“Dünyada iki şeyin üzünə dik baxmaq olmur. Biri günəşin, digəri ölümün. Azərbaycan şəhidləri o qədər igiddirlər ki, ölümün üzünə dik baxdılar”. ANS PRESS-in məlumatına görə, bu sözləri Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib.
"Həmsədrlər düşünürdülər ki, Azərbaycanın zamanla Qarabağı unudacaq"
Onun sözlərinə görə, Azərbaycan ordusu bu döyüşlərdə necə qəhrəman olduğunu sübut etdi. "Lakin ermənilər başa düşmək istəmirlər ki, Azərbaycan torpağında nə işləri var. Ona görə də onlara tarixi başa salmaq lazımdır.
Mən bilirəm ki, Azərbaycan xalqı silahsız da Qarabağa yürüsəydi, onu almağa qadir idi. Çünki bu qədər ruh yüksəkliyi var idi".

Şəhidlərin anım mərasimində iştirak edən deputat Siyavuş Novruzov da ATƏT-in əməkdaşlarının uzun müddət apardığı danışıqların iflasa uğradığını deyib. Onun sözlərinə görə, həmsədrlər düşünürdülər ki, Azərbaycanda bu münaqişə zamanla unudulacaq və zamanla insanlar Qarabağa olan fikirlərindən əl çəkəcəklər: "Lakin nəticə göstərdi ki, Azərbaycan xalqı Qarabağı unutmayıb və onun uğrunda döyüşməyə qadirdir.
Prezidentin yenidən atəşkəs barədə razılığa qərar verməsi, ölkəmizin, torpaqlarımızın sülh yolu ilə qaytarılmasına tərəfdar olduğunu ortaya qoydu".

Saat 11:50
““Qarabağ Ermənistanındır” sözünü demək cinayətdir. Bir din alimi necə ola bilər ki, onlara məxsus olmayan torpağı özlərininki kimi göstərə bilsin”.
ANS PRESS-in məlumatına görə, bu fikirləri bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən şəhidləri anma mərasimində Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. Onun sözlərinə görə, baş verən bütün proseslərin günahkarı ermənilərdir:
"Aprel hadisələri bir daha göstərdi ki, ermənilər ölkəmizin nəinki Qarabağ, hətta başqa ərazilərinə də göz dikiblər. Bu gün biz səbrimizin son həddinə çatmışıq. Ancaq bütün bunlara baxmayaraq prezident məsələnin yenidən sülh yolu ilə həll edilməsi yolunu tutdu. Ancaq onu deyə bilərəm ki, düşmən bu proseslərdə bizim gücümüzü gördü”.
O, yaxın zamanda Azərbacanın bütün torpaqları geri qaytaracağına və şəhidlərimizin qanına bais olanların cəmiyyət və Allah qarşısında cavab verəcəklərini deyib.
"Bizim qələbəmiz yaxındadır. Mən erməni din adamlarına demək istəyirəm ki, onlar öz hakimiyyətinə məsləhət görsünlər ki, bu təhlükəli yoldan çəkinsinlər".
