"Bəzi məmurlar, nazir müavinləri həyatda rol oynayırlar"

Musiqili Komediya Teatrının aktyoru və rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti, Prezident təqaüdçüsü, İlham Namiq Kamalın (Əhmədov İlham Namiq Kamal oğlu) Metbuat.az-a müsahibəsini təqdim edirik:

- Əməkdaşlıq etdiyiniz teatrlar

- Musiqili Komediya Teatrında ay ərzində heç olmasa 5-6 tamaşada iştirak edirəm. Üzeyir Hacıbəylinin “Ər və Arvad” tamaşasında Mərcan obrazını, Ramiz Mirişlinin, Murad Haqverdiyevin “Qısqanc ürəklər” tamaşasında polkovnik Mikayıl rolunu ifa edirəm. Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana komediyası”nda İbad İbadoviç obrazını oynayıram. Emin Sabitoğlu və Cahangir Məmmədovun yazdığı “www.fərzəli kef.com" komediyasında da oynayıram.

Azərbaycanın ən böyük teatrı olan Opera və Balet Teatrında müqavilə əsasında çalışıram. Orada “Arşın mal alan" komediyasında Soltan bəy obrazını oynayıram. Mənimçün xoşdur ki, elə bir böyük kollektivdə Soltan bəy obrazını ifa edirəm.

- Teatrlar arasında fərq qoyursunuzmu?

- Mənimçün hər bir teatr doğmadır. Əsas tamaşadır, hər hansı teatrın tamaşasının gözəl quruluşu varsa, orda mənim qüvvəmə ehtiyac olarsa, böyük məmnuniyyətlə gedib o kollektivlə rol oynayaram. 30 ilə yaxın Akademik Milli Dram Teatrında çalışmışam. 2005-ci ildən Musiqili Komediya Teatrında çalışıram. 90-cı illərdə bu teatrın rus heyətində də oynamışam. Cənnət Səlimovanın quruluş verdiyi “İtalyansayağı xoşbəxtlik” tamaşasında Dominiko Solyano rolunu ifa etmişəm. 1993-cü ildə yaratdığım İlham Miniatür Teatrı yerlə bağlı müvəqqəti olaraq, fəaliyyətini dayandırıb. Orada olan aktyorların bir hissəsi Musiqili Komediya teatrında, digər hissəsi isə Gənc Tamaşaçılar teatrında çalışır. İstedadlı insanlara həmişə yer var.

- Teatrların tamaşaçı qıtlığı yaşaması ilə razısınızmı?

- Bəzi insanlar deyir ki, teatrda tamaşaçı az olur. Mən onu qəbul eləmirəm. Əgər tamaşaçı gəlirsə, xoşladığı aktyor, aktrisaya tamaşanın sonunda gül dəstəsi verirsə, bu tamaşaçının olması deməkdir.

- Tanınmışlar arasında tələbələriniz

- 21 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində Musiqili teatr aktyorluğu fakültəsinin müdiriyəm. Musiqili Teatrda işləyən onlarla gənclər var ki, bizim universitetin məzunudur. Azərbaycanın bütün teatrlarında aktyorların 99%-i Mədəniyyət, İncəsənət Universitetinin tələbələridir. Onlar çox savadlı, istedadlı uşaqlardır. Musiqili Komediya Teatrının aktrisası Gültac Əlili, "Bozbash Pictures"-in Şirini Nicat Rəhimov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Səməd Xasıyev tələbələrimdir. Mən həmin tələbələri 2-ci 3-cü kursdan teatr rəhbərliyinə məsləhət görmüşəm ki, onları işə götürsün.

- Əsl aktyor kimə deyirsiniz?

- İstedadı Allah verir. Elə tələbəyə istiqamət göstərmək lazımdır. İmkan daxilində həmişə gənclərə kömək etməyə çalışmışam. İstedadlı adamlara kömək etmək lazımdır. İstedadla yanaşı, tələbə öz üzərində işləməyi bacarmalıdır. Tələbə zəhmətsevərliklə istedadını birləşdirməyi bacarsa, öz yerini tapacaq. İşləmək qabiliyyəti, zəhmətsevərliyi olmasa, onun istedadı heç kimə lazım deyil. İncəsənət sahəsində olan insanlar yaşından asılı olmayaraq, hər dəfə yeni olmalıdır. Zamanla ayaqlaşmalıdır. Zamanın ayrılmaz fərdi olmalıdır. Bu isə bir az çətin məsələdir. İstedadlı, savadlı, ağıllı, tərbiyəli tələbə həmişə gözümdə yüksəlib.

