Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransının ikinci günündə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bir sıra vacib görüşlər keçirib. Sərginin təfərrüatları haqqında ANS-in Malayziyaya ezam olunmuş xüsusi müxbiri Rahib Qərib məlumat verib.
Böyük çeşiddə silahların nümayiş edildiyi sərgidə Azərbaycanın da öz yeni atıcı silahları ilə döyüş vasitələrini nümayiş etdirdiyini qeyd edən müxbir Yavər Camalovun dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müzakirələr apardığını və müxtəlif razılaşmalar əldə etdiyini bildirdi.
Yavər Camalov bildirib ki, sərgidə iştirak etməkdə əsas məqsəd yeni silah texnologiyalarını ölkəmizə gətirməkdir.
“Bu, hazırkı dövrdə bizim üçün çox vacibdir. Bizim artıq hərbi sənaye sahəsində inkişafımızı gələcəkdə daha da yüksəklərə qaldırmağı təmin etmək üçündür”, - deyə müxbir nazirin sözlərini çatdırdı.
ANS-ə verdiyi müsahibədə nazir onu da əlavə edib ki, sərgi çərçivəsində müdafiə təyinatlı məhsullar istehsal etmək üçün dünyanın aparıcı şirkətləri ilə müzakirələr aparılıb və razılıq əldə edilib.
“Qarşıda qoyulan məsələlərdən biri ixrac imkanlarını artırmaqdır. Bu məqsədlə Nigeriyanın, Banqladeşin, Flippinin, Əfqanıstanın, Qətərin, Səudiyyə Ərəbistanı və digər ölkələrin müvafiq qurumları ilə ixracla bağlı müzakirələr apardıq və razılıq əldə etdik”, - deyə nazir bildirdi.