazirin əsas antiterror ofisi və İsrail Xarici İşlər Nazirliyinin səyahətçilərə məsləhətlər verməyə məsul strukturu. Siz birinci strukturun nəşr etdiyi bəyanatı deyirsiz. Onlar keçmiş illərin təcrübəsi əsasında təhlükə səviyyəsini qiymətləndirir. Azərbaycanın da adının siyahıya düşməsi heç də azərbaycanlıların bizə qarşı aqressiv olması ilə bağlı deyil. Bu, qloballaşmanın mənfi törəmələrinin təsirindən yaranır. Burada söhbət İsrail hədəflərini vurmaq üçün hər şey etməyə hazır olan üçüncü ölkələrin və İŞİD, "Əl-Qaidə" kimi təşkilatların mövcudluğundan gedir. Azərbaycan haqlı olaraq tolerant ölkə imici qazanıb. Bu o demək deyil ki, mən burada özümü təhlükədə hiss edirəm. Sadəcə, Azərbaycanla münasibətlərin inkişafına sevinməyən qüvvələr var və onlar müəyyən maneələr yaratmağa cəhd edir.
- Azərbaycan multikulturalizm ənənələri ilə tanınır, əsrlər boyu burada yəhudilər yaşayıb...
- Məsələ yalnız tolerantlıqda deyil. Bəzi ölkələrdə insanlar tolerant olduqlarını deyirlər, amma başqalarına nifrət edirlər. Burada isə söhbət müxtəlif mədəniyyətlərin və dinlərin qəbul edilib tanınmasından gedir. Bu, sadəcə bir diplomatın "şirin sözləri" deyil. Dünyanın bəzi yerlərində yəhudilər öz hüquqlarından istifadə edir, amma cəmiyyətdə müəyyən mənada təcridə məruz qalır. Azərbaycanda isə hansı dinə istəyirsən sitayiş eləmək olur, bu sənin öz işindir. Bir dəfə mağazada idim, dilimi başa düşən bir qadın mənə yaxınlaşdı və divardan asdığı David ulduzunu (İsrailin rəmzi sayılan 6 bucaqlı ulduz - Report) göstərdi. Düşünmürəm ki, Avropada bunu sərbəst şəkildə etmək mümkün olardı.
- Turizm əlaqələrinin inkişafı üçün nə etmək lazımdır?
- Çox şey mümkündür, o cümlədən viza rejiminin sadələşdirilməsi. Amma vizanın problem olduğunu düşünmürəm. İsrailə səfər etmək üçün viza almaq istəyənlər asanlıqla viza ala bilər. Bilirsiniz ki, İsraildə səfirliyiniz yoxdur, viza hava limanına gəldikdən sonra verilir. Mən bura gələndə internetdə ölkə üzrə bələdçi struktur axtardım. Amma yalnız birini, o da Gürcüstan və Ermənistanla birgə olanı tapdım. Bu, təəssüf doğurur, çunki turizm bazarı genişdir. İsrailə hər il 20 milyondan çox turist gəlir. Fikrimcə, Azərbaycanın dünyaya göstərəsi dəyərləri çoxdur. Sadəcə, bunu reklam eləmək lazımdır.  Mən Azərbaycanın şimalında olanda alban, gürcü kilsəsləri və gözəl məscidlər, eləcə də məsələn, Lahıc və Nicdə yaşayan insanları gördüm. Hələ Bakıdan danışmıram. Bizdə hərbi xidməti başa vuranlar səfərə çıxmağa üstünlük verir və Azərbaycan bu baxımdan onları cəlb edə bilər. 
- Suriya münaqişəsi ilə bağlı İsrailin mövqeyi necədir?
- Hesab edirəm ki, radikal İslam və İslamı təmsil etdiklərini iddia edənlərin hərəkətləri müsəlman dünyasına problemlər yaradır. Suriya və İraq rejimləri də bu fenomenin yayılmasına görə, məsuliyyət daşıyırlar. Biz İŞİD-in ideologiyası və zorakılığını qəbul etmirik. Onlar dünyəvi rejimləri devirib xilafət qurmaq, sonra isə kafirləri, xristianları və yəhudiləri məhv etmək istəyir. Amma İŞİD-in pis fenomen olduğunu demək Əsədin, onunla əməkdaşlıq edən üçüncü tərəflərin sərt rejiminə dəstək kimi çıxmamalıdır. Bu baxımdan, baş nazir deyib ki, İsrail üçün İŞİD Əsəd rejimi və "Hizbullah" kimi mənfi fenomendir. Amma biz iki hal istisna olmaqla Suriyanın məsələlərinə müdaxilə etmirik. Birincisi, hümanitar məsələdir, qapımızı onu döyən heç kimin üzünə bağlamırıq. İkincisi, Suriyada iştirak edən tərəflərdən biri İsrail nəzarəti altında olan ərazilərə hücum edərsə, bizim onu qorumaq hüququmuz var və biz bunu edirik. Digər tərəfdən, kimsə Suriya üzərindən tərəflərdən birini İsrail üçün təhlükəli silahla təchiz etsə, bunun qarşısını almaq üçün hər şey edəcəyik.
- Bir çox ölkələr Fələstinin müstəqil dövlət əldə etmək hüququnu tanıyıb. Bundan əlavə, bir çox beynəlxalq təşkilatlar Fələstini üzvlüyə qəbul edib. Sizcə, Fələstin dövlətinin yaradılması yəhudilər və müsəlmanlar arasındakı qarşıdurmaya son qoyacaq?
- Sələfləri kimi, baş nazirimiz də "iki xalq üçün iki dövlət" ideyasını dəstəkləyib. Bu, sadəcə, bir şüar deyil, mühüm aspektləri olan bir kompasdır. Birincisi, həll prosesi siyasi məsələsir. Bir dövlət var, digəri yaradılmalıdır. İkincisi, hər bir ölkə öz müqəddəratını təyin etmək hüququna malikdir. İsrail fələstinlilərin fələstin xalqını təmsil edəcək bir dövlət yaratmaq hüququnu qəbul edir. Təəssüf ki, fələstinlilər və Fələstin rəhbərliyi hərtərəfli sülh sazişinin imzalanması imkanı olduğu halda məsələ ilə bağlı inadkarlıq nümayiş etdirir. Onlar müxtəlif bəhanələr gətirərək İsraili yəhudi dövləti kimi tanımamaqda israr edir. B.Netanyahu bildirib ki, bunu tanıyın, yoxsa sərhədlərin müəyyən edilməsi, məsələn, su kimi ümumi ehtiyatların bölüşdürülməsi, fələstinli qaçqınların məsələsi, məskunlaşma məsələsi, Yerusəlimin (Qüdsün) statusu kimi vacib aspektlərlə bağlı danışıqlara başlamayacağıq. Bu məsələlər danışıqları çətinləşdirir. Amma biz inanırıq ki, problemin həllində yeganə yol birbaşa danışıqlardan keçir. İnanırıq ki, beynəlxalq ictimaiyyət problemin həllində vacib rolu üzərinə götürməlidir. Başqa yol görmürəm.
- Vaxtaşırı İsrail Knessetində Holokostla uyğunluğuna görə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı müraciətlər eşidirik. Bu məsələ Azərbaycanla əlaqələrə necə təsir göstərə bilər?
- Bəli, həqiqətən İsrail parlamentində ara-sıra belə müzakirələr aparılır. Bildiyiniz kimi, parlamentarilər vacib hesab etdikləri məsələləri qaldırmaq hüququna malikdir. Müəyyən mənada belə miqyaslı faciələrin müzakirəyə çıxarılmasına marağı başa düşürəm. Çünki biz Holokost yaşamışıq və belə məsələlərdə başqalarının çağırışına həssas yanaşırıq. Ancaq hökumətin mövqeyi belədir ki, bu məsələ siyasiləşdirilməməli, tarixçilər tərəfindən müzakirə edilməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-srailin-sefiri-biz-iki-hal-istisna-olmaqla-suriyanin-meselelerine-mudaxile-etmirik-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR