Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Nazirlər Kabinetinin 8 fevral tarixli qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilməsi" və "İdman jurnalistikası", "İdman tibbi və reabilitasiya" ixtisaslarının ali təhsilin magistratura səviyyəsi üzrə artırılması ilə bağlı mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, tədbirdə akademiyanın rektoru Fuad Hacıyev daim idman jurnalistikası, idman tibbi və reabilitasiyası üzrə ixtisaslara ehtiyac duyulduğunu bildirib: "Bu çağırışlardan irəli gələrək əsas vəzifə yerli və bacarıqlı kadrların yetişdirilməsidir. Hər hansı böyük idman tədbirini media nümayəndələri işıqlandıra, idarəetmə sahəsində çalışa bilərlər. Bunun üçün yerli vəziyyəti qiymətləndirdik, 600 nəfər arasında sorğu keçirdik, beynəlxalq təcrübəni öyrənmək üçün strateji araşdırma qrupu yaratdıq, 20-dək universitetə təcrübənin öyrənilməsi üçün nümayəndələr göndərdik, işçi görüşləri keçirdik. Bunların nəticəsində yeni ixtisasların yaradılması zərurəti ortaya çıxdı. Nəticədə Nazirlər Kabinetinin həmin qərarı labüdləşdi. Biz bu prosesə bir il əvvəldən böyük ümid və arzu ilə başlamışıq. Bir çox işləri həyata keçirmişik. Hazırda idman zallarının əsaslı təmirinə başlamışıq. İdman gimnastikası zalında işlər aparırıq. Bu qədər vəsait dövlət büdcəsindən deyil, bizə sponsorlar, idmansevərlər, akademiyamızın məzunları dəstək verir. İdman jurnalistikası yekunlaşmaq üzrədir, idman tibbi və reabilitasiyası üzərində isə iş gedir. Yarım milyon manat idman tibbi avadanlıqları sifariş etmişik. Məqsədimiz yerli və dünya bazarında rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır. Bu yaxınlarda hazırlıq işlərini tamamladıq. Vaxtımız çox məhduddur. Ona görə də Dövlət İmtahan Mərkəzinə müraciət etmişik. Yaxın günlərdə onlar qaydalarını elan edəcəklər".
F.Hacıyev magistraturaya qəbulu iki mərhələdə keçirmək istədiklərini açıqlayıb. O, ilk mərhələnin nəzəri, ikincisinin isə müsahibədən ibarət olmasını istədiklərini bildirib.
Rektor magistraturaya qəbulda heç bir ali məktəbin bakalavrlarına məhdudiyyət qoyulmayacağını da söyləyib. O, AFFA və digər idman qurumları ilə müxtəlif mövzular üzrə təlimlərin keçiriləcəyini də əlavə edib.
F.Hacıyev hər ixtisas üzrə 10 yer ayrılması üçün müraciət etdiklərini, təhsilin isə ingilis dilində aparılacağını söyləyib. Rektor ingilisdilli magistrlərin tapılmasının problem olacağını istisna etməyib. O, müəllimlərin də əsasən əcnəbilərdən ibarət olacağını, amma yerli müəllim kadrlarının da hazırlanmasının zəruriliyini vurğulayıb.