Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən F.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Əbilhəsənovu öldürdüyünə görə özünü günahkar bilir: "Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".
F.Hüseynov məhkəmədə deyib ki, Vəsilə Əbilsəhənova ilə mübahisəsi yalnız torpaq üstündə olub: "Adamlara torpaq satıb pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi".
Bundan sonra zərərçəkmiş şəxs qismində V.Əbilhəsənovanın anası Meyxanım Hüseynova ifadə verib. O bildirib ki, Fədail onların evinə tez-tez gedib, gələn adam olduğu üçün açarları onda olub. Vəfadar Həsənovun atası Sultan Əbilhəsənov isə ifadəsində bildirib ki, həmin gün nəvələri gəlib onu oyadıb: "Çıxanda Vəsiləni gördüm, başını kəsmişdi. Mən bir ildir yaşamıram, hadisə hər gün gözümün önündədir".
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V.Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Milli.Az