Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əli Məsimli deyib. O, prezidentin müşavirəsindən sonra 14 təklif hazırladığını və təklif etməyə hazır olduğunu deyib.
Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: “Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur. İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdırlar. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.
Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. "Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.
Parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov iqtisadi blokdan olan dövlət nümayəndələrinin məsələlərə bağlı ictimaiyyətə məlumat verməli olduğunu deyirb. Onun sözlərinə görə, heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. "Gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var".
Millət vəkili Elmira Axundova da deyib ki, Mərkəzi Bank valyuta məzənnəsini elan etsə də, banklarda dollar tapılmır. Onun sözlərinə görə, insanları ən çox məsələ mikrokreditlərlə bağlıdır. "Bir qərar qəbul edib, insanları xəbərdar etmək lazımdır. Camaat gərginlikdə yaşayır, gərək bu, nəzərə alınsın".
Deputat Qüdrət Həsənquliyev isə iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif edib: “İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin".