"Qardaşım içəridə günahsız yatır"

Ayırır bizləri hər keçən zaman,

Ayrı yuvalarda dərd çəkəcəyik.

Üzümüzü göz yaşı isitdiyi an,

Yad olan qollarda üşüyəcəyik.

Metbuat.az -ın bugünki müsahibi "Mən ölümü sevməyə başlayıram", "Güzgülər", "Ayrı yuvaların çırağıyıq biz", "Dodaqlarında", "Sevgimizə", "Dəyərmi gülüm", "İçimdə bir sən var səndən xəbərsiz", "Bilməyəcəksən", "Ona demədiklərim", "Sən mənim nəyimi sevirsən axı", "Sevmişəm", "Yad olan qollarda üşüyəcəyik", "Talehmi günahkar" kimi şeirlərin müəllifi, şair-aktyor Reşat Kəsəmənlidir.
- Reşat üçün şairliyin göstəricisi…

- Şairlik üçün istedad lazımdır. İstedad varsa, qalan şeylər düzələr. Oxumaqla şair olmaq mümkün olsa idi, bütün ədəbiyyat müəllimləri şair olardı. İstedad və hər kəsin dərd-sərini mənimsəməyi bacarıb onu poetik şəkildə ifadə etmək şair üçün əsas tələblərdir. Nazpəri Dostəliyevanın klipindən sonra tanınsam da, “Həkimlər”, “Küləklər şəhəri”,“Bir ailəm var” seriallarında da oynamışam . Hazırda “Günəşim ol”dayam.

- Aktyor üçün əsas tələb görüntü ola bilərmi?

- Bəzi rejissorlar elə insanları filmə çəkirlər ki, sonra da deyirlər Azərbaycanda film inkişaf eləmir. Eləməz də. Hər şey xarici görünüş deyil axı.Elədirsə, Mədəniyyət və İncəsənət Universitetinin kino və dram fakültəsi bağlansın gərək. Rolları da yalnız manikenlər oynasın. Görüntü aktyor üçün vacib şərtdi, lakin bu o demək deyil ki, hamısı Alen Delon, Ancelina Coli olmalıdır. Xeyr, Azərbaycanda uzaq başı 3-4 Alen Delon olar, 3-4 Ancelina Coli. Hamısını Alen Delon eləmək olmaz axı. Bəs hanı bunun İnna Çurikovası, Morqunovu? Yoxdur. Menyuda gərək hər cür aktyor olsun, yöndəmsizi də, kifiri də, kobudu da olmalıdır ki, tamaşaçı zövqünə uyğun seçim edə bilsin. Azərbaycanlıların çoxu deyir ki, mənim oğlum yaraşıqlıdısa, mütləq aktyor olmalıdır. Heç dəxli var? Bu çox ucuz anlayışdır.

- Qardaşınızın vəziyyəti ilə bağlı yenilik varmı?

- Köhnə hamam, köhnə tas. Bizə ancaq gözləmək qalır. Nəticə artıq gözləmirik, sadəcə olaraq gözləyirik ki, nə vaxt azadlığa çıxacaq. Mən həmişə demişəm, bu gün də təkrar edirəm, sözümün ağasıyam - həyatda kim hansısa günahın sahibidirsə, Allah onun cəzasını versin. Kimlərinsə haqqına girən varsa, Allah onların ikiqat cəzasını versin. Bütün Azərbaycan bilir ki, qardaşım içəridə günahsız yatır. Allah günahkarın cəzasını versin. Qismət olsa, 4 ildən sonra qardaşımla görüşəcəyik. Mən ədalət tərəfdarıyam.

- İstedadlı olsa belə, övladlarınızla incəsənət arasında sədd çəkərsinizmi?

- İstedadı batırmaq günahdır. Övladlarımdan daha çox oğlumda bu istedadı görürəm. İstəyərdim oğlum sənətimi davam etdirsin. 2 yaşı var hələ, böyüsün baxarıq. Həyat yoldaşım əleyhinə olsa da, mən istəyərdim onun aktyor olmağını.

- Hazırda Türkiyədə keçiriləcək “Altun Çinar” festivalında olmalı idiniz...

- Festivala dəvət mənə 6-7 ay əvvəl gəlmişdi. Ora yeganə azərbaycanlı aktyor kimi mən dəvət olunmuşdum. Serial 26 gün əvvəl bitməli idi. Ssenarist ssenarini gec yazdığına görə, səhlənkarlıq qurbanı oldum, festivalda iştirak edə bilmədim.Serial bitən kimi ssenaristə“çox sağ ol”umu deyəcəm.

- Mənfi obrazlara heyranlığınız nə ilə bağlıdır?

- Mən heç vaxt müsbət obrazı oynamağa can atmamışam. Mənimçün mənfi obraz daha maraqlıdır. Çünki mənfi obrazda mimika oynayır, aktyor oyunu daha qabarıq şəkildə üzə çıxır. Alçaqlıq, şərəfsizlik, ikiüzlülük - bunlar hamısı fərqli mimikalardır. Bunları oynamaq aktyordan daha çox oyun tələb edir və daha rahat olursan. Özümü mənfi rollarda daha rahat hiss edirəm. Mənfi obrazı oynamaqla istedadı üzə çıxarmaq mümkündür. Müsbət obrazı oynamaq daha asandır.

- Komediya filmlərindən rol təklifi gəlsə, qəbul etmək barədə fikirləşərsinizmi?

- Komediya filmlərindən təkliflər alsam da, özümü o sahədə görmürəm. Komedik filmdə hansısa ciddi obrazı oynayaram, amma sırf komedik obraz mənlik deyil. Elə komediya aktyorları var ki, çalışırlar ki, ciddi filmlərdə oynasınlar, amma alınmır. Hər kəs öz kasasında yaxşı görünür. Nəsənsə, osan. Mənim bacarmadığımı başqası yaxşı oynaya bilər, bu belə də olmalıdır. Düzdür, Şener Şen kimi universal aktyorlar var ki, istənilən janrda oynaya bilir. Amma hamı Şener Şen ola bilməz.

- Özcan Dənizin erməni mahnısı oxumasına sərt reaksiya verdiniz...

- Bəziləri Özcan Dənizin tərəfini saxladı ki, musiqi dil tanımır. Musiqi dil tanımırsa, erməni hər il qondarma erməni soyqırımı deyə-deyə türkün bayrağını yandırır, türkü erməni dilində söyür. Erməninin dilində mahnı oxumaq ən böyük şərəfsizlikdir. Mənim qanımdan olan məni vurursa, bu naxələflikdir. Türkiyə şəhid verəndə ürəyimiz sızıldayır, Özcan, sən necə erməni dilində mahnı oxuya bilərsən? Bir dəfə oxuyub üzr istədin, bəs ikinci dəfə... Bu, ayıya dayı demək kimi bir şeydir. Belə eləməklə demək istəyib ki, əcəb eləmişəm. Eşitmişəm həmin mahnıya öz avtomobillərində qulaq asan azərbaycanlılar da var. Yüzlərcə gözüyaşlı şəhid analarımız varkən, azərbaycanlı bu mahnıya necə qulaq asa bilər? Erməni düşmənçilik qaydalarına bizdən çox riayət edir. Ona görə də mən ermənini alqışlayıram.

- Əsgərlikdə olmayan dostunuz varmı?

- Əsgərliyə getməyənlə dostluq edə bilərəm. Əsgərliyə getməməyin müxtəlif səbəbləri ola bilər, ona görə də həmin şəxsləri qınamaq düzgün olmazdı. Ötən ilin aprel hadisələri göstərdi ki, hətta əsgərlikdə olmayanlar belə döyüşə getməyə can atdı. Həmin vaxt “Facebook” hesabımda status yazıb, mənə qoşulmaq istəyənləri döyüşə getməyə səslədim. Elan verəndə elələri gəldi ki, mən o vaxta qədər onları pis çıxmasın, kişi saymırdım, əllərində necə silah tutacaqlarını belə təsəvvür edə bilmirdim. Başa düşdüm ki, 20 il də keçsə, bu millət Qarabağı alacaq.

- Şou biznesin fərqli orientasiyalı nümayəndələrinə münasibətiniz...

- Onları da Allah yaradıb, amma məndən uzaq olsunlar. Elələri ilə hər hansı tədbirlərdən başqa dostluq, yoldaşlıq münasibətlərim ola bilməz. Elələri məni əsəbləşdirir. Onlar kişi adına ləkə gətirənlərdir.

- Filmdə çəkilmək sizə nə verir?

- Rollarım mənə zövq verir. Sənətə görə çox çətinlikdən keçmişəm, keçirəm də. Amma düz danışmaq lazımdır. Verdiyim əməyin dörddə biri qədərini almasam da, maddiyyata ehtiyacım var. Pul mənə lazım olmasa da, ailəmə lazımdır. Mən heç vaxt zənginlik həvəsində olmamışam. Məsələn, indiyə kimi avtomobil sürməmişəm. Həyətimizdə bir neçə avtomobil olsa da, heç vaxt həvəsim olmayıb onları sürəm. İndi də avtobusdan istifadə edirəm. Hərdən olur ki, insanlar mənə yaxınlaşıb soruşur ki, siz həqiqətən Reşat Kəsəmənlisiniz? Avtomobili yalnız ailəmin rahatlığı üçün istəyərdim. İnsanın özü brend olmalıdır, istifadə etdiyi əşyalar yox. Şərəfsizin biri altına “Bugatti” qoyub sürürsə, o adam heç vaxt başqalarına nümunə ola bilməz.

- Açıq-saçıq geyimli qadınlara münasibətiniz...

- İnsanlarda qavrama səviyyəsi aşağıdır. Kiməsə nəsə deyəndə səhv başa düşür. Xarici görünüş insanın pasportudur. Kim nə istəyir eləsin, mən özümə cavabdehəm.

- Sadəliklə irəli getmək mümkün olurmu?

- Sadəliyi bir kənara atmaq istəsəm də, bu məndə alınmır. Canavardan çaqqal çıxmaz. Kim bu həyata necə gəlibsə, elə də gedəcək. Allahın qarşısında hamımız eyniyik, buna görə də kiminsə fərqlilik yaratmağa cəhd eləməsi düzgün deyil. Bələkdə dünyaya gəlib, kəfənlə köçəcəyik. Bir şey də var ki, sən necə olursan ol, qarşındakı insan səni necə görmək istəsə, o cür də görəcək.

- Sirr ortağınız varmı?

Sirlərimi heç kimlə bölüşmürəm. Ən düzgün qərarlarımı təklikdə vermişəm.Yeganə məsləhətçim anam ola bilər. Ana və övladdan başqa hər şey insanın öz qazancıdır. Həyatda təmənnasız sevgi yalnız anaya məxsus olur. Bir neçə dəfə ailə həyatı qurmaq olar, ancaq ananı heç kəs əvəz edə bilməz.

- Övladını atan valideynlərə hansı adı verərdiniz?

- Hər şey göründüyü kimi deyil. Övlad kənardan atılmış kimi görünə bilər, biz nə bilirik ki, valideyn hansı səbəbə görə uşağını atmağa məcbur olub. Həyatda hər şey göründüyü kimi deyil. Heç kəsi qınamaq olmaz.

- Ailə həyatı hisslər, yoxsa ağıl üzərində qurulsa davamlı olar?

- Əminliklə deyə bilərəm ki, insan öz prinsiplərinə görə ailə quranda xoşbəxt olur, nəinki sevgi. Sevgi çox şeyi kor edir. Qarşındakı insanın qüsurlarını görmürsən. Hər şey evlənəndən sonra üzə çıxır. Qarşındakı insan səni başa düşərsə, xasiyyətinə uyğun olarsa, onunla evlənməyə dəyər. Əks halda, evlilik çox getməz. Davranış gözəlliyi məhv edə bilər. Xarici görünüş bir binanın fasadıdır. İnsan əvvəlcə gözəl görüntüyə aldanıb içəri daxil olur. İçəri gözəl olmayanda isə ordan qaçmağa can atırsan. Xasiyyət evin içərisinin möhkəmliyi və bəzəyidir.

- Sizə nə dinclik gətirə bilər?

Rayona qaçmağımın ən böyük səbəbi qoyun otarmağı çox sevməyimdir. Rayona çatan kimi paltarlarımı dəyişib qoyun otarmağa gedəcəm. Təbiətin özü ən gözəl musiqidir. Cırcırama səsi, qoyunların mələşməsi, otların xışıltısı mənimçün ən gözəl musiqidir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR