TRT Türkiyənin dünyada tanınmış iki məşhur brendindən biridir. Belə bir brendin təşkil etdiyi Beynəlxalq Media Təlim Proqramında müasir medianın inkişaf yolları, sosial media əsrində xəbər siyasəti kimi aktual məsələlər müzakirə olunurdu.

Sosial medianın imkanları ənənəvi xəbər anlayışını arxa plana keçirib, bu baxımdan müasir xəbər anlayışı günün tələbləri ilə ayaqlaşmağa məhkumdur. Hər kəsin əlində bir informasiya agentliyini, bir televiziyanı qabaqlaya biləcək “ağıllı” telefonlar var, bu telefonlar vasitəsilə anında xəbər yaymaq mümkündür. Bu baxımdan sosial media ənənəvi media qarşısında layiqli rəqibə çevrilməyi bacarıb. Ənənəvi media qurumlarının təmsilçiləri olaraq biz bu rəqabətə davam gətirmək üçün müasir texnologiyalardan öz işimizdə maksimum istifadə etməyi bacarmalıyıq.

Müasir dünyada rəqəmsal media anlayışı getdikcə öz mövqelərini möhkəmlətməkdədir. Rəqəmsal media qloballaşmanın bir alətinə çevrilib. 21 sər mediası görüntü mediasıdır, görüntülü xəbər mediasıdır. Görüntü olmadan xəbər hazırlamaq oyuna 0-2 məğlub başlamaq deməkdir. Təlim proqramının keçirilməsində məqsəd həm TRT kanalının bu sahədə təcrübəsini dost ölkələrin media qurumları ilə bölüşmək, həm də təcrübə mübadiləsi aparmaq idi. Bu mənada APA Holdinqə daxil olan qurumların tətbiq etdiyi üsullar iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.

Təlim proqramı həm də fərqli ölkələrdən olan həmkarlarımızla əlaqələr qurmağa, ölkələrimizdə medianın durumu barədə müqayisəli təhlil aparmağa imkan verdi. Bu tədbir həm də APA TV-nin fəaliyyətini kənar tamaşaçının gözü ilə izləmək imkanı yaratdı. Təəssüratlar pis deyil, amma görəcək işlərimiz də çoxdur.

15 iyun hadisələrindən sonra Türkiyə informasiya müharibəsi sahəsində istəyinə tam nail ola bilməyib. Tədbirin keçirilməsində əsas məqsədlərdən biri də iştirakçıları 15 iyun hadisələrinin mahiyyəti ilə gerçək tanış etmək idi. Aparılan müzakirələr göstərirdi ki, Azərbaycandan fərqli olaraq əksər ölkələrə 15 iyul hadisələrinin əsl mahiyyəti tam dərinliyi ilə məlum deyil. Burada hərbi çevrilişə cəhd edən FETÖ-nün dünya ölkələrində, xüsusilə Qərb mediasında mövqelərini hələ də qoruyub saxlaması əsas rol oynayır.

Azərbaycana münasibət hətta gözlədiyimizdən də fərqlidir. Özəlliklə Mərkəzi Asiyanın türk respublikalarında, Balkan dövlətlərində Azərbaycana böyük maraq var. Ölkələr arasında əlaqələrin inkişafında medianın necə önəmli rol oynadığını söyləmək artıqdır, media ilk növbədə xalqların bir-birini yaxından tanımasında mühüm rol oynaya bilər. Bu sahədə boşluqların olduğu belə tədbirlərdə dərhal hiss olunur. Azərbaycanın media qurumları digər dövlətlərdə gedən proseslər haqqında məlumatı əsasən Rusiya və Türkiyə mətbuatı vasitəsilə alır. Bu isə bir çox hallarda ölkələrimiz haqqında həqiqətləri lazımınca bilməməyimizə təsir göstərir. Media qurumlarımız birbaşa əlaqələr qurmağı bacarmalı, potensialını daha çox xarici ölkələrdə Azərbaycanın tanıdılmasına yönəltməlidir. Buna çox ehtiyac var.

Səfər çərçivəsində Azərbaycan heyətinin üzvləri TRT Avaz kanalında yayımlanan “Detay 13” proqramının qonağı oldular, TRT Haber kanalına açıqlamalar verdik. Bundan başqa mən Monteneqro Dövlət Televiziyasında yayımlanan proqramın qonağı oldum, Monteneqronun müxtəlif saytlarına müsahibələr verdim. Bu ölkə Azərbaycanla əlaqələri inkişaf etdirməyə çox böyük maraq göstərir, Azərbaycan iş adamlarının Monteneqro iqtisadiyyatına sərmayə yatırması əlaqələrin inkişafına öz pozitiv təsirini göstərib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə media qurumları arasında birbaşa əlaqələrin qurulması üçün böyük potensial var.

TRT UMEP - 2016 proqramı bizim üçün böyük təcrübə mənbəyi oldu, belə bir tədbirin təşkilinə görə TRT-nin baş direktoru cənab Şenol Göka, başda olmaqla telekanalın bütün əməkdaşlarına öz təşəkkürlərimi bildirirəm. TRT Egitim Dairəsi başkanlığına, təlimlərə qatılan TRT-nin əfsanə isimlərinə xüsusi minnətdarlıq edirəm. Onlardan çox şey öyrəndik. Mənim üçün daha dəyərlisi ən müxtəlif coğrafiyalarda, ölkələrdə yaşayan türk toplumlarının öndə gələn media təmsilçiləri ilə ünsiyyət qura bilmək oldu. Bu təlim proqramı həm də bizə çoxlu dostlar qazandırdı, dostluq coğrafiyamızın sərhədlərini Çindən Balkanlara Tatarıstandan Livana kimi böyütməyə nail olduq.

Təlim proqramının qala gecəsi daha yaddaqalan oldu. Üç hissəli proqram TRT Avaz kanalı ilə canlı yayımlandı və dünyanın hər yerində izləndi. Proqramda tədbirə qatılan bütün ölkələrin musiqiləri, rəqsləri ifa olunurdu, üçüncü hissə isə bütünlüklə Azərbaycanın adı ilə bağlı idi. Hörmətli sənətçimiz Azərin xanımın fərqli türk toplumlarının mahnılarını ifa etməsi hərarətli alqışlarla qarşılanırdı. Sənətçimizin ifasından öncə masalara Azərbaycanın üçrəngli bayraqlarının paylanması isə TRT tərəfindən ölkəmizə edilən böyük bir jest idi. Konsertin final səhnəsində “Çırpınırdın Qara dəniz” türküsünü bütün iştirakçıların birlikdə oxuması isə TRT UMEP 2016 proqramına vurulan möhtəşəm yekun idi.