Müdafiə naziri Gəncədəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib

Müdafiə naziri Gəncədəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
19:13 31 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevrilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən “Açıq qapı” günü də xalqla ordunun birliyinin təzahürü oldu.
Gəncə şəhərindəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri, Milli Məclisin deputatları, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əlamətdar gün münasibətilə hərbi hissəyə gələn müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Sonra əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşən müdafiə naziri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Z.Həsənov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan torpaqlarımızı azad edək.
Əsgər valideynləri ilə səmimi söhbət edən nazir onları maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər barədə istədikləri vaxt müraciət edə bilərlər.
Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. “Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyn kimi də məni sevindirir. Qürur hissi keçirirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, - deyə N.Tağıyev deyib.
Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik.
95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzulayıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideynlərini bayram günləri münasibətilə təbrik edərək onlara qələbələr arzulayıb.
Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib. Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Sonra valideynlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər. Azərbaycan Respublikasının Xalq Artisti Azərinin oxuduğu mahnılar rəğbətlə qarşılanıb.
















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_naziri_Gencedeki_herbi_hissede_kechirilen_Achiq_qapi_gununde_istirak_edib-915741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR