Onunla Milli Məclisin foyesində görüşdük. Sessiya iclasında fasilə idi. Gərgin büdcə müzakirələrinin getdiyi bir vaxtda mənimlə danışmağa razı olduğu üçün şad idim, ən azından ona görə ki, redaksiya tapşırığını vaxtında yerinə yetirəcəkdim. Vaxtın az olmasına baxmayaraq, maraqlı müsahibə alınacağından da əmin idim. Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı ilə tanış olanda Azərbaycan liderinin bilinməyən tərəfləri haqda kifayət qədər maraqlı suallar yaranmışdı. Axı liderin şəxsi həyatı, uşaqlığı, gəncliyi, qeyri-rəsmi tərəfi adətən sirr olaraq saxlanılır. Və bəlkə də Azərbaycan oxucusuna ilk dəfə bu imkan yaradılmışdı. Niyə də olmasın? Biz başqa ölkələrin prezidentlərinin həyatını maraqla oxuyarkən, niyə öz ölkəmizin liderinin haqqında öyrənməyək. Xüsusilə bunu onu gəncliyindən tanıyan Elmira Axundovanın dilindən eşitmək imkanı varkən.

- Bu nə vaxt baş verdi?

- İlham müəllimi çoxdan, hələ gənc vaxtlarından tanıyıram. O vaxt Heydər Əliyev hakimiyyətdə deyildi, onunla ünsiyyət saxlayırdım. Naxçıvana gedib-gələndə ailəsi ilə tanış oldum. Heç yadımdan çıxmaz. Sonra 1994-cü ildə Mehriban xanım və İlham müəllim Heydər Əliyevi Məkkə səfərində müşayiət edirdi. Mənə də bu xoşbəxtlik nəsib olmuşdu. Beləliklə ünsiyyətimiz yarandı. Sonra İlham müəllim SOCAR-da birinci vitse-prezident olanda ondan müsahibə alırdım, tədbirlərdə, mərasimlərdə ünsiyyət saxlayırdıq. O, Milli Olimpiya Komitəsinin prezidenti oldu, Milli Məclisin deputatı seçildi, AŞPA-da nümayəndə heyətinin rəhbəri oldu. Bu müddətdə daim söhbətlərimiz olurdu. Heydər Əliyevlə ünsiyyəti olan bir insan kimi İlham Əliyevi də müşahidə etməyə başladım. Onun çox güclü yumoru var. Həmişə zarafat edir, gülərüz, mehriban insandır.

- İlham Əliyev Heydər Əliyev üçün təkcə övlad idimi, yoxsa?

- Mənə elə gəlir ki, Heydər Əliyev dünyada heç kimi İlham Əliyev qədər sevmirdi. Təbii ki, həyat yoldaşını, qızını sevirdi. Amma İlham Əliyevin dünyaya gəlməsi ilə ona dünyaları bağışladılar. Sona qədər İlham Əliyevlə nəfəs alırdı, mən bunun şahidi olmuşam. Böyük bir sevgi idi. Məntiqlidir ki, bu gün Heydər Əliyev də İlham Əliyevin obrazında qayıdır. İlham Əliyev də Heydər Əliyevi yaşadır. Bu çox maraqlıdır. Görün, bu sevgi nəyə gətirib çıxardıb. İlham müəllim bu sevgi ilə yüksəldi və bu gün bizim prezidentimizdir. Mən demirəm ki, İlham Əliyev hər şeyə Heydər Əliyevin sevgisi ilə nail olub. Mən kitabımda yazıram: “Dünyada İlham Əliyevə ona görə hörmət etmirlər ki, o, dahi Heydər Əliyevin oğludur. Ona müstəqil siyasət aparan, öz dəyərini bilən, öz dühası ilə yüksələn siyasətçi kimi hörmət edirlər”. Amma Heydər Əliyevin sevgisi, məhəbbəti onun formalaşmasında böyük rol oynadı. İndi əks proses gedir. Bu gün İlham Əliyev Heydər Əliyevin obrazını yüksəldir, yaşadır və onun mənəvi qayıdışını təmin edir.

- Deyirsiniz ki, Heydər Əliyev İlham Əliyevi hər kəsdən çox sevirdi. Bu Azərbaycan ailələrində oğlan övladına bəslənən xüsusi sevgi idi?

“Heydər Əliyev İlham Əliyevi Avropada ermənilərlə döyüşə göndərdi” - MÜSAHİBƏ
- Yəqin ki. Azərbaycan mentalitetində bu var. İlham Əliyev Heydər Əliyevin 38 yaşı olanda dünyaya gəlib. Bu yaşda insan yeni doğulan övladına başqa cür yanaşır. Misal üçün, mənim iki nəvəm var. Müşahidə edirəm ki, valideynləri kiçik nəvəmi daha çox sevirlər. Heydər Əliyevin İlham Əliyevə sevgisi bəlkə də kiçik övlad olmasından qaynaqlanır, bəlkə də oğlan övladı olduğu üçün belə idi. Hər halda İlham Əliyev Heydər Əliyev üçün dünyada hər şey demək idi. Onu tədricən böyük siyasətə hazırlayırdı. Bir tərəfdən onu çox istəyirdi, ikinci tərəfdən ona asan həyat bəxş etmədi. O, nə edə bilərdi? Elmlə məşğul ola bilərdi. Hansısa şirkətdə vitse-prezident işləyə, rahat həyat sürə bilərdi. Amma Heydər Əliyev İlham Əliyevə çox çətin həyat verdi. Əvvəl SOCAR-a təyin etdi, çətin enerji danışıqlarının içinə atdı. Sonra Milli Məclisə seçildi və AŞPA-da nümayəndə heyətinin rəhbəri oldu. Heydər Əliyev Avropada ermənilərlə vuruşmağa məhz İlham Əliyevi göndərdi.

- İlham Əliyevin gəncliyi də bu qədər qaynar keçib?

- İlham Əliyevin gəncliyində, hətta məktəbdə oxuduğu yeniyetmə dövründə də demək olar ki, yay istirahəti olmayıb. Heydər Əliyev rayonlara gedirdi, müşavirələr keçirirdi. İlham Əliyev də hər zaman onun yanında idi. Günəşin altında, isti tarlalarda, çay plantasiyalarında ac-susuz onunla gəzirdi. Mənə danışırlar ki, bu yeniyetmə oğlan bütün günü günəşin altında oturub gözləyirdi. Onda hələ orta məktəbdə oxuyurdu. Onun istirahəti yox idi. Lakin bunun sayəsində o, rayonları öyrəndi və bu gün atasının ənənəsini davam etdirir. Çünki uşaqlıqdan rayonları gəzib və bunu çox xoşlayır. Amma onu xüsusi qeyd etməliyəm: bir tərəfdən böyük sevgi verir, digər tərəfdən bu sevgiyə baxmayaraq, heç bir güzəşt etmirdi.

- Belə anlayıram ki, özünün yaratdıqlarını başqasına etibar etmədi.
- Kimə etibar edə bilərdi? Başqası heç yox idi. Heydər Əliyev İlham Əliyevi 10 il ərzində hazırladı, onu pillə-pillə qaldırdı. Sonra da dedi ki, mən özümə inandığım kimi, ona da inanıram, ona səs verin. İlham Əliyev bu inamı doğrultdu. Hətta kitabımda cəsarət edib yazdım ki, “bəzi addımlarında İlham Əliyev şagird olaraq öz müəllimini üstələdi”.

“Heydər Əliyev İlham Əliyevi Avropada ermənilərlə döyüşə göndərdi” - MÜSAHİBƏ

- Siz Məkkə səfərindən danışdınız. Azərbaycan Prezidentinin dinə yanaşması maraqlıdır.

- Bununla bağlı hər şey göz önündədir. İlham Əliyevin prezidentliyi dövründə üç böyük məscid inşa olunub və bərpa edilib: Bibiheybət məscidi, Heydər məscidi və Şamaxı məscidi. Neçə-neçə ibadətgahlar bərpa olunub. Mən özüm Masallıdanam. Bu mövzu mənim üçün məhrəmdir. Özünüz də görürsünüz ki, İlham Əliyev Səudiyyə Ərəbistanına səfərləri zamanı Məkkədə Ümrəni ziyarət edir. Onun Şeyxülislama münasibəti də göz önündədir. Lakin o da həqiqətdir ki, dini radikalizmə heç vaxt yol verməyəcək. O başa düşür ki, din başqa, siyasət başqadır. Heydər Əliyev də belə edirdi.
Azərbaycan Prezidenti dinə çox həssas münasibət bəsləyir. Məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr açılır. Bu multikulturalizmdir, bizim həyatımızın tərkib hissəsidir. Bütün bunlarla yanaşı, prezidentimiz tələb edir ki, din dövlət prinsiplərinə hörmət etməlidir.

- Kitabınıza qayıtmaq istəyirəm. Orada üç böyük fəsil var – İlham Əliyevin gəncliyi, ailə həyatı və siyasət.

- Orada böyük bir fəsil siyasətə ayrılıb. Daxili və xarici siyasət ayrıca fəsildir. Sonra idman, multikulturalizm də ayrı fəsillərdə qeyd olunub. Mən İlham Əliyev və Kütləvi İnformasiya Vasitələrinə ayrıca fəsil ayırmışam. Jurnalist olduğum üçün jurnalistlərə kitabımda xüsusi yer ayırmağı özümə borc bildim.

- Təşəkkür edirik. Mən Azərbaycan liderinin daha çox şəxsiyyəti ətrafında danışmaq istəyirəm. Hələ hakimiyyətdə olmayanda, gənc vaxtlarında necə insan idi?

- Həmişə onu gülərüz və yumoru sevən insan kimi görmüşəın. Atasının vəfalı və sevimli oğlu idi. Bir şeyi də qeyd etmək istəyirəm. İlham müəllim çətin dövrdə həmişə Heydər Əliyevin yanında idi. O vaxtlar qarışıq dövr idi və cavanlar Heydər Əliyevin yanına gəlməyə qorxurdular. Çünki Heydər Əliyev tənqid olunur, təqib edilirdi. Onun ətrafında olmaq belə qorxulu idi. İlham Əliyev demək olar ki, həftədə bir, ya da iki dəfə atasının yanına gəlirdi. Və o, Naxçıvana gəlmək üçün çox əngəlləri aşmalı olurdu. Amma hər şeyə rəğmən gəlir, Heydər Əliyevin yanında olurdu. Bu böyük sevgi və cəsarət tələb edirdi.

Ardı var