"Azov" xüsusi təyinatlılarının azərbaycanlı iş adamlarına hücumu ilə bağlı cinayət işi başlanıb

"Azov" xüsusi təyinatlılarının azərbaycanlı iş adamlarına hücumu ilə bağlı cinayət işi başlanıb
13:37 22 Dekabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum və talan törədilməsi ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya hücuma məruz qalan iş adamı Vüqar Kərimoğlu məlumat verib.
 
O bildirib ki, hadisəni törədən "Azov" batalyonunun üzvləri barəsində Ukrayna Milli Polisinin Xarkov şəhər Şevçenko rayon şöbəsində Cinayət Məcəlləsinin silahlı basqın, talama, fiziki və maddi zərər maddələri ilə cinayət iş başlanıb, hadisəni törədənlərin müəyyən edilməsi üzrə əməliyyat qrupu yaradılıb.
 
V. Kərimoğlunun sözlərinə görə, hadisəni törədən xüsusi təyinatlılar maskalı olduqlarına görə onların kimliyi hələlik bilinmir: "Hücuma məruz qalan azərbaycanlı iş adamlarından mən və daha bir nəfər Azərbaycan vətəndaşı, ikisi Ukrayna vətəndaşı, biri isə Gürcüstan vətəndaşıdır. Biz ötən gün polisdə olduq, etirazımızı, etnik zəmində hücuma məruz qalmağımızdan ciddi narahatlıq keçirdiyimizi bildirdik. Bundan sonra cinayət işi açıldı, məsələnin Milli Polisin nəzarətində olduğunu dedilər. Bu gün də bizi polisə çağırıblar".
 
V. Kərimoğlu bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Xarkovdakı konsulluğuna müraciət ediblər: "Bizim ciddi hüquqi dəstəyə ehtiyacımız var. Hücuma məruz qalmışıq, bütün əmlakımızı talan ediblər, etnik zəmində təhqir olunmuşuq, külli miqdarda zərər görmüşük. Xarkovdakı Azərbaycan diasporundan başqa heç kim bizimlə maraqlanmır. Bilirik ki, "Azov"un hərbçilərini üstümüzə göndərən ermənilərdir. "Azov"a da daxili işlər naziri Arsen Avakovun himayədarlıq etməsi burada heç kimə sirr deyil. Avakov vaxtı ilə buranın qubernatoru olub, burada böyük nüfuza malikdir".
 
Qeyd edək ki, Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı "Azov" batalyonunun maskalı hərbçiləri dekabrın 15-də Xarkovun mərkəzi "Qələbə" prospektində beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb, özlərinə isə fiziki xəsarət yetiriblər. Hərbçilər azərbaycanlıları etnik zəmində təhqir edərək, onlara yolkalarını gedib Azərbaycanda satmalarını tövsiyə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/501280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR