Nurlan Əzizbəyli sənət yoldaşlarını ittiham etdi: “...Səslərini kompüter vasitəsilə yazdırırlar”

Nurlan Əzizbəyli sənət yoldaşlarını ittiham etdi:  “...Səslərini kompüter vasitəsilə yazdırırlar”
17:14 18 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

“1985-ci ildən böyük səhnədəyəm. 8 yaşımda Dövlət Televiziyasının solisti idim. O zamandan etibarən səsləndirdiyim mahnıların əksəriyyəti Qızıl Fondda saxlanılır. Bu hər bir yaradıcı insan üçün böyük fəxrdir. Bu il səhnə fəaliyyətimin 30 illiyidir. İşlər çox olduğu üçün çatdırmadım, amma növbəti ildə yaradıcılıq gecəmi keçirdəcəyəm. Eyni zamanda, Azərbaycan Dövlət Filarmoniyasının solistiyəm”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Nurlan Əzizbəyli deyib.

 

N.Əzizbəyli incəsənətə gəlişinin təsadüfi olmadığını bildirib: “Sənət dünyası ilə bağlılığım olub. Bildiyiniz kimi, Ramiz Əzizbəylinin qardaşı oğluyam. Atamın da gözəl səsi, güclü hafizəsi olub. Unudulan mahnıları tarixçəsini belə danışırdı. Qanla gələn istedadla insanın öz istedadı birləşəndə yüksək nəticələr əldə etmək mümkün olur”.

 

Qonağın fikrincə, möhürü vurulmuş mahnıları ifa edərkən diqqətli olmaq lazımdır:

“Artıq ifa olunmuş mahnılara yenidən müraciət etmək bir qədər çətindir. Çünki nə qədər də özünəməxsus ifa etsən yenə də ilk ifa kimi olmayacaq. Sadəcə, hər müğənninin ruhuna uyğun mahnılar var ki, onların da repertuarda olması istəyi olur”.

 

Qarşıdakı planlarından bəhs edən müğənni yeni ildən veriliş aparacağını bildirib. Sənətçi eyni zamanda musiqisi və sözləri Elvin Mirzəzadəyə aid olan “Yalvarıram” adlı lirik mahnıya klip çəkdirəcəyini də açıqlayıb. Müğənni qeyd edib ki, müasir dövrdə müğənnilərin əksəriyyəti mahnı yazdırmaq üçün çox zaman sərf edir: “Gündəmdə olan müğənnilərin əksəriyyəti səslərini kompüter vasitəsilə yazdırırlar. Mən studiyaya girəndə 1, yaxud 2 ifa ilə kifayətlənirəm. Amma elə müğənnilər var ki, bir mahnının yazılması üçün studiyanı 2-3 günlüyə kirayələyirlər”.

 

Verilişin digər qonağı, bəstəkar Tural Məmmədli də incəsənətlə uşaq yaşlarından məşğul olduğunu bildirib: “Uşaq yaşlarından korifey sənətkarlarla bir masada oturmuşam. Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini, Nazim Mirişlinin sinfini bitirmişəm. Diplom işi olaraq, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Zirvəyə doğru” simfonik poemasını yazdım. 2011-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev bir neçə əsər arasından məhz mənim bu əsərimi seçib və dirijorluq edib. Bu yaradıcılığımın ilk uğuru idi”.

 

Bəstəkar bildirib ki, mahnılar yazsa da, simfonik musiqi sayəsində tanınmaq istəyir:

“Mahnılar da yazıram. Həmin mahnılar tanınmış müğənnilərin ifasında səslənib. Amma bu ampluada tanınmaq istəmirəm. Mənə elə gəlir ki, simfonik musiqi yazmaq daha ciddi işdir və elmdir. Musiqini bəstələdikdən sonra onun orkestrləşdirilməsi elmi işdir. Ümumiyyətlə, yüksək hədəflərim var”. Tural Məmmədli, son səfəri barədə də məlumat verib: “Bu yaxınlarda Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən konsertdə “Qarışıq səslərin ahəngi” adlı əsərim səsləndi. İzləyicilər yalnız alman və avstriyalılardan ibarət idi. Onları klassik musiqi ilə təəccübləndirmək çətin məsələdir. Mənim əsərim yekunda səsləndi. İlk dəfə idi ki, xarici ölkədə əsərim səslənirdi. Çoxlu təkliflər aldım”.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR