YAP-çı deputat: “İsa Qəmbər xaricdən dəstək almağa çalışır”

YAP-çı deputat: “İsa Qəmbər xaricdən dəstək almağa çalışır”
15:48 2 Fevral 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

“Son vaxtlar bəzi saytlarda İsa Qəmbərin, Arif Hacılının, Əli Kərimlinin açıqlamalarını izləyirəm. Bu cür sayıqlamalar, yalan proqnozlar vermək, hakimiyyətə qarşı qərəzli və qarayaxma kampaniyaları aparmaq onların vərdişinə çevrilib”.

Bunu Publika.az-a Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı Tahir Rzayev bildirib.

O deyib ki, bu cür şeylər Azərbaycanda hər hansı mötəbər tədbirlər keçirilən ərəfədə edilir:

“Radikal müxalifət daha çox bu ərəfələrdə fəallaşmağa başlayır. Bunun əsas səbəbi odur ki, onlar Azərbaycana səfər edən şəxslərin diqqətini cəlb etmək istəyir. Ancaq onların söylədikləri cəfəngiyyatdır. Radikal müxalifətin sosial bazası yoxdur. Bunlar hansı düzgün proqnozu verə bilər? Bu ölkənin müqəddəratını Azərbaycan xalqı müəyyən edir. Azərbaycan xalqının da seçdiyi prezidenti var, o da cənab İlham Əliyevdir. Əgər Azərbaycan xalqı istəsəydi, elə onları seçərdi də! Niyə seçmədi? Çünki onların fəaliyyəti bu xalqa yaxşı məlumdur”.

Deputat qeyd edib ki, ölkə başçısı üç aydan bir ölkədə gedən sosial-iqtisadi problemləri və mövcud vəziyyəti müşavirə keçirərək, müzakirə edir:

“Digər tərəfdən isə cənab Prezident demir ki, Azərbaycanda hər şey yüksək səviyyədədir! Təbii ki, nöqsanlar da var və bunun həlli üçün ciddi işlər görülür. Nöqsanlar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə mövcuddur. Azərbaycanda gedən inkişaf bütün dünyaya yaxşı məlumdur. Bəzi çətinliklər isə hakimiyyətdən asılı olmayan səbəblərdən yaranıb və müvəqqəti xarakter daşıyır”.

T.Rzayev bildirib ki, Azərbüycanın müstəqil siyasət yürütməsi Qərb dövlətlərini narazı salır:

“Bu siyasət xüsusilə də Qərb və Avropa ölkələrinin xoşuna gəlmir. Artıq Azərbaycan qonşu dövlətlərlə - Rusiya, İran, Türkiyə ilə sağlam əlaqələr yaradıb. Bu birlik Qərb dövlətlərini qorxudur. Ona görə də Qərbdən dəstək uman İsa Qəmbər və digərləri bu cür bəyanatlar verməyə başlayıblar. Bu yaxınlarda İsa Qəmbər İsveçrəyə səfərə gedib, orada hansısa təşəbbüs qrupunda çıxış edib, QHT nümayəndələri ilə görüşüb. İndi də əl-ayağa düşüblər. Nə olsun ki, İsa Qəmbər İsveçrədə çıxış edib? Ona qalsa, Milli Məclisin deputatları hər həftə xarici ölkələrdə, beynəlxalq təşkilatlarda çıxış edirlər. Burada qeyri-adi nə var? Radikal müxalifət xarici ölkədə hər hansı QHT-də çıxış edir, bunu fantaziya kimi təqdim edirlər, sonra da deyirlər ki, biz 2018-ci ildə İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəcəyik. Buyurub, irəli sürün də! Hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirak etmək hüququ var. İsa Qəmbərin namizədliyini irəli sürməsi nə zamandan qeyri-adi hadisə olub? İsa Qəmbərin namizədliyini irəli sürməsi şərt deyil. Əsas şərt xalqın İsa Qəmbəri seçməsidir. İsa Qəmbəri seçən varmı? Onun arxasınca gedən varmı? Əsas məsələ də budur. Ona görə də onlar boş-boş danışırlar. Dünən izlədim, bunlar iddia edir ki, guya mart ayı elektrik enerjisinə qoyulan limit bitəcək, kütlə ayağa qalxacaq, bu hakimiyyətin sonu olacaq və sairə. Azərbaycanda kütlə heç zaman onlara görə ayağa qalmayacaq. Ölkədə problem varsa, o ümumidir, bizdən asılı olan problem deyil. Həmin problemləri deputat olaraq mən də yaşayıram. O gün rayona getmişdim, seçicilər mənə müraciət etdilər ki, pambıq əkilib, ancaq gəlib müqavilə bağlayan yoxdur və sairə. Mən də iqtisadiyyat nazirinin müavinə zəng edib, insanların şikayətlərini çatdırdım. Camaatın problemi varsa, onu dinc yolla həll etmək lazımdır. Müxalifət də insanlara yardım etməlidir, problemlərinin həllinə çalışmalıdır. Daha cəfəng bəyanatlar verib, xalqı aldatmalı deyil. İnanın ki, müxalifətin verdiyi proqnozlar yalandır, camaatı aldadaraq, müəyyən xal qazanmağa hesablanıb. İsa Qəmbər də bu cür bəyanatları verməklə xaricdən dəstək almağa çalışır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR