Akademik Vasim Məmmədəliyevin və ilahiyyatçı Elşad Mirinin Quranın tərcüməsi və İslam dini ilə bağlı digər mövzularda müsahibələri ciddi müzakirələrə səbəb olub.
Bu mövzuda araşdırmalar edən, AMEA Elmi Şurasının qərarı ilə çap olunmuş (elmi rəyçi ak. Teymur Kərimli) "Quranın endirilməsi" elmi kitabının müəllifi Namiq Hadi polemikası aparılan mövzular üzrə Qurandan sitatlar gətirərək Elşad Miriyə cavab verib.
Milli.Az bildirir ki, N.Hadinin aznews.az-a göndərdiyi həmin yazını təqdim edirik:
"Akademik Vasim Məmmədəliyevin Quran tərcüməsində "aşıbka" tutan Elşad Mirinin müsahibəsini izləyərkən arxeoloji qazıntı həvəskarı olduğunun, statistika və səyahəti xoşladığının, hələ desən Peyğəmbərin də "variantları"nın və "planları"nın ətrafında baş sındırdığının şahidi oluruq. Əgər bu surətpərəst özünü ağıl sahibi hesab edibdirsə, onda aşağıdakı Quran ayəsini oxumasını tövsiyə edərdim; "Allah istədiyinə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" (Əl-Bəqərə, 269)

***
Quranın yenidən tərcüməyə ehtiyacı olduğunu, bu işin də yalnız onun görə biləcəyini zənn edərək, özünə cəmiyyətdən yalançı şahidlər toplamaqla məşğul olan Elşad Miriyə xatırlatmaq istərdik ki, yalnız akademik səviyyədə elmi olan şəxslər tərəfindən tərcüməyə həmişə ehtiyac vardır. Mötərizədə izahlar vermək mütləq lazımdır ki, hamı üçün başa düşülən olsun. Çünki, Quran bədii kitab deyildir, elm kitabı, düşüncə, mənalar kitabıdır. Bu Kitabdan fikirləri tərcümə etməyi bacarmaq lazımdır. Qurandakı sözlər yalnız Kitabın libasıdır. Bir müddət əvvəl Elşad Mirinin istəyi ilə ona internet vasitəsilə Qurandan sadə suallar ünvanlamışdıq, hələ də cavab verməyib. Öz dilində fikrini izah edə bilməyən kəs Quranın dilində necə danışa bilər?
***
O, Darvinizm əlamətlərini Darvinlə bağlayanda başa düşməyib ki, maddi dünya həyatı təkamül üzərində qurulubdur. Darvin bu prosesi yaratmayıb, kəşf edib. Özü misal gətirdiyi "Sizi yaratdıq, sonra sizə surət verdik"... (Əl-Əraf, 11) ayəsini düzgün anlamayıb. Adəm övladları olaraq əlbəttə ki, biz də "Ol!" əmri ilə bir anda deyil, surətlər alaraq əzalarımızla birgə təkamül yolu ilə yavaş-yavaş böyümüşük.
***
Elşad Miri, Quranın 7-ci əsrdən qalma arxaik bir kitab kimi təqdim olunduğu qənaətindədir. Halbuki, Quranın zahirini mübarək hədisləri ilə insanlara başa salan Peyğəmbərimiz onları saf əxlaqlı olmağa, atalarının keçdiyi yol ilə getmək və buna görə öz kökünə qayıtmaq üçün geri dönməyə səsləmişdir. "And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!" (Əl-Qəmər 22, 40)
***
Quranın həyat tərzi ilə yaşamağın mümkünlüyü haqqında verilən sualdan yayınaraq islam ölkələri ilə avropalıları müqayisə edən ilahiyyatçıya tövsiyə edərdik ki, aşağıdakı ayələri bir daha oxusun: "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir... Dünya həyatı aldanışdan başqa bir şey deyildir". (Əl-Hədid 20). "O kəslər ki, Qeybə (gözlə görünməyənlərə) inanır, namaz qılır və onlara verdiklərimizdən sərf edirlər..." (Əl-Bəqərə 3) Quranın həyat tərzi budur!
***
İlahiyyat "ustası" Elşad Miri, Azərin "biznesinə" qarşı çıxan İbrahim peyğəmbərdən söhbət açır. Vay sənin halına! Bütlərin əşya deyil, Yaradanın əlamətləri olduğunu dərk etməmisən. Bütlərin sındırılmasının da mənasını anlamadığınız üçün xatırladaq ki, İbrahim Hübəl adlı (Hübəl-məhəbbəti yaradan deməkdir) bütdən başqa bütün bütləri sındırmış, sonra isə baltanı Hübəlin çiyninə qoyaraq bütləri onun sındırdığını bildirmişdir. Bu rəmzin mənası o deməkdir ki, Allahın məhəbbəti bütün bütləri sındırar və yaradan da məhz Allahın məhəbbətidir.
***
Elşad Miri müsahibəsində Adəm ilə Həvvanın övladlarından danışanda misal gətirdiyi "Nisa" surəsinin 1-ci ayəsini sona qədər oxumadı. Çünki, ayənin axırında deyilənlər onun söylədiklərini tam inkar edir. İzah edə bilmədi ki, nə üçün misal gətirdiyi ayədə nəfsdən yaradılmışların Allahdan çəkinməsi lazım imiş? Adəmi kişi cinsində, Həvvanı isə qadın cinsində görməsi də xətadır. Quranda cinslərdən yox, cütlərdən danışılır. Adəmə ilkin ağıl verildiyi üçün o, ağıl yiyəsi, Həvvaya həvəs verildiyi üçün o, istək, nəfs yiyəsidir.
Həvvanın bətni bir qadının bətni demək deyildir. Bətn sözünün mənası ərəbcə "görünməyən" deməkdir. Cənnətin özü də bir bətndir. Yerdə doğulanlar yerin bətnindən doğulanlar, göydə doğulanlar isə göyün bətnindən doğulanlardır. Ayədə söhbət Yuxarı aləmdə doğulanlarla, Aşağı aləmdə doğulanların - bədənlərlə ruhların birləşdirilməsindən gedir. Bu cür yaradılışa cazibə, yaxud, eşq deyilir. Bu ayədən əsl yaradılışın səbəbinin İlahi eşq olduğu məlum olur. Lakin bu ayənin tərcüməsindən bacı ilə qardaşın evlənməsi nəticəsini çıxaran bu kəsə heç bir söz deyə bilmərik. Əlbəttə ki, hər bir kəs fikrini söz ilə ifadə etməkdə müstəqildir, ağlına gələni də danışa bilər, ağzına gələni də. Quranda insanın heyvanla müqayisə edilmədiyini iddia edən bu təkəbbürlü şəxsə aşağıdakı ayəni misal çəkmək istərdik: "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha artıq zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır". (Əraf 179).
***

Daş-qalaq haqqında Quranda heç bir ayənin olmadığını deyən ilahiyyatçı aşağıdakı ayələri eşitdikcə xəcalət çəkəcəkdirmi?
"Bir zaman da" Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər demişdilər. Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz!" (Ənfal 32, 34) Ardınca: "Məgər sən eşitmədin o xəbəri ki, sənin Allahın fil sahiblərinə nə etdi? Allah-Təala onları daşlar ilə yeyilmiş saman kimi etdi" (Əl-Fil 1, 5).
Ardınca: "Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər: Belə olacağı təqdirdə siz nicat tapa bilməzsiniz!" (Kəhf, 20).
***
O, İslam dinində olan ölüm hökmünü islam ölkələrindəki ölüm hökmlərilə qarışıq salır. Elşad Miri ölüm hökmünü pisləyir, görünür Quranın Cümə surəsinin 6-cı ayəsinin hökmü hələ gəlib ona çatmayıb. "... özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin!"
E.Miri öldürənin cəzasından danışır. Görəsən özündə Həyanı öldürənin Qiyamət günü Vicdanının məhkəməsindən qurtula bilməcəyindən xəbəri yoxdur? Əlbəttə ki, "Hər kəs öz əməlinin girovudur" (Müddəssir, 38).
***
Ələq surəsinin 1-ci ayəsində " Oxu" əmrini inkişaf et, savadlı ol mənasında anlayıbdır. Sanki, "fikri oxu, Haqqın əlamətləri olan nəqşləri oxu" deyimi heç ağlına gəlməyibdir. Ərəblərdə "savad" anlayışı qaranlığa məxsusluq mənasına gəlir və bu söz yaxşı qəbul olunmur. Bu ayə insana böyük bir ibrətdir. Ələq-laxtalanmış qan deməkdir və insanın nədən yarandığını özünə xatırladır.
Sonra çox gülünc bir araşdırmasından danışaraq deyir ki, dəvəyə bax, zoologoyanı öyrən, səmaya bax, astronomiyanı öyrən və s. Dünya gör-götür dünyasıdır deyib ata-babalarımız. Yəni ki, dəvəni görüb ondan səbri, dözümlülüyü götürmək, arını görüb ondan zəhmətsevərliyi götürmək, quşları görüb ondan uçmağı götürmək tövsiyə olunur.
Onun düşündüyü kimi, baxmaqla öyrənmək olmaz. Bu yerdə Molla Nəsrəddinin bir lətifəsini söyləməsəm ruhu məndən inciyər...
Belə ki, Molla öz oğlunu dərzi yanında şagird qoyur ki, sənət öyrənsin. Bir müddətdən sonra oğlunu çağırıb soruşur ki, vəziyyət necədir? Oğlu cavab verir ki, dədə, usta tikir, mən də baxıb öyrənirəm. Molla qayıdır ki, bala, baxmaqla öyrənmək mümkün olsaydı, sallaqxana qabağındakı itlər çoxdan qəssab olmuşdu.
***
O, "Allaha şərik qoşanların yeri Cəhənnəmdir" deyir, özü isə Kainata baxaraq öyrənməyi tövsiyə edir. Məgər Kainatı Allaha şərik qoşduğunu görmürmü?
İlahiyyatçı, həqiqi Quranın üzərində işlədiyini söyləyir. Bununla da, cahil olduğu görünür. Xatırladırıq ki, Büruc surəsinin 21 və 22-ci ayələrinə bir də baxsın: "Xeyr, o, şamlı-şərəfli Qurandır! O, lövhi-məhfusdadır (Allahın dərgahında qorunandır)". Allah dərgahında qorunan kitaba sənin əlin necə yetişə bilər ki, onun üzərində işləyəsən?
E.Miri Quranın müasirləşdirilməsinin vacib olduğunu düşünür. Kaş ki, Əl-Bəyyinə surəsinin 5-ci ayəsini görəydi: "Halbuki, onlara əmr edilmişdi ki, Allaha-dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur".
Məgər əbədi yaradılan bir dinin müasirləşdiriməsinə ehtiyacmı olar?

***
O, "Göydə niyə Kəbə olsun?" deyə sual edir. Kəbənin göydə də olduğunu qəbul edə bilmir. Yerdə Allahın evi hesab etdiyi Kəbənin isə dəfələrlə dağıdıldığını deməkdən çəkinmir. Məgər insan Allahın evini dağıda bilər? Əlbəttə ki, əsl Kəbə yuxarıdadır. Yerdəki Kəbə onun oxşarıdır, məcazi evdir. Bu barədə "Əl-İsra" surəsinin 1-ci ayəsində belə deyilir: "Gecə vaxtı öz bəndəsini Məscidül-Həramdan Məscidül-Əqsaya seyr etdirən Allah pakdır,müqəddəsdir". Məscidül-Həram Allaha yaxın ev, Məscidül-Əqsa isə Allahdan uzaq ev deməkdir. Məscidül-Həram göydəki Kəbə, Məscidül-Əqsa yerdəki Kəbədir.
***
Elşad Mirinin Cənnətin təsvirində "Nəbə" surəsinin 33-cü ayəsində çox böyük bir yanlışlığının, maddi bədənlərin də orada olacağı qənaətinə gəldiyinin şahidi oluruq. Sinənin təkcə qadınlara məxsus olduğunu düşünən ilahiyyatçıya anlatmaq istərdik ki, Cənnətdə olan hər bir şey ruhaniyyətdədir, gözlə görünməyəndir. Sinələrə gəlincə isə dağın da, torpağın da sinəsi var. Xəzinələr torpağın sinəsində gizlədilib. "İnsanların sinələri yazılı kitabdır" deyimini də yəqin ki, eşitməyibdir. Cənnətdə isə ən gözəl və indiyə qədər eşidilməyən sözlər sinələrdə gizlidir. E.Miri bu fikrə gəlsəydi, daha yaxşı olardı, Cənnətdəki ilahi meyin də bikr sözlər olduğunu anlayardı. Sinələrin açılması ilahi sirlərin görünməsinə işarədir. Cənnətə düşən insanların "qabarıq sinə"dəki gizli sirrlərdən agah olacağı anlamındadır. Musa peyğəmbərin bu məqama, yəni Turi-Sinəyə (Sinə dağına) yetişməsini yadna salmaq istərdik. "Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını (Sinəni) sizin başınızın üstünə qaldırmış və sizə verdiyinizdən möhkəm yapışın, eşidin (dedik). Onlar isə eşitdik və qarşı çıxdıq" - dedilər... (Əl-Bəqərə, 93)
***
Uydurulmuş ilahiyyatçı, Əbu Ləhəb haqda soruşulanda "Ondan bizə nə?" deyib. Xatırlatmaq istərdik ki, Əbu-Ləhəb də namaz qılırdı. Lakin namazdan niyyəti maddiyyatdan başqa bir şey deyildi. "Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər" (Əl-Maun. 4-5). Deyilənə görə bir gün həzrəti peyğəmbər Səfa dağına çıxıb əhaliyə səsləndi: "Mən Allahın peyğəmbəriyəm. Sizi Allahın dininə dəvət edirəm. Əgər ona iman gətirməsəniz, mən sizi Allahın əzabı ilə qorxuduram". Əbu-Ləhəb dedi: "Bizi elə bu söz üçünmü bura yığmısan?"
Namazda ağıl sahibləri Allahdan yalnız qalan dövlətlər olan - səbr, məərifət, həya, səxavət, ədalət, haqq və s. mənəvi olanları istərlər. Əbu-Ləhəb o ağıl sahibi idi ki, namazda əllərini göyə açaraq Allahdan deyil, nəfsindən istəyərdi. Nəfsinə iman gətirərək əldə etdikləri ona heç bir fayda vermədi. Əlləri Allahın ətəyinə yetişmədi. İnsan hər şeyi əlləri ilə qəbul edir, Allahın ruzisi yetişməyən əl qurumuşdur. Onun əllərinin quruması, əlbəttə, mənəvi anlamdadır. Əbu-Ləhəb nəfsinin qulu olanlara işarədir. Elşad Miri, indi Əbu-Ləhəbi tanıdınmı? "Nəfsini özünə Tanrı edəni gördünmü? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşək onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalət yolundadırlar". (Əl-Furqan,43-44)
Sonda sevgili peyğəmbərimizdən bir rəvayəti söyləmək istərdim. Peyğəmbərin son günü ondan soruşublar ki, Ya Peyğəmbər, səndən sonra biz nə edək? Cavab verib söyləmişdir ki, əgər utanmırsınızsa, nə istəsəniz edin.
Milli.Az