Sentyabrın 11-də və 17-də azsaylı iştirakçı ilə mitinq keçirən Milli Şura bu ayın 24-də yeni mitinqdən imtina edib.

Publika.az xəbər verir ki, Milli Şura nümayəndəsi Eldəniz Quliyev yeni mitinq keçirməkdən imtina etmələrini həbslərin olması ilə əsaslandırıb.

Lakin reallığın başqa olduğu haqda məlumatlar var. Belə ki, sentyabrın 18-də Müsavat Partiyasının mitinqində Arif Hacılı birgə mitinq keçirməyi təklif edib və Milli Şuranın 24 sentyabr mitinqində müsavatçıların da iştirak edəcəklərini bildirib.

Məlumatlara görə, Milli Şuranın növbəti mitinq keçirməkdən imtina etməsinin kökündə bu dayanır. Müsavat üzvlərinin Milli Şuranı onlarla birgə mitinq keçirmək istəməməkdə ittiham etməsi də bunu sübut edir.

AXCP sədri Əli Kərimli isə deyib ki, onların sentyabrın 24-ə mitinq təyin etməklə bağlı siyasi qərarları olmayıb.

O, Müsavatı qərəzli olmaqda ittiham edib. Sosial şəbəkələrdə müsavatçıların onun haqqında tənqidinə münasibət bildirərkən, AXCP sədri “Eyni mənbədən gəlir. Ciddiyə alıb cavab da vermək istəmirəm” deyə bildirib.

Ən diqqətçəkən detallardan biri isə Milli Şura üzvü Eldəniz Quliyevlə Əli Kərimlinin fikirlərinin üst-üstə düşməməsidir.

Əli Kərimli E.Quliyevin növbəti mitinqi həbslərə görə təxirə saldıqları haqda dediklərini təkzib edir və bunu informasiya təxribatı adlandırır.

“Görürsünüz, Milli Şuraya qarşı necə qərəzli şəkildə informasiya diversiyası gedir? Əgər həbslərə görə biz mitinqdən geri çəkilsəydik, 86 nəfər həbs edildikdən sonra yağışın altında 17 sentyabr mitinqini keçirməzdik. O həbs olunanların əksəriyyəti həbsdən çıxıblar, axı. İndi hazırda həbsdə 18 nəfər qalmalıdır. Necə olur ki, biz 86 nəfər həbsdə olanda mitinq keçiririk, 18 nəfər olanda yox? Deməli, bizim özümüzə görə motivlərimiz, məqsədimiz var”.

AXCP sədrinin dediklərindən aydın olur ki, Milli Şuraya qarşı informasiya təxribatı elə qurumun öz üzvü Eldəniz Quliyev tərəfindən edilib.

Əldə etdiyimiz məlumata görə, Milli Şuranın etiraz aksiyaları təşkil etmək üçün xarici donorlardan aldığı maliyyə iki mitinq üçün nəzərdə tutulub. Yalnız əlavə vəsait olacağı təqdirdə üçüncü mitinq keçiriləcəkdi. Məhz buna görə Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə üç mitinq üçün müraciət edib. Birincisi, 11 sentyabr, ikincisi 17 sentyabr, üçüncüsü isə 24 sentyabr. Üçüncü mitinq maliyyə verilmədiyinə görə təxirə salınıb. Əli Kərimli isə bunu iştirakçıların sayının çox olduğu mitinq keçirmək istəməkləri ilə əsaslandırıb.

Milli Şuranın bu addımı Müsavatın sərt ittihamına səbəb olub.

Müsavat partiyasının başqanı Arif Hacılı bildirib ki, partiya sentyabrın 24-də, referenduma 2 gün qalmış ümumi mitinq keçirilməsi haqqında qərar qəbul edib: “Lakin bu qərar elan ediləndə, Milli Şuranın artıq həmin tarixdə mitinq keçirmək barədə qərarının olduğu, bununla bağlı Bakı İcra Hakimiyyətinə müraciət olunduğu bəyan edildi. Üstəlik, sübut kimi bu məktubun artıq icra hakimiyyəti tərəfindən qəbul olunduğunu təsdiqləyən sənəd çap edilərək yayıldı. Bunu nəzərə alaraq, biz həmin günə, həmin yerə mitinq təyin etmədik. Digər mitinqlərdə etdiyimiz kimi, bu mitinqdə də tərəfdarlarımızı bu aksiyada iştiraka çağırdıq”.

Onun sözlərinə görə, 24 sentyabrda referendum öncəsi birgə mitinq məqsədəuyğun olardı: “Lakin təəssüf ki, bu, imkan itirildi”.

Arif Hacılının qardaşı Vaqif Hacıbəyli isə sosial şəbəkələrdə Əli Kərimli ilə bağlı maraqlı detallara açıqlayıb.

“24 sentyabr mitinqinin təxirə salınması qərarı indi əsas müzakirə mövzusudur. Sizlərə bir prosesi xatırlatmaq istəyirəm. 2011-ci 17 aprel mitinqi ərəfəsi idi. O vaxt prosesləri idarə etməli olan İctimai Palata rəhbərliyi fərqli əhval-ruhiyyədə idi. Qərar qəbul edilmişdi ki, rəhbərlikdən heç kəs mitinqə çıxmayacaq. Mən bunu eşidəndə müzakirələrin getdiyi İsa Qəmbərin kabinetinə daxil oldum. İsa bəy həmin vaxt polisə xəbərdarlıq edilmək üçün çağırılmışdı, deyə otaqda yox idi. Mehriban Vəzir, Pənah Hüseyn, Rauf Arifoğlu və Əli Kərimlinin o müzakirədə olduqları dəqiq yadımdadır. Mən qısa bir çıxış edib, İctimai Palata rəhbərliyinin tam tərkibdə mitinqdə iştirakını, bu olmayacaqsa, mitinqin təxirə salınması barədə qərar çıxarılmasını təklif etdim. Əli Kərimlinin o vaxt dediyi sözlər dəqiq yadımdadır: “mitinqin təxirə salınması siyasi intihar olardı”. 17 aprel mitinqi də yadınızdadır, ondan sonrakı proseslər də, “yurdçu”ların “Müsavat bizi fakt qarşısında qoydu, yoxsa biz mitinqlərə başlamaq istəmirdik” təbliğatı da”.

Göründüyü kimi, vaxtilə mitinqi təxirə salmağın siyasi intihar olduğunu deyən Əli Kərimli şəxsi ambisiyalarına görə istədiyi addımı atır.


Asif