Neft iyi verən savaş başlandı: əsl səbəblər nədir?

Neft iyi verən savaş başlandı: əsl səbəblər nədir?
16:47 4 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran indi diplomatik "savaş" mərhələsindədir.
Səbəb isə 47 şiənin edamıdır. Boyunları vurulanlar arasında Səudiyyə Ərəbistanı vətəndaşı, nüfuzlu və məşhur din xadimi ayətulla şeyx Nimr ən Nimr də var.
Nümayişkaranə edam Yaxın Şərqdə gerçəkdən də geosiyasi, tektonik dəyişikliklərə səbəb ola bilər.
Əslində Yaxın Şərq on illərdir ki, "hamının hamıya qarşı" savaşına, böyük dövlətlərin maraqlarını tam təmin etmək üçün "kiçik" saydıqları ölkələri əzdiyi məkana çevrilib. Lakin İraqın işğalı və indiki faktiki olaraq parçalanması, Suriyadakı qanlı vətəndaş müharibəsi və İŞİD-in "oyun"a qatılmasından sonra vəziyyət misli görünməmiş dərəcədə gərginləşib.

Amma hələ son deyil. Bölgənin ən güclü və böyük təsir imkanlarına malik, indiyədək ən müxtəlif ölkələrə, qruplaşmalara, partiyalara və təşkilatlara pərdə arxasından, əl altından təsir göstərən, onları idarə edən Səudiyyə Ərəbistanı ilə İran olaylara birbaşa müdaxilə ediblər.

Olduqca zəngin xam neft və təbii qaz ehtiyatlarına, böyük ordulara və ciddi geosiyasi ambisiyalara malik bu ölkələri Nimr əl Nimrin edamı toqquşduraraq Yaxın Şərqdəki "siyasi qazan"ın qaynamasını pik nöqtəyə çatdıra bilər.

Əslində ən Nimrin edamı ilk baxışdan absurd, məntiqə uymayan qərar təsiri bağışlayır. Səudiyyə Ərəbistanındakı kral ailəsini və "ərəb baharı" dönəmində yerli şiələrin etiraz aksiyalarının amansızlıqla yatırılmasına qarşı çıxdığına görə 2012-ci ildə həbs olunmuş şeyxi indiyədək həbsxanada saxlayırdılar.
Amma məhz indi - nə tez, nə də gec - edam etdilər.
Əcəba, Səudiyyə Ərəbistanı məşhur, tanınmış din xadiminin edamının kəskin etirazlar, sərt reaksiya doğura biləcəyini təxminləməmişdimi?
Çətin, çünki hər şey asanlıqla təxminlənəndi və ehtimalların dürüst olması üçün Vanqanın sələfi təki görünməyə ehtiyac yoxdu.
Ayətulla, şeyx ən Nimrin boynu vurulandan sonra Səudiyyə Ərəbistanında yerli şiələrin kütləvi etiraz aksiyaları başlayıb. Vəziyyət o qədər qəlizləşib ki, mərhum şeyxin doğma şəhəri Əl Katifə yüzlərlə zirehli texnika, polislər və hərbçilər göndərilib. Nümayişə çıxanlara qarşı artıq gözyaşardıcı qaz tətbiq olunub.
İran da olaylara çox sərt reaksiya verdi.

İranın ali dini lideri ayətulla Əli Xamneyi "Səudiyyə Ərəbistanının ilahi qisasla üzləşəcəyini" söylədi, Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu və Tehrandakı səfirliyi qarşısında nümayişlər oldu. Daha sonra əvvəlcə konsulluq, sonra səfirlik binalarına od vuruldu.
Mitinqlər İraq, Yəmən, Livan, İordaniya, Malayziya, İndoneziya və Hindistanda da keçirilib.
Səudiyyə Ərəbistanı geri çəkilmək niyyətində deyil.

"İranla diplomatik əlaqələri kəsdik. Artıq yetər. İran burnunu hər yerə soxur. İran terrorçuları maliyyələşdirir, ballistik raketləri sınaqdan keçirir və Qərb heç nə etmir. İranla diplomatik əlaqələrimizin kəsilməsi ABŞ-ı sinirləndirərsə, bu, vecimizə də deyil".

Baş verənlər ilk baxışdan Səudiyyə Ərəbistanına sərf etmir.

Lakin yalnız ilk baxışdan belədir.

Xatırladım ki, Səudiyyə Ərəbistanının ixracatının 95 faizini, büdcə gəlirlərinin 75 faizini neft satışından əldə oluunan pullar təşkil edir.

Dünya bazarlarında isə ötən ilin əvvəlindən bəri xam neftin qiymətləri fasiləsiz ucuzlaşmaqdadır.
Təbii ki, səudilər bütün bunlardan əziyyət çəkirlər. Üstəlik, Səudiyyə Ərəbistanı əvvəllər olduğu kimi OPEC-i tam nəzarətdə saxlaya bilmir. ABŞ da şist neftilə bazarı silkələyir və qiymətləri aşağı salır. Birləşmiş Ştatların şist neftinin hasilatı ilə məşğul olan şirkətlərin inkişafına mane olmağa çalışan Səudiyyə Ərəbistanı dünya bazarlarında xam neftin ucuzlaşmasının fasiləsiz hal almasına rəğmən, sutkalıq hasilatı azaltmadı: əksinə, hasilat kvotaları daha da artdı və nəticədə neft daha da qiymətdən düşdü.
Bu, Ər-Riyadın bilərəkdən tətbiq etdiyi, ABŞ-ı hədəfə alan dempinq siyasəti idi.

