Bakıda “Luç” mükafatı təqdim edilib

20:48 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Salihə Əliyeva, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Mədəniyyət Xadimləri Assosiasiyasının təsis etdiyi “Nar” mükafatı təqdim olunub. AZƏRTAC xəbər verir ki, mükafat assosiasiyanın həyatında fəal iştiraka, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin xaricdə təbliğinə görə verilir.
Tədbirdə assosiasiyanın sədri, filologiya elmləri doktoru, türkoloq, professor Tofiq Məlikli yarım ildə görülən işlərə yekun vurub, qurumun həyata keçirdiyi işlər haqqında yığcam məlumat verib.
Qeyd edilib ki, “Luç” Mədəniyyət Xadimləri Assosiasiyası Azərbaycan Yazıçılar Birliyinin tərkibinə daxil olan qeyri-hökumət təşkilatıdır. Assosiasiya fəaliyyətə başladığı vaxtdan bir çox işlər görüb, öz saytını yaradıb, təcrübə toplayıb. Təşkilat dilçilik, ədəbiyyatşünaslıq sahəsində çalışan insanları, tərcüməçiləri, rus dilində yazan jurnalistləri, şairləri və publisistləri birləşdirir. Hazırda “Qəlbimin baharı” məcmuəsi nəşrə hazırlanır.
Assosiasiyanın təsis etdiyi digər mükafat isə 2016-cı ilin may ayında təqdim olunacaq “İlin ən parlaq əsərinə görə” Molla Pənah Vaqif mükafatıdır.
2015-ci ilin “Nar” mükafatına assosiasiyanın katibi, publisist Marina Mürsəlova layiq görülüb. T.Məlikli ona diplom, xatirə hədiyyəsi və pul mükafatı təqdim edib.
Qeyd edilib ki, təşkilatın əvəzsiz katibi M.Mürsəlova uzun illərdir böyük təşkilati işlər aparır. Çoxsaylı konfranslar, ustad dərsləri, Azərbaycan, Rusiya və Qərb ədiblərinin əlamətdar tarixlərinə həsr edilən tədbirlər, “Luç” antologiyasının, “Ədəbiyyat bu gün” bülleteninin nəşri, sənədli filmin çəkilişi, beynəlxalq ədəbi müsabiqələrin keçirilməsi, assosiasiyanın saytının yaradılması və digər məsələlər M.Mürsəlovanın bilavasitə iştirakı ilə həyata keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, Xalq Yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundova və başqaları Azərbaycanda rus dilinin işlədilməsindən və “Luç” Mədəniyyət Xadimləri Assosiasiyasının fəaliyyətindən danışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Luch_mukafati_teqdim_edilib-912231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR