Nazirdən gözlənilməz qərar - Gimnaziya ləğv edildi

Nazirdən gözlənilməz qərar - Gimnaziya ləğv edildi
11:32 20 Fevral 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov gözlənilməz addım atıb
“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası ləğv edilib. Bu haqda məlumat verən valideynlər bildiriblər ki, nazirin əmri ilə Gimnaziyanın bazasında İstedadlar liseyinin yaradılması nəzərdə tutulur. Və bu liseyə qəbul 5-ci sinifdən başlayacaq.

Hazırda valideynlər Gimnaziyanın qarşısına yığışıblar.

***

Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda nazirliyin nümayəndələri sözügedən gimnaziyadadırlar. Müəllimlərə və valideynlərə geniş izahat veriləcək, əmin olsunlar ki, onların əleyhinə ola biləcək heç bir hadisə baş verməyib.

***

Gimnaziyanın tədris işləri üzrə müdiri Afaq Poladzadə Movqe.az-a açıqlamasında bildirib ki, valideynlər arasında bu məsələ bir qədər səhv anlaşılıb: "Bəli, deyilənlər doğrudur ki, bizim gimnaziyada ibtidai siniflər ləğv olunacaq. Amma bu hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara şamil edilmir. Bu proses tədricən olacaq. Gələn ildən 1-ci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq. Buna səbəb gimnaziyanın xüsusi istedadlı uşaqlar üçün məktəbə çevrilməsidir. İndiyədək humanitar fənlər üzrə idisə, gələn ildən qəbul 5-ci sinifdən xüsusi istedadlı uşaqlar üçün aparılacaq. Bu xəbəri ötən həftənin 5-ci günü bizə veriblər. Bu Təhsil Nazirliyinin qərarıdır".

A. Poladzadə dəyişikliyin müəllimlərə də təsirsiz ötüşməyəcəyini deyib: "İbtidai sinifdə 4 kurs olduğundan, 16 müəllim işləyir. Gimnaziya saat 17:00-a kimi olduğundan 16 da tərbiyəçi müəllim çalışır. Əsas sinif müəllimləri yerləşdirilsə də, tərbiyəçi müəllimlərin taleyi naməlumdur. Onlar özləri də işsiz qalacaqlarından çox narahatdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi onları da nəzərə alacaq. Çünki onların çoxu ailə başçısı, ailənin yeganə işləyən üzvüdür".

***

Hazırda gimnaziyada dərslər dayandırılıb. Müəllimlər dərs keçməkdən imtina edərək məktəbin həyətinə toplaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR