Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 4-cü Qurultayında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün tədbirlər görülməlidir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu iyunun 3-4 tarixlərində Bakıda keçirilən və 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının 4-cü Qurultayı və Qurultayda prezident İlham Əliyevin çıxışının əhəmiyyətini dəyərləndirərkən bildirib.

Prezidentin diasporla bağlı tənqidi fikirləri lazımınca dəyərləndirilməli, tədbirlər görülməlidir

Mərkəzin rəhbərinin sözlərinə görə, prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 4-cü Qurultayında etdiyi çıxışındakı əsas tezislər bunlardan ibarət idi:

Prezidentin diasporla bağlı tənqidi fikirləri lazımınca dəyərləndirilməli, tədbirlər görülməlidir

"Birincisi, azərbaycanlıların dünyadakı təşkilatları arasında koordinasiya işi aparılmalıdır, birlik və həmrəylik olmalıdır. Çünki bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparırlar və bu ümumi işə zərər vurur.

İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri diasporla ciddi təmasda olmalıdırlar. Prezidentin səfirlərə verdiyi göstərişə əsasən, diplomatlar diaspor təşkilatları ilə daim əlaqədə olmalıdırlar.

Üçüncüsü, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsil olunan Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Prezident hesab edir ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik xaricdəki azərbaycanlıların sayına uyğun deyil.

Dördüncüsü, azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Prezident həmin azərbaycanlıların Azərbaycana investisiya qoymalarını istəyir. Dövlət başçısının daha bir xahişi dünyada yaşayan hər bir azərbaycanlının ən azı ildə bir dəfə vətəninə gəlməsi ilə bağlı idi. Bütün bunlar Azərbaycan iqtisadiyyatına və turizmə təkan verə bilər.

Altıncısı, dünyada yaşayan azərbaycanlıların xarici media qurumları ilə işi yaxşı qurulmayıb. Prezidentin sözlərinə görə, Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz, bu məsələdə xaricdə yaşayan azərbaycanlılar fəal olmalıdırlar. O, xarici ölkələrdə azərbaycanlı jurnalistlər təbəqəsinin yetişməsində və onların müxtəlif media orqanlarında təmsil olunmasında maraqlıdır. Prezident sosial şəbəkələrdə də azərbaycanlıların fəal olmalarını, yaşadıqları ölkələrdə internet saytlarının yaradılmasını vacib sayır. Bununla həmin ölkələrdə ictimai rəyə təsir etmək olar".

Prezidentin diasporla bağlı tənqidi fikirləri lazımınca dəyərləndirilməli, tədbirlər görülməlidir

Lakin ekspertin fikrincə, təəssüf ki, prezidentin çıxışındakı tezislər ətrafında qurultayda geniş fikir mübadiləsi aparılmadı: "Halbuki, prezidentin tezisləri əsasən tənqidi məqamlar üzərində qurulmuşdu və qurultay iştirakçılarının təkliflərinə, çıxış yollarının göstərilməsinə ehtiyac duyulduğu bildirilmişdi. Məsələn, bir qrup qurultay iştirakçısı panellərdə Xarici İşlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri əməkdaşlarının azlığından və ya yoxluğundan şikayətlənirdilər. Halbuki, bu nazirliklərin də xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə dəstək üçün görə biləcəkləri işləri var.

Əlbəttə, Azərbaycanın lobbi fəaliyyətində uğurlar var. Misal üçün, Xocalı soyqırımını 10 dövlət və ABŞ-ın xeyli ştatı tanıyıb. Xarici ölkələrdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin və musiqisinin tanıdılması fəaliyyəti genişlənib, konfrans və seminarların sayı artıb. Ancaq bütün bu fəaliyyətlər daha çox Bakıdan idarə olunur və fraqmental xarakter daşıyır. Halbuki, xarici ölkələrdəki siyasi və iqtisadi vəziyyəti həmin ölkələrdə yaşayan azərbaycanlılar daha yaxşı bilirlər və onların yaşadıqları ölkələrdəki proseslərə nüfuz etmək imkanları geniş olmalıdır".

Prezidentin diasporla bağlı tənqidi fikirləri lazımınca dəyərləndirilməli, tədbirlər görülməlidir

E.Şahinoğlu qeyd edib ki, bu mənada xaricdə yaşayan azərbaycanlıların təşəbbüslərinin və ideyaların Diasporla İş üzrə Dövlət Komitəsində dəyərləndirilməsinə və bütün təkliflərin bir növ "ideya bankında" toplanmasına və araşdırılmasına ehtiyac var: "Digər tərəfdən, Dövlət Komitəsinin xarici ölkələrdəki diaspora təşkilatlarının fəaliyyətlərini qiymətləndirmək üçün müstəqil ekspertlərin də daxil olduğu monitorinq qruplarının yaradılması vacibdir. Monitorinq qrupları fəal və passiv diaspor təşkilatlarını müəyyənləşdirməli və bunun əsasında Dövlət Komitəsi maliyyələşdirməni həyata keçirməlidir. Yaşadığı ölkədə mətbuata, siyasətçilərə və partiyalara çıxışı olan azərbaycanlılara dəstəyin artırılması zəruridir.

Avropada və ABŞ-da yaşayan azərbaycanlıları narahat edən digər məsələ onların Azərbaycana gəlişlərində viza problemi ilə üzləşmələridir. Xaricdə yaşayan azərbaycanlılar üçün viza prosedurunun yumşaldılması zəruridir ki, onlar, prezidentin də dediyi kimi, vətənləri ilə daima əlaqədə ola bilsinlər.

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə təşəbbüskar, fəal və əlaqələri geniş olan azərbaycanlılara dəstəyini artırmasa, prezidentin çıxışındakı vəzifələri yerinə yetirə bilməyəcək. Çünki məhz xaricdəki fəal və təşəbbüskar azərbaycanlılar vasitəsilə prezidentin vurğuladığı kimi, həm qanunverici orqanlarda və media strukturlarında təmsil olunmaq, həm də diqqəti cəlb edən saytlar açmaq mümkündür".

Qeyd edək ki, dünya azərbaycanlılarının ilk qurultayı 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bundan bir il sonra isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə təsis olunana qədər azərbaycanlıların dünyada 200-ə yaxın diaspor təşkilatı var idisə, hazırda onların sayı 462-dir. Daha sonra bu qurumun adı dəyişdirilərək Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılıb.

İlkin İzzət

Milli.Az