“Dəqiq bilirik ki, əfv olacaq”

“Dəqiq bilirik ki, əfv olacaq”
08:32 21 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il öncəsi Azərbaycanda əfv sərəncamının veriləcəyi ilə bağlı cəmiyyət arasında gəzən söz-söhbətlər bayram yaxınlaşdıqca, daha aktual olur. Doğrudur, Avropadan son günlərdə gələn təzyiqlər bu məsələdəki fikirlərdə müəyyən tərəddüdlərin yaranmasına səbəb olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində geniş əfv sərəncamı veriləcəyinə inananlar çoxluq təşkil edir. Xüsusilə, Milli Məclisin son iclasında əfvlə bağlı müzakirələrin aparılması, əfv veriləcəyi barədə çıxışlar ümidləri daha da artırıb.  

Böyük Quruluş Partiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa əfv siyahısının artıq hazırlandığını bildirdi: "Hər ilin sonunda belə bir fərman verilir. Aldığım qeyri-rəsmi məlumata görə, belə bir əfv siyahısı hazırlanıb. Yəqin ki, Həmrəylik Günü ərəfəsində elan olunacaq. Ya bu həftənin sonu, ya da gələn həftənin əvvəllərinə təsadüf edə bilər. Burada çoxlu sayda məhbusun həbsdən azad olunması nəzərdə tutulub. Avropadan gələn təzyiqlərin əfvə təsir edəcəyini istisna etmirəm. Bir sıra məhbusların azad olunması çox vacibdir. Xüsusilə, Tofiq Yaqublunun həbsdə saxlanılmasına heç bir əsas yoxdur. Qarabağ döyüşlərində iştirak edən birisinin həbsdə saxlanılmasının nə adı var? Bu şəxs vətən üçün döyüşüb. Nə olsun ki, Avropadan bu şəxsin kimsə azad olunmasını tələb etmir. Belə məsələlərdə özümüzə aid olanlara diqqət yetirməyimiz vacibdir. Qarabağ uğrunda döyüşmüş şəxslərə ayrı bir yanaşma olmalıdır. Avropanın tələb etdiyi məhbusların azad edilməsi hesab edirəm ki, xarici münasibətlər istiqamətində müsbət irəliləyişlər ola bilər. Hakimiyyətin son anda fikrini dəyişəcəyi də mümkündür. Hakimiyyət də yaxşı bilir ki, hansı addımı nəticəsiz ola bilər. Hər halda iqtidar bunu dəyərləndirir. Hansısa beynəlxalq təşkilatın diktəsi ilə hərəkət etmədiyini çox vaxt göstərib. Ölkənin ali maraqları tələb edirsə, müəyyən addımların atılması vacibdir. Sanksiyalarla bağlı məsələdə bir qədər mürəkkəblik var. Düşünürəm ki, hakimiyyət bəzi barışdırıcı addımlara getməlidir. Çünki ölkəyə qarşı hansısa sərt qərarların verilməsinə bəhanə olmamalıdır".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu sanksiya qərarından əvvəl əfv siyahılarının hazırlandığını söylədi: "Avropa Şurası biləndə ki, əfv siyahıları hazırlanır, bu məsələni gündəmə gətirdi. Göstərmək istəyir ki, sanksiyalarımız hesabına qərar verildi. Biz çoxdan demişik ki, əfv sərəncamı hazırlanır. Bu iki-üç ay öncəyə təsadüf edir. Sanksiyaların bu məsələyə dəxli yoxdur. Avropa sadəcə özünü göstərmək istəyir. Biz çox istəyirik ki, siyasi məhbuslarımızın hamısı azad olunsun. Qarşıdakı günlərdə bununla bağlı görüşümüz olacaq. Dəqiq bilirik ki, əfv fərmanı olacaq. Avropanın bəyanatları hamımız bilirik ki, mənfi nəticə verir. Ən çox bundan çəkinirik.

Açığı, inanmıram ki, sanksiya tətbiq etsinlər. Həmişə deyirik ki, dövlət içərisində bu məsələləri həll edək. Leyla və Arif Yunusu hökumət öz iradəsi ilə azad etdi. Nə qədər çox təzyiq olursa, hakimiyyətin mövqeyi bir o qədər sərt olur. Buna görə də təzyiqlər gərəksizdir. Əfv öncəsi Avropanın addımları ürəyə yatan deyil. Amma əfv sərəncamı 100% olacaq. Gələn həftənin əvvəli bu daha realdır. Bu əfv fərmanı əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Daha çox siyasi məhbus azad ediləcək. İnanıram ki, istədiyimizə nail olacağıq ".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR