BMT Baş Assambleyası Azərbaycanın hazırladığı itkin düşmüş şəxslərlə bağlı qətnaməni qəbul edib

BMT Baş Assambleyası Azərbaycanın hazırladığı itkin düşmüş şəxslərlə bağlı qətnaməni qəbul edib
17:17 22 Dekabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası Azərbaycanın hazırladığı “İtkin düşmüş şəxslər” adlı qətnaməni konsensusla qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qətnaməyə 60 ölkə həmmüəllif kimi qoşulub.
Məlumata görə, Azərbaycanın ənənəvi olaraq irəli sürdüyü qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri beynəlxalq humanitar hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Qətnamədə, eyni zamanda BMT baş katibindən Baş Assambleyanın 73-cü sessiyasına (2018-ci il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur.
Qeyd edək ki, 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib. İki ildən bir qətnamə yenidən irəli sürülür.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-bas-assambleyasi-azerbaycanin-hazirladigi-i-tkin-dusmus-sexsler-adli-qetnameni-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR