Azərbaycan üçün böyük təhlükə

Azərbaycan üçün böyük təhlükə
10:01 5 Yanvar 2015
318 Sosial
Ölkə mətbuatı
A- A+

Bağçılıq təsərrüfatında məhsuldarlığın artması müasir aqrotexniki qulluğun tətbiqinin genişləndirilməsi ilə izah olunur. Son illər meyvəçilikdə ağır zəhmət tələb edən işlər mexanikləşdirilib, meyvə bağları elmi prinsiplər əsasında yenidən qurulub. Köhnə bağların iri və az məhsuldar meyvə ağacları intensiv tipli alçaq boylu sortlarla əvəz edilib. Üstəlik hər hektarda əkilən ağacların miqdarı artırılıb, xəstəlik və ziyanvericilərə qarşı mübarizə genişləndirilib.

ANS PRESS-in apardığı araşdırmaya görə, son illər yeni istehsal müəssisələrinin yaranması meyvə və bağçılıq məhsullarına olan tələbatı da artırıb. Rusiya bazarlarında da Azərbaycanda yetişdirilən meyvələrə böyük tələbat var. Hazırda Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları arasında həcminə görə birinci yeri məhz meyvə-tərəvəz məhsulları tutur.

Belə bağlarda əkilmiş sortlar əsasən ekstensiv tipli sortlar olmaqla onların məhsulu müasir bazarın tələblərinə cavab vermir. Ona görə də yeni bağların salınmasında əsasən intensiv tipli, xəstəliyə, saxlanmaya və daşınmaya davamlı sortlardan istifadə edilir. Bunun çox böyük əhəmiyyəti var. Belə ki, daxili bazarda yerli mallara üstünlük verilməsi ən azından geni modifikasiya olunmuş (GMO) meyvələrin ölkəmizə gətirilməsinin qarşısını alır.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, meyvə isə yeyinti və qənnadı sənayesi, sərinləşdirici içki istehsalında əsas xammal hesab olunur. Hazırda meyvənin emalı üçün Azərbaycanda şirə istehsalı ilə məşğul olan yeni bir çox müəssisələr və konserv zavodları fəaliyyət göstərir.

Ötən ilin yay mövsümünün həddindən çox quraqlıq keçməsi kənd təsərrüfatına xeyli ziyan vurdu. Vəziyyətin belə davam etməsi, yüzlərlə hektar meyvə bağlarını məhv etdi. Azərbaycanda ötənilki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək.

Belə ki, həmin meyvə bağlarında ağacların yenisi ilə əvəz edilməsi işləri aparılır. Ümumiyyətlə, meyvə bağları xüsusi mülkiyyətdə olduğu üçün sahibkarlar öz fəaliyyətlərində müstəqildirlər. Qırılmanın əsas səbəblərindən biri də bu meyvə bağlarının 40-50 il bundan qabaq salınması nəticəsində ağacların bioloji cəhətdən qocalmasıdır.

Nazirliyin bitkiçilik şöbəsindən verilən məlumata görə, son bir neçə ildə Azərbaycanda yeni meyvə bağlarının salınmasına maraq artıb. Hazırda ölkə ərazisində 134,4 hektara yaxın meyvə bağı var. Təkcə 2014-cü ilin yaz mövsümündə ölkə üzrə meyvə bağlarının sahəsi 4,7 faiz artıb. Xüsusilə sitrus və subtropik meyvə bağlarının salınması prosesi daha sürətlə gedir. Bağçılıq və meyvəçiliklə məşğul olanlar daha çox limon, üzüm və nar sahələrini genişləndirirlər. Belə ki, son hesablamalara əsasən, ölkə ərazisində limon bağlarının sahəsi 5.7 faiz artıb. Yeni nar bağları əsasən, Şirvan və Mil-Muğan bölgəsinin payına düşür. Təkcə bu il Salyan, Göyçay, Ağsu və ətraf rayonlarda 293,6 hektar sahədə nar kolları basdırılıb. Hazırda ölkədə nar bağlarının ümumi sahəsi 20833,7 hektar təşkil edir.

Üzümçülüyə gəlincə, kənd təsərrüfatı məhsullarının istehsalçılarının bu sahəyə marağının artması bir neçə il əvvəl başlayıb. Təkcə ötən il ölkə ərazisində 331.4 hektarda yeni üzüm bağları salınıb. Bununla da ölkə ərazisində üzüm bağlarının ümumi sahəsi 16114, 7 hektara çatıb. Ötən il hər hektardan 74,7 sentner üzüm məhsulu yığılıb, məhsuldarlıq isə 91.5 sentiner olmuşdur.

Kənd təsərrüfatı ilə məşğul olanlar qərzəkli və tumlu meyvələrə də xeyli maraq göstərilər. Alma bağlarında 3,2 faiz, fındıq bağlarında 6,7 faiz, şaftalı bağlarında isə 11,2 faiz artım qeydə alınıb. Ötən il Azərbaycanda 853,8 min ton meyvə istehsal edilib. 1 hektardan məhsuldarlıq orta hesabla 74,3 sentner olub (2013).

Ekspertlərin fikrincə, quraqlıq nəticəsində bu il qurumuş çoxillik bitkilər ən azı 5 ildən sonra normal məhsul verə biləcək. Quraqlıq bütün respublika ərazisində, xüsusi ilə Böyük Qafqazın cənub yamacının şərq hissələrində - Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində ciddi fəsadlar törətmişdir. Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissəsində fərdi təsərrüfatlar - yüzlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkib.

Onların sözlərinə görə, buna baxmayaraq, yeni meyvə bagları salınmaqda davam edir. Misal üçün, Qəbələ rayonunda meyvəçiliyin inkişafında mühüm işlər görülür. Bağçılıq Qəbələdə ənənəvi istehsal sahələrindən biridir. Bu sahəyə xüsusi maraq göstərən qəbələli fermerlər hazırda yeni meyvə bağlarının salınması üçün tədbirlər görürlər. Bu günədək 65 hektar sahədə qoz, fındıq, alma, şabalıd, gilas, armud bağı salınmışdır. Cari ildə daha 130 hektar sahədə qarışıq meyvə bağlarının salınması nəzərdə tutulub.

Hazırda rayonda 5239 hektar bar verən meyvə bağı mövcuddur. Bundan əlavə hazırda kəndlərdə meyvə tingliyi salınır, məhsuldar bağlara aqrotexniki qulluq edilir. Ağaclar budanır, torpağa üzvi və mineral gübrələr verilir.

Ötən il Zaqatalada 158 hektar sahədə yeni meyvə bağları salınıb. Zaqatala rayonunda meyvəçiliyin, xüsusilə fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Təsadüfi deyildir ki, rayonda bu sahəyə maraq ildən-ilə artır. Təkcə 2013-cü ildə Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınıb. Hazırda rayon ərazisində 11 min 437 hektar meyvə bağları var. Bu bağların 9 min 418 hektarını fındıq bağları təşkil edir. Mövcud bağların 10 min 67 hektarı barverəndir. Ötən il rayonda 27 min 743 ton meyvə istehsal olunub, o cümlədən fındıq bağlarından 9 min 895 ton məhsul götürülüb. Əvvəlki illə müqayisədə meyvə istehsalı 579 ton, o cümlədən fındıq istehsalı 435 ton artıb.

Qazax rayonunda 46 hektar yeni meyvə bağları salınıb. Qazax rayonunda yeni konserv zavodunun fəaliyyətə başlaması sahibkarların bağçılığa marağını xeyli artırıb. Belə ki, cari ildə rayonda 46 hektar sahədə yeni meyvə bağları salınıb. Bununla da rayonda meyvə bağlarının sahəsi 1247 hektara çatdırılıb.

Cənub bölgəsində də yeni bağların salınması davam edir. Ötən il feyxoa və naringi sahələri 3.2 faiz və 66.2 faiz artaraq müvafiq olaraq 12740 hektar naringi, 1172.8 hektar feyxoa və Limon bağları isə 5.7 faiz artaraq, 420.8 hektar olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR