Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi

Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
12:37 22 Fevral 2015
199 Sosial
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsinə yağan qar Quba rayonun bəzi yaşayış məntəqələrinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırıb.

APA-nın verdiyi məlumata görə, Xınalıq, Buduq, Zeyid, Haput, Əlik və Cek kəndlərinə gedən yollar bağlanıb. Quba rayon 6 saylı Yol İstismar İdarəsindən APA-ya verilən məlumata görə, Xınalıq yolunda hazırda hərəkəti təmin etmək üçün texnika işləyir.
 
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, fevralın 22-si səhər saatlarına olan məlumata görə, ən çox yağıntı Qubanın Təngəaltı kəndinə düşüb.
 
Burada qarın hündürlüyü 40 sm-dir.
 
Qarın qalınlığı Quba şəhərində 19 sm, Susayda 38 sm, Rükdə 35 sm, Xınalıqda 22 sm-dir.
 
Ən aşağı temperatur Xınalıqda qeydə alınıb. Burada mənfi 13 dərəcə şaxtanın olduğu bildirilir.

Dağlıq Lerik rayonuna 3 gündən bəri yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

APA-nın verdiyi məlumata görə, Hamarat kəndi ərazisində, eləcə də Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb.
 
Bu isə rayondakı mobil telefon operatorlarının da işinin iflic olması ilə nəticələnib. Hazırda həm “Aztelekom”un, həm də mobil telefon abonentlərinin heç biri ilə əlaqə yaratmaq mümkün deyil.
 
Güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətini də iflic edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR