Elmira Axundova: “Prezidentə yaxınlaşıb soruşdum ki, bunun sirri nədir?” – MÜSAHİBƏ (II HİSSƏ)
Paylaş
126 baxış·6 dəq oxu
Onunla Milli Məclisin foyesində görüşdük. Sessiya iclasında
fasilə idi. Gərgin büdcə müzakirələrinin getdiyi bir vaxtda mənimlə
danışmağa razı olduğu üçün şad idim, ən azından ona görə ki,
redaksiya tapşırığını vaxtında yerinə yetirəcəkdim. Vaxtın az
olmasına baxmayaraq, maraqlı müsahibə alınacağından da əmin idim.
Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti
dəyişikliklər fonunda” kitabı ilə tanış olanda Azərbaycan
liderinin bilinməyən tərəfləri haqda kifayət qədər maraqlı suallar
yaranmışdı. Axı liderin şəxsi həyatı, uşaqlığı, gəncliyi,
qeyri-rəsmi tərəfi adətən sirr olaraq saxlanılır. Və bəlkə də
Azərbaycan oxucusuna ilk dəfə bu imkan yaradılmışdı. Niyə də
olmasın? Biz başqa ölkələrin prezidentlərinin həyatını maraqla
oxuyarkən, niyə öz ölkəmizin liderinin haqqında öyrənməyək.
Xüsusilə bunu onu gəncliyindən tanıyan Elmira Axundovanın dilindən
eşitmək imkanı varkən.
(Müsahibənin I hissəsini buradan oxuya bilərsiniz:
“Heydər Əliyev İlham Əliyevi Avropada ermənilərlə döyüşə göndərdi” - MÜSAHİBƏ
“Bəzi addımlarında İlham Əliyev şagird olaraq öz müəllimini üstələdi”.
).
- İlham Əliyevin yumoru sevdiyini deyirsiniz. Heydər
Əliyevdə də yumor güclü idi.
- Yəqin ki, bu, ona atasından irsi olaraq keçib.
- Eyni yumor idimi? Çünki Heydər Əliyevin yumoru daha çox
satirik idi.
- İlham Əliyevin yumoru daha müasirdir. O, lətifə danışmağı sevir.
Heydər Əliyev də lətifələri sevərdi. Amma İlham Əliyevin yumoru
daha başqadır.
- Adətən insanın liderlik xüsusiyyətləri gəncliyində hiss
olunur. İlham Əliyevdə bu necə görünürdü?
- Heydər Əliyev kimi İlham Əliyevdə də gəncliyindən liderlik
xüsusiyyətləri bilinirdi. Deyirlər ki, həm məktəbdə, həm də
universitetdə özünü lider kimi aparırdı. Həmişə də boy-buxunu,
yaxşı bilikləri, xarici dil bilməyi ilə seçilirdi. Lakin
universitetdə digərlərindən seçilməməyə çalışırdı. Çünki bilirdi
ki, hansı ailədə böyüyüb, kimin oğludur. Belə insanlar adətən
özlərini sadə aparmağa çalışırlar. Kitabda da yazmışam ki, “belə
atanın oğlu olmaq şərəfdir, amma həm də böyük məsuliyyətdir”. İlham
Əliyev bu məsuliyyəti hiss edirdi. Adi gülərüz oğlan idi. O, heç
vaxt böyük siyasət haqqında düşünmürdü, bəlkə də heç siyasətə
gəlmək istəmirdi. Onu tale və tarix bura gətirdi.
- Başqa yolu seçə bilərdimi?
- Mənə elə gəlir ki, o, böyük siyasətə can atmırdı. İstəmirdi ki,
prezident olsun. Bəlkə də bir qədər könülsüz siyasətə gəldi. Yalnız
atasına və dövlətinə hörmət etdiyi üçün bunu etdi, həm də anlayırdı
ki, Heydər Əliyevin layihələrini başa çatdırmaq lazımdır. Həmin
vaxt çətin zamanlar idi, başa düşürdü ki, çiyinlərinə ağır yükü
götürməlidir.
- Və buna nail oldu.
- Əlbəttə. Kitabda da Azərbaycanın 10 il ərzində necə dəyişdiyini
göstərmişəm. Başqalarının – amerikalıların, ingilislərin, rusların
Azərbaycan haqqında söylədikləri fikirlərdən sitatlar gətirmişəm.
Bizdə hərdən yaxşı şeyləri görmürlər. Gərək, bunu başqaları desin,
sonra onun dəyərini anlayaq. Amma bütün bunları görməmək mümkün
deyil. Belə bir bina - Milli Məclisin foyesindən görünən “Alov
Qüllələri”ni göstərir - dünyanın heç bir yerində yoxdur. Bakı
möcüzə şəhərinə çevrilib. Rayonlarımız da inkişaf edir. Təbii ki,
problemlərimiz də çoxdur. Amma bu inkişafın problemləridir və daim
onların aradan qaldırılması üçün iş aparılır. Hər şey tamamilə
bizdən asılı deyil. Dünyada böhran var, Azərbaycan müharibə
şəraitində yaşayır, qaçqın və məcburi köçkünləri var. Bunlara
kifayət qədər xərc çəkilir. Biz daim müdafiə üçün pullar
xərcləyirik. Bunlar olmasaydı, ölkəmiz 10 dəfə artıq inkişaf
edərdi. Fikrimcə, yolumuz doğru yoldur və bizim güclü rəhbərimiz
var. Əsas olan budur.
- “Həyat ona həmişə yaxşı olmadı” deyə yazırsınız.
Heydər Əliyevin oğlu olan bir insan üçün hansı çətinliklər ola
bilərdi?
- Heydər Əliyev Siyasi Bürodan çıxarılır, haqqında Qorbaçovun
təlimatı ilə qəzetlər tənqidlər yazırlar. Onu damğalamağa
çalışırlar. Sonra Azərbaycana gəlirlər və parlamentdə Heydər
Əliyevə hücumlar başlayır. Mən bunları öz gözlərimlə görmüşəm. Sən
o vaxt bəlkə də dünyada yox idin – bizim nəslin təzə ayaq açıb
yeriməyə başladığı dövrdən danışır – mən bura (Milli
Məclisə) gəlirdim. Heydər Əliyev bax orada dayanırdı - əli
ilə giriş qapısının qarşısındakı yeri göstərir – onun yanına
heç kim getmirdi. Qorxurdular. Kişi orada tək dayanardı və baxardı.
İlham Əliyevi universitetdən çıxartdılar. İşsiz qaldı. Kim olsaydı
sınardı. Böyük insanların oğulları çətinliyə düşən kimi içkiyə
qurşanır, kimisi sınır, kimisi tüfeyli həyat sürür. Ruslardan
neçə-neçə belə insan tanıyıram. İlham Əliyev bütün bunları seçmədi,
o, ayaqda qaldı və bizneslə məşğul olmağa başladı. Moskvada ilk
trikataş fabrikini o açıb. Bu kiçik biznesi ilə bizim Moskvadakı
diasporumuzu da saxlayırdı.
- Bunu bizim nəsil xatırlamır, ya da ümumiyyətlə
bilmir.
- Biz Moskvada Azərbaycan ocağı yaratmışdıq. Sədri Tofiq Məlikli
idi. Erməni işğalına qarşı aksiyalar keçirir, etiraz kampaniyaları
təşkil edirdi. İlham Əliyev tədbirlərimizdə həmişə iştirak edirdi
və bizə daim maddi dəstək verirdi. Kiçik biznesi ilə ailəsini və
diasporumuzu saxlayırdı. Bütün bunları bilmək lazımdır. Bizim
prezidentimiz siyasətlə yanaşı, biznesi, idmanı və digər sahələri
gözəl bilir. 2008-ci il dünyadakı maliyyə böhranı Azərbaycana təsir
etmədi. Hətta Rusiya kimi nəhəng ölkənin iqtisadiyyatı çökmüşdü.
Tədbirlərin birində Prezidentə yaxınlaşaraq soruşdum: “Cənab
prezident, hamı sizə valeh olur və hər kəsi bir sual düşündürür:
Azərbaycan bu maliyyə böhranından neçə çıxdı? Rusiya kimi nəhəng
dövlət isə aşağıya doğru yuvarlandı. Bunun sirri nədir?”. Güldü və
dedi: “Elmira, işləmək lazımdır. Biz gecə-gündüz işləyirik. Resept
sadədir”.
Gənclər bunları az bilir, ya da az öyrənir. İnşallah, kitabı
Azərbaycan dilinə tərcümə edəcəyik. Həmçinin, ikinci hissəsi daha
geniş olacaq. Gənclərimiz bunları oxuyub-öyrənməlidir. Prezidentin
siyasətini, cəsarətini, həyatını bilməlidir. Ən qiymətli olan
bilirsənmi nədir? – sual verir və davam edir – O, Azərbaycanı
dünyalar qədər sevir və heç vaxt, hətta ölüm belə olarsa, milli
maraqlarımızı heç nəyə qurban verməyəcək. Yadımdadır, 2009-cu ildə
İstanbul sammitinə getmədi. Obama onunla görüşmək istəyirdi.
Hillari Klinton belə zəng edərək, xahiş etmişdi. Həmin vaxt Obama
yeni seçilmişdi, çoxları onunla görüşə can atırdı. İlham Əliyev isə
getmədi.
- Qarabağ məsələsinə görə.
Bəli. Milli maraqlarımızı heç nəyə qurban vermədi. Barak Obama o
sammitdən sonra dəyişdi.
- Belə çıxır ki, Obama Azərbaycan prezidenti ilə şəxsi
intriqa aparırdı?
- Belə görünür. Amma Obama tarixdə heç nəyi ilə qalmayacaq.
- Azərbaycan lideri ailə başçısı obrazında necə
görünür?
- Gözəl ailələri var. Qızlarını da tanıyıram. Çox layihələr həyata
keçirirlər. Zaman-zaman onların layihələrini işıqlandırıram. Belə
ailə ilə ancaq fəxr etmək olar. Cənab prezident bir dəfə dedi ki,
“mənim üçün əsas ailədir”. Başqalarının hobbiləri var. Biri ova,
digəri başqa şeyə maraq göstərir. O isə ailəsinin yanında dincəlir,
istirahət edir. Özü də deyir ki, “ailəmin yanında olanda özümü
xoşbəxt hiss edirəm”. Ailəsiz, övladsız lider yaxşı ola bilməz.
Gərək, birini sevəsən, övladın nə olduğunu biləsən ki, ölkəni də
övladın kimi sevə biləsən. O, əsil ata və ailə başçısıdır. Xoşbəxt
ailəsi var. Hesab edirəm ki, uğurun 50 faizi də budur. Əgər sənin
arxanda xoşbəxt ailən dayanırsa, Mehriban xanım kimi cəsarətli
xanım varsa, əl-ələ verib onunla cəbhəyə qədər gedirlərsə, bu,
uğurun yarısı deməkdir.