Səudilər məqsədlərinə qismən çatdılar: ABŞ-ın şist neft çıxaran şirkətləri rəqabətə davam gətirmədilər. Çünki adi neftlə müqayisədə şist neftinin hasilatının maya dəyəri çox oldu və belə nefti çıxarmaq amerikalılara xeyir yox, zərər verməyə başladı.

Birləşmiş Ştatların reallaşdırmağa çalışdığı "şist inqilabı" alınmadı və amerikalılar dünya neft bazarlarında Səudiyyə Ərəbistanının mövqelərini sarsıda bilmədilər.

Fəqət, baş verənlər Səudiyyə Ərəbistanının gəlirlərini də əhəmiyyətli dərəcədə azaldıb.
Səudiyyə Ərəbistanında gələn ilin dövlət büdcəsi açıqlanıb. Büdcə kəsiri təqribən 98 milyard dollardır. Rəsmi Ər-Riyad dünya bazarlarında neftin qiymətinin daha da ucuzlaşmasını gözləyir.
Gələn il Səudiyyə Ərəbistanının toplam büdcə gəlirləri 137 milyard olacaq. Bu da 2014-cü illə müqayisədə 25 milyard azdır.

Büdcə kəsirinin nəzərdə tutulan məbləğdən artıq olması hərbçilərə, dövlət qulluqçularına və təqaüdçülərə ödənilən maaşlar, təqaüdlər və ödənişlərlə bağlı xərclərin artması, habelə sosial xərclərdən qaynaqlanır.

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi təxminən 49 milyard dolları bəribaşdan xüsusi fonda yatıracaq. Bu fond dünya bazarlarında neftin daha da ucuzlaşacağı təqdirdə ölkə üçün mühüm layihələri maliyyələşdirmək üçündür.
Büdcə neftin 1 barelinin qiymətinin 29 dollar hesabı ilə hazırlanıb.

Səudiyyə Ərəbistanı bu il neft hasilatını kəskin şəkildə artıraraq sutkada 9,683 milyon bareldən 10,266 barelə çatdırıb.
Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanı Qərbə çox ciddi daxili və xarici çətinliklərlə qarşılaşdığını göstərmək üçün səbəbə ehtiyac duyurdu. Qərb bunu etiraf etmək istəməsə də, fakt faktlığında qalır: Səudiyyə Ərədistanı dünya neft bazarının ən önəmli "oyunçu"sudur. Səudilərin qarşılaşdıqları problemlər neft hasilatı və satışına təsir edərsə, qlobal miqyasda neft bahalaşması başlanacaq.
İranla qarşıdurma isə nefti bahalaşdıra biləcək ən ciddi amillərdən biridir.
Səudiyyə Ərəbistanı və İranın bir-birlərinin səfirlərini qovmaları təəccüblü olay deyil. Amma Səudiyyə Ərəbistanında nüfuzlu şiə din xadiminin edamı, Tehranda səudilərin səfirliyinin yandırılması və sonucda Ər-Riyadın Tehranla bütün diplomatik əlaqələri kəsməsi Yaxın Şərqdə çox ciddi problemlərin başlanacağından xəbər verir.

Bu diplomatik "savaş" çox sərt qarşıdurmaya çevrilə bilər.
İranla Səudiyyə Ərəbistanındakı münaqişə illərdir ki, Suriya, İraq, Yəmən, Bəhreyn və Livanda yaşanır. İndisə əsas məsələ bu münaqişənin hansı səviyyəyədək gərginləşə biləcəyidir.
Səudiyyə Ərəbistanı ilə İran nə təbii müttəfiqlər, nə də təbii rəqiblər deyil. Onlar illərdən bəri təbii düşmənçiliklə məşğul olan ölkələrdir.
Onların hər biri indiki durumda özünü zərərçəkən tərəf kimi göstərməyə çalışsa da, "soyuq savaş"ın müəllifliyi bu ölkələrin hər birinə məxsusdur.

Üstəlik, Səudiyyə Ərəbistanı və İrana qarşılıqlı hücumları səngitməyə imkan verməyən səbəblər də var.

Səudilər indi dünya bazarlarında ucuz neftin ölkə büdcəsi üçün yaratdığı ağır fəsadlardan qurtulmağa, üstəlik növbəti kralın kimliyini müəyyənləşdirməyə çalışırlar.
İran rəhbərliyi nüvə proqramı ilə bağıl Qərblə imzalanmış anlaşmadan sonra ölkədəki "islahatçılar"ın aktivləşməsinin və ABŞ-ın İrana təsir imkanlarının artmasının öhdəsindən gəlməyə çalışır.

Məhz buna görə Tehran və Ər-Riyaddakı hakimiyyət rejimləri anlayırlar ki, millətçi, radikal çıxışların artması onlara ölkə daxilindəki mövqelərini gücləndirməyə imkan verəcək.

Səudiyyə Ərəbistanı və İran arasındakı qarşıdurma Suriya, Yəmən münaqişələrinin çözülməsinə olan ümidləri də öləzidir.

Yaxın Şərqdə yeni savaş başlanıb. Savaş diplomatik olsa da, diplomatlarla siyasətçilər özlərini müharibədə hiss edirlər.

Elçin Alıoğlu
Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/395150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR