“Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin
fəaliyyətini qətiyyətlə dəstəkləyir və onların Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizama salınması üçün münaqişə
tərəfləri ilə qarşılıqlı addımlarını yüksək
qiymətləndirir”.
Publika.az ATƏT-in rəsmi saytına istinadən xəbər
verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniyel
Beyer qurumun Vyanada keçirilən Daimi Şurasının iclasında
bildirib.
Amerikalı diplomat qeyd edib ki, Vaşinqton bu ilin aprel ayında
təmas xəttində baş verən eskalasiyadan narahat olub: “ABŞ ATƏT-in
Minsl qrupunun həmsədr ölkəsi olaraq gərginliyi azaltmaq üçün
təcili addımlara təşəbbüs etdi. Dövlət katibi Con Kerri görüş
keçirməyi təklif etdi, mayın 16-da Vyanada ABŞ, Rusiya və Fransanın
iştirakı ilə görüş baş tutdu. Bu görüş bölgədə gərginliyin aradan
qalxmasına kömək etdi. Sankt-Peterburq görüşü də bu baxımdan xeyli
əhəmiyyətli oldu. Tərəflər atəşkəsə nəzarət mexanizminin
yaradılması təklifini qəbul edib. Biz ümid edirik ki, ATƏT-in
2017-ci il büdcəsində bu mexanizmin yaradılması üçün lazımi
vəsaitin ayrılması məsələsi də öz əksini tapacaq”.
D.Beyer qeyd edib ki, Birləşmiş Ştatlar azərbaycanlılarla ermənilər
arasında dialoqun genişlənməsini və etibarın möhkəmləndirilməsini
dəstəkləyir: “Bu, vəziyyəti sabitləşdirə və konstruktiv danışıqlar
atmosferi yaratmağa kömək edə bilər”.
Lakin amerikalı diplomat münaqişənin uzanmasından məyus olduqlarını
vurğulayıb.
“Biz məyusluğumuzu bildiririk ki, Dağlıq Qarabağ münaqişəsi uzun
müddətdir davam edir. Münaqişədə hərbi həll variantı mümkünsüzdür.
Birləşmiş Ştatlar sülh variantına sadiqdir”, - deyə o bildirib.
Asif