Jurnalistlərin binasında bayram: xaşlamadan "benqal şamı"na qədər - REPORTAJ

Jurnalistlərin binasında bayram: xaşlamadan "benqal şamı"na qədər - REPORTAJ
03:44 1 Yanvar 2015
288 Sosial
Ölkə mətbuatı
A- A+

Sən demə, xeyli əvvəldən planlaşdırıblarmış. Yeni ili bir yerdə qarşılayacaqlarını qərarlaşdırıb, yaşadıqları binanın birinci mərtəbəsində məclis təşkil edəcəkmişlər. Eşidən kimi getdik. Lent.az üçün maraqlı reportaj olacaq, dedik.

 

Ötən ilin bu vaxtı jurnalistlərə təhvil verilən binadayıq. Saat 11-dən 15 keçə.  Ortalıqda heç kəs görünmür. Bir də başımızı qaldırırıq ki, bir-bir görünürlər.

 

Masanı doldurmaq heç də çətin olmur. Evində bişəndən, süfrəsində olandan düzürlər masaya.  Süfrənin şahı aşdan tutmuş, xaşlamaya qədər... Özü də Lənkəran aşı. Etibar Cəbrayııoğlu gətirmişdi. "Yeraz xaşlaması"nı isə süfrəyə "Ekspress" qəzetindən Valeh təqdim edir...  Qaynar qazanın qulpunda barmaqlarının yerini dəyişə-dəyişə salona daxil olub elə həşir qoparır ki, sanki xaşlamanı indicə ocağın üstündən götürüb... Bir də gözümüzü açırıq ki, süfrə naz-nemətlə doludur - "Paytaxt" salatı, toyuq qızartması...  Hə, masa "50-50" dəstinin ayrılmaz komponentləri - xiyar və kələm turşularından da korluq çəkmir...   

 

Məclisi AzərTac-dan tanıdığımız Dağbəyi İsmayılov maraqlı tostla açır və oturduqları salonun divarlarına ilk insan nəfəsinin dəydiyini deyir. Bundan sonra bir-birindən maraqlı tostlar ard-arda gəlir. Vətənin şərəfinə, millətin və məclisdəkilərin sağlığına ...Təntənəli tost isə jurnalistlərə bayramları öz evlərində qeyd etmək sevinci bəxş etmiş prezidentin şərəfinə olur.

 

Yeri gəlmişkən, məclisimizdə kimlər yoxuydu, kimlər? Azərbaycan mətbuatının tanınmış simalarını bir masa arxasında cəm görmək, onların sevincini bölüşmək olduqca xoş təsir bağışlayır.  Onlar həm də qonşular idi, bir yerdə, bir həyətdə ömür sürəcək qonşular...

 

Badələr bir-birini əvəz etdikcə saatlar 23:55-i göstərir. Jurnalistlər bayaqdan bəri həyətdə "vzrıvpaket" partladan uşaqlara qoşulurlar. Əsl şənlik bundan sonra başlayır.

 

Saatlar 00:00-ı vurandan sonra kimin uşaq, kimin böyük olduğunu təyin etmək çətin olur. Bulvardan "boy götürən" atəşfəşanlıq  bizim partapartın səsini batırır. Şampan partladılır, hər kəs bir-birini təbrik edir, müxtəlif arzular səslənir...

 

Əsl həmrəylik uşaqlardan gəlir. Baş -başa verib böyüklərin yandıra bilmədiyi Benqal şamlarını yandırırlar. Sevinclərinə söz ola bilməz!

 

Beləcə, jurnalistlər bu bayramı da bir damın altında, həmrəylik içində keçirdilər...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR