Daşkənd, 26 fevral, AzərTAc
Özbəkistanın uchildiz.uz portalı Xocalı faciəsi haqqında rus dilində geniş məqalə yayıb.
Məqalədə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə 7 min əhalisi olan Xocalı şəhərini işğal edib, əhali qətlə yetirilib. Gecə şəhər sakinləri Ağdam istiqamətinə gedərkən pusquda duran ermənilər qoca, qadın, uşaq demədən onları amansızlıqla qətlə yetirib.
Məqalədə həmin gecə öldürülən, itkin düşən insanların sayı göstərilir. Burğulanır ki, 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Qeyd olunur ki, 500-ə yaxın insan yaralanıb, onların 76-sı uşaqdır, 1275 nəfər əsir götürülüb, 150 insanın taleyi haqqında heç bir məlumat yoxdur.
Yazıda “Xocalıya ədalət!” kampaniyası haqqında da məlumat verilir. Bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində soyqırımı ilə bağlı tədbirlər keçirilir.
Məqalədə qeyd edilir ki, Azərbaycanın dini liderləri Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinə, dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıblar.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd