Kuala Lumpur, 19 yanvar, AZƏRTAC
Malayziya hökuməti terror təhlükəsinin artması ilə əlaqədar küçələrə ordu və polisdən ibarət patrul dəstələrinin çıxarılması barədə qərar qəbul edib. Bu barədə Baş nazir Nacib Razak yanvarın 19-da Təhlükəsizlik Şurasının ekstremizmin artması problemlərinə həsr olunmuş iclasında məlumat verib.
N.Razakın sözlərinə görə, patrul dəstələri tezliklə küçələrdə peyda olacaqlar. Baş nazir deyib: “Biz insanların özlərinə inanmasını və müdafiə olunduqlarını hiss etmələrini istəyirik”. Hökumət başçısı əlavə edib ki, vətəndaşlar öz adi həyatlarına davam edərək hakimiyyət orqanlarının vəziyyətə nəzarət etdiyini bilməlidirlər.
Krallığın nəqliyyat naziri Liou Çionq Lay yanvarın 18-də bildirib ki, ölkəyə gəlmə yerlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə əlavə müşahidə və nəzarət vasitələri cəlb edilib, o cümlədən əməkdaşların sayı artırılıb. Nazir əlavə edib ki, hökumət aeroportlara, dəmir yolu stansiyalarına və dəniz limanlarına xüsusi diqqət yetirir.
Bu gün keçirilən müşavirəyə yekun vuran Baş nazir qeyd edib ki, indiyədək İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 129 Malayziya vətəndaşı həbs olunub. Eyni zamanda, İŞİD tərəfində İraqda və Suriyada vuruşan 55 malayziyalının şəxsiyyəti dəqiqləşdirilib və onlardan 17-si artıq məhv edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur