Onlar dahi insanlar idi, yüksək vəzifə, şan-şöhrət sahibi olmalarına baxmayaraq, olduqca sadə, səmimi idilər.

Milli Məclisin deputatı Elmira Axundova “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabında ümummilli lider Heydər Əliyev və onun xanımı Zərifə Əliyevanı belə xarakterizə edir.

Bəli, bu insanların fenomen xüsusiyyətlərə malik olması bugünkü Azərbaycanın timsalında aydın görünür. Təkcə ona görə yox ki, Heydər Əliyev hələ 1969-cu ildə “qırmızıların imperiyası”nın sərt qaydalarına rəğmən, Azərbaycan kimi müstəqil dövlətin təməllərini atdı, Zərifə Əliyeva bu işdə onun ən yaxın silahdaşı oldu. Bu iki şəxsiyyətin böyüklüyü həm də İlham Əliyev kimi bir övladı yetişdirməkdə də öz əksini tapır.

“Bir çox xüsusiyyətləri ona valideynlərindən irsən keçib. Ancaq tərbiyənin də rolu az deyil. Onlar övladlarını, ilk növbədə, şəxsi nümunələri ilə tərbiyə edirdilər. Valideynlərinin əsas öyüdünü – həmişə, hər şəraitdə insanlığını itirməmək təlimini gələcək prezident yaxşı mənimsəmişdi”.

Elmira Axundova kitabında belə yazır və Prezident İlham Əliyevin gənclik illərindən başlayaraq, üzləşdiyi zərbələri necə dəf etdiyini, Heydər Əliyevin qurduğu Azərbaycanı necə qüdrətli dövlətə çevirdiyini sadə məntiq və rəngli çalarlarla qələmə alır.

İnadına heyran olduqları adam

Müəllif Azərbaycan liderinin SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldığı dövrə səyahət edir, onun tələbə yoldaşları ilə münasibətlərinə toxunur, sonrakı illərdə dərs dediyi bu məktəbdə oxuduğu mühazirələrdən canlı şəkildə danışır. Və öz fikirlərini MDBMİ-nin əməkdaşı Raisa Polevayanın sözləri ilə qüvvətləndirir.

“O, qeyri-adi şəxsiyyətdir. İlham Əliyevin tələbələrə, əməkdaşlara, müəllimlərə olduqca xeyirxah münasibəti bizi bir qədər təəccübləndirirdi. Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən seçilirdi”, - deyə Polevaya danışır.

Müəllif səyahət etdiyi Prezidentin tələbəlik illərində baş verən maraqlı və örnək dolu hadisələri sıralayır.

Hər şey heç də həmişə göründüyü kimi olmur: İlham Əliyev SSRİ-nin ən yüksək rəhbərliyində təmsil olunan şəxsin oğlu idi, kimsə ona nəsə deyə bilərdimi?! Polevayanın “Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı” sözlərindən də anlamaq olur ki, kimlərsə elitar ailənin üzvü olmasından istifadə edirmiş. Bu, tarix boyu həmişə belə olub. Lakin İlham Əliyev tamam başqa cür idi.

“O, inadla öz hədəfinə doğru irəliləyirdi və mən buna heyran idim”.

MDBMİ-nin keçmiş rektoru Nikolay Lebedevin bu sözləri hər şeyin əslində necə olduğunu sübut edir.

Liderin hekayəsi: Zərbələrə qarşı inadla aparılan mübarizə

İlham Əliyevin tələbəlik illərindən bilinməyən maraqlı məqamlar – İLK DƏFƏ

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru Nikolay Lebedev bu İnstitutun məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin tələbəlik illərindən danışıb.