Daxili İşlər Nazirliyi ölkədə baş vermiş qətllərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İlyas Mehdiyev evində münaqişə zəminində atası 81 yaşlı İmdadın üzərinə benzin tökərək yandırıb. Nəticədə İmdad Mehdiyev hadisə yerində ölüb, evin yanar konstruksiyaları isə yanıb. İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub. Araşdırma aparılır.
Bundan başqa yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində, kənd sakini Azər Əliyevlə aralarındakı münaqişə ilə əlaqədar onun həyətinə gələn qonşusu, əvvəllər məhkum olunmuş Asim Əliyev tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib. Nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb.
Digər hadisə isə Quba rayonunda baş verib. Yanvarın 31-də Quba rayonunun Alpan kəndində yaşayan, ruhi xəstə Əşrəf Süleymanov evində münaqişə zəminində 15 yaşlı qızını – Səfurəni bıçaqla qətə yetirib. Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Süleymanov tutulub.