Sentyabrın 17-18-i tarixlərində ayrı-ayrılıqda mitinq təyin edilməsi ilə əlaqədar Müsavat Partiyası ilə Milli Şura fəalları arasında ciddi narazılıq yaranıb. Məsələ ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə də fikirlərini açıqlayıb.

Mövzu ilə əlaqədar ASDP sədri Araz Əlizadənin Publika.az-a müsahibəsini təqdim edirik:

– Sentyabrın 17-18-i tarixlərində ayrı-ayrılıqda mitinq təyin edilməsi ilə əlaqədar Müsavat Partiyası ilə Milli Şura fəalları arasında ciddi qarşıdurma yaranıb. Sizcə, bu məsələdə kim daha haqlıdır?

– Əvvəla, nə Müsavat Partiyası, nə də Milli Şuranın liderləri məni maraqlandırmır. Mən vaxtilə onlar haqqında demişəm ki, bu təşkilatlar ölüdür, siyasi cəsəddir. Ölü haqqında isə ya yaxşı, ya pis deyilər.

Əslində, onlar mitinq üçün deyil, pul üçün döyüşürlər. Onlara xaricdən “tula payı” ötürülür, onlar isə bunun üçün bir-biri ilə mübarizə aparır.

– Bəs sentyabrın 17 və 18-nə təyin olunan mitinqdən gözləntiniz nədir?

– Mən mitinqdən heç nə gözləmirəm. Ölüdən nə gözləyərələr? Ümumiyyətlə, Milli Şuranın və Müsavat Partiyasının siyasi səhnədə qalmasının bir məqsədi var, kisənin ağzı bağlanmasın. Onları nə Azərbaycan dövləti, nə də xalqı qətiyyən maraqlandırmır. Milli Şuranı və Müsavatı yalnız və yalnız alacaqları pul maraqlandırır. İnanın ki, onlar lazım gələndə sabah durub bəyan edəcəklər ki, gəlin Azərbaycanı bombalayın. Liviya bombalanan zaman onlardan biri demişdi ki, Azərbaycanı da bombalasınlar, təki biz hakimiyyətə gələk. Ancaq mən də onlara yaxşı cavab vermişdim. Yəni, bu adamların əsl üzü budur. Onlar Azərbaycan dövlətinin, bizim və övladlarımızın gələcəyini pul və hakimiyyət üçün qurban verməyə hazır dayanıblar.

İndi bunlar istəyirsə, mitinqi ayın 17-si, 18-i və ya digər günlər keçirsin, bunun xalqa heç bir faydası yoxdur. Molla Nəsrəddinin sözü olmasın, bunların davası yorğan davasıdır.

Bir məsələni də qeyd edim ki, əgər 1992-ci il martın 5-6-da bunlar dövlət çevrilişi etməsəydi, o zaman martın 6-da Qarabağ rus ordusu tərəfindən azad olunacaqdı. Amma bunlar Ayaz Mütəllibova qarşı dövlət çevrilişi etdilər və bu məsələ həll olunmamış qaldı. Hətta, o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup üzvü Ağdamdan gələrək yalvarırdılar ki, gəlin dövlət çevrilişini kənara qoyun, əvvəl Qarabağı azad edək.

O vaxtı prezident Ayaz Mütəllibov da dedi ki, imkan verin, Qarabağı azad edək, bundan 3 ay sonra isə özüm istefa verəcəm və yeni seçkilər keçiriləcək. Doğrudan da həmin vaxt Rusiya prezidenti olan Boris Yeltsin Qarabağı ermənilərdən azad etmək istəyirdi. Ancaq onlar buna razı olmadı və dövlət çevrilişi həyata keçirdi. Ayaz Mütəllibova cavabları da belə oldu ki, “biz uşaq deyilik, Qarabağı kim həll etsə, hakimiyyətdə də o qalacaq”. Odur ki, bunları nə Qarabağ, nə də Azərbaycan xalqı qəti maraqlandırmır.

Həmin Arif Hacılı parlamentdə çıxışı zaman demişdi ki, biz 8 dövlətlə razılaşıb hakimiyyətə gəlmişik. Yəni, AXCP-Müsavatı hakimiyyətə özlərinin dediyi kimi heç də Azərbaycan xalqı gətirməmişdi, həmin 8 dövlət gətirmişdi. Siz də araşdırın, xəritəni qarşısınıza qoyub baxın, görün həmin 8 dövlət hansılardır.

Vasif Həsənli