Bir neçə gündən sonra ömrünüzdən 2016-cı ili çıxarıb, tarixin yaddaşına həkk edəcəyik. Təbii ki, ilin sonuna yaxınlaşdıqca ömrümüzdən gedən günləri deyil, yeni ilin gəlişini qarşılamaq üçün həvəslə bəzədiyimi yolka, bayramın simvolu olan Şaxta baba və Qar qız gündəmi, eləcə də sualların məğzini lehinə dəyişir.

Milli.Az apasport.az-a istinadən futbol veteranı Vidadi Rzayevlə müsahibəni təqdim edir:

- Şaxta babanın saxta baba olduğunu nə vaxt anladınız?

- Uşaqlıq illərim sovet vaxtına düşmüşdü. Həmin vaxtda da Şaxta baba ilə hamının arası yaxşı idi. Həvəslə dekabrın 31-ni gözləyirdik ki, köhnə ili yola salaq və gecəyarı yeni ili qarşılayaq. Dekabrın 31-i ilə bağlı gözləntilərimiz artıq dəyişib. Həmin gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdü. İlk növbədə bu bayram, daha sonra Yeni ilin gəlişi münasibətilə xalqımızı təbrik edirəm.

- Şaxta babanın hansı hədiyyəsi xüsusilə seçilirdi?

- Bağlamalar olurdu, içərisində iris, konfet, peçenye olurdu. Uşaqlara adətən onu verirdilər. Biz də uşaq idik və verilən hədiyyəni mədəmizə ötürürdük.

- Şaxta babaya inanırdınızmı?

- Heç vaxt inanmamışam. O, bir mif idi. Amma dekabrın 31-də səbirsizliklə gözləyirdik. Çünki həmin gün evdə ləziz yeməklər bişirilirdi. İnsan yaşlaşdıqca anlayır ki, keçən gün ömürdən gedir. Amma uşaq vaxtı sevinirdik ki, yeni il gəlir, hədiyyələr olacaq...

- Sizə nə vaxtsa Şaxta baba olmaq təklif edilibmi?

- Olmayıb. Bununla bağlı müsahibə də almışdılar. Bilirsiz, məndən Şaxta baba olmaz. Çünki boyum hündür deyil. Biz də Şaxta babanı hər zaman hündürboylu, cüssəli görmüşük.

- Əgər olsaydınız, hansı hədiyyələri gətirərdiniz?

- İnsan üçün ən böyük hədiyyə can sağlığıdı, amma onu da nəyəsə büküb, hədiyyə kimi vermək olmur. Ancaq arzulamaq qalır. Sağlam olmalısan ki, istədiyin arzunu reallaşdırmaq üçün mübarizə aparasan. Sağlam olmasan, nə edə bilərsən?

- Həmrəyliyimizin hansı səviyyədə olması kollektiv idman növlərində özünü göstərirmi?

- "Kollektiv oyun bizlik deyil" fikri ilə razı deyiləm. Bəli, birə-bir idman növlərində uğurlarımız çoxdu. Futbolda da inkişaf gedir. Voleybol, futzal da kollektiv idman oyunudu və qazanılan nəticələr bizi sevindirməyə bilməz. Futbolumuzda da həmrəyliyi görəcəyik.

- Hər dəfə sizin kimi futbol veteranlarını görəndə təəssüf hissi keçirməmək mümkün deyil. Sizin səviyyədə futbolçular niyə yoxdu?

- Hamısı yetişəcək. Biz sovet dövründə futbolun sirlərini öyrənmişdik. O zaman fiziki yükləmələr çox idi. Bunun nəticəsiydi ki, 41 yaşıma qədər futbol oynadım. Qalıb daha 1 il oynaya bilərdim, amma hamı mənə "dayı" deyirdi, buna görə də karyeramı bitirməli oldum. Yenə deyirəm, oynamaq çətin deyildi, ancaq bitirmək zamanı idi. Yunislər, tərlanlar, ariflər, mahmudlar, hamısı yetişəcək.

- Bəs məşqçi Vidadi Rzayev niyə özü səviyyəsində futbolçu yetişdirə bilmir?

- Gərək həmin uşaqda potensial olsun. Futbolçunun keçid dövrü 17-18 yaşa təsadüf edir. Həmin vaxtda da əsgərliyə gedirlər. İlyarım az vaxt deyil. Yoxsa bütün məşqçilərimiz keyfiyyətli futbolçu yetişdirmək istəyir.

- Bu yaxınlarda Gəncə stadionunda şəkil paylaşmışdılar. Paltardəyişmə otağında "ceyran peçi" quraşdırılmışdı. Vaxtilə qazonunda çoxlarına futbolun necə oynanıldığını göstərən Vidadi üçün stadionun hazırkı durumu üzücü deyilmi?

- Çətinliklər var. Ancaq şəraitsizliyin düzəldiləcəyinə inanırıq. Bu cür çox davam etməyəcək. Hər zaman deyiblər ki, Gəncə Azərbaycan futbolunun Məkkəsidi. İndinin özündə də Gəncə futbolunun yetirmələri başqa klublarımızın futbol akademiyalarında çıxış edirlər. Yəni axın var, olacaq.

- Ov azarkeşisiniz. İmkanınız olsaydı, futbolumuzda kimi ovlayardınız?

- Məni ovlamasınlar, heç kimlə işim yoxdu. Hamısına can sağlığı arzulayıram. Əl-ələ verib futbolumuzu inkişaf etdirsinlər. Ovlamaq və ya ovlanmaq vaxtı deyil.

Milli.Az