- Teatr tamaşaçını nə ilə cəlb edə bilər?

- Azərbaycan teatrı həmişə inkişaf edib, bu gün də inkişaf edir. Kiçik bir məmləkətin 144 illik teatr tarixi kiçik bir göstərici deyil. Nəsillər dəyişdikcə yeniliklər gəlir. Ölkədə fəaliyyət göstərən 27 teatr zamanla ayaqlaşa bilərsə, tamaşaçısı da olacaq. Arxaik üsullarla yox, bu günki gündə gəncləri maraqlandıran mövzuları təqdim etməyi bacarmalıdır. Teatr bilavasitə hadisə göstərməlidir. Tamaşaçı boş-boş sözlər, tərifnamələr yox, hadisə görməlidir. Hadisə tamaşaçını öz arxasıca aparmağı bacarmalıdır ki, tamaşaçı fikirləşsin ki, görəsən bu hadisənin sonu necə olacaq. Əvvəllər tragikomediyalar az idi, indi artmağa başlayıb. Dramaturq insanın düşdüyü vəziyyəti çox maraqlı hadisə ilə əks etdirməyi bacarsa, tamaşaçılar onu çox maraqlı qəbul edər.

- Rollarınızdan ən doğma olanı?

- Rollarımı bir övlad kimi sevirəm. Onlar arasında fərq qoymuram. Teatrla yanaşı, Azərbaycan Televiziyasının xəzinədə olan bir çox tamaşalarında çəkilmişəm. Milli Teatrda 80-ə yaxın rolum olub.

- Xarici dilləri bilmək aktyorluq sənəti üçün mütləqdirmi?

- Aktyor xarici dilləri də bilməlidir. İnsan nə qədər çox dil bilərsə, dünyagörüşü, səviyyəsi də bir o qədər yüksək olar. Dil bilmək elə mədəniyyət deməkdir.

- Aktyorun, aktrisanın görkəmi tamaşaçıda ikrah hissi yarada bilərmi?

- Aktyor üçün görkəm əsas amillərdən biridir. Tamaşaçının qarşısına çıxan aktyor, aktrisa gözoxşayan olmağa çalışmaldır. Bəzi aktyorlar var ki, istedadı var, amma bəstəboydur. Bu əksəriyyət təşkil eləmir. Teatrda bir, ya da ikisi elə görkəmdə olsun, hamısı elə ola bilməz axı. Aktyor təqdim etdiyi obrazla başqalaşa bilir. Bir gün dramatik rol oynaya bilir, bir gün faciə rolu oynayır, bir gün komediya rolu oynayır. Aktyorun ampulası dəyişməlidir. Bir çox rejissorlar mənə komediya janrında çəkilmək üçün təklif edib, amma mənin dramatik rolda oynamağım fikrimcə, tamaşaçıya daha maraqlıdır.

Rejissora da etimad göstərmək lazımdır. Demək ki, o, səni o rolda görür. Rejissorun etimadını doğrultmaq lazımdır.

- Qida rejiminə diqqət yetirirsinizmi və yaxud idmanla məşğul olursunuzmu?

- İşim hərəkət, idmandır. Amma gərək əndazəni keçməyəsən. Əndazəni keçsən əlbəttə ki, o sənə ağırlıq edəcək. Səhnədə motalqarın xanımlar, motalqarın əmilər də görmək olur. Əlbəttə, bu onların öz taleyidir. Bunu onların özləri başa düşməlidir. Qəhrəman rolu oynayan birinin necə qarını ola bilər? Mən aktyorlara, aktrisalara rol verməzdən əvvəl həmin şəxsin fakturasına uyğun gəlib-gəlməyəcəyinə fikir verirəm. Roldan kənarda qalanlar isə öz taleyilə barışmaldır.

- Gənclərə dəstək verməyənlərə sözünüz

- Cavanları sevmək lazımdır. Cavanlar sabaha estafeddir. Onlara kömək etmək lazımdır. Kömək eləyə bilməyəndə gərək mane olmayasan. Muğam müsabiqəsinə gedib gənc ifaçılarımızı dinləməyi çox sevirəm.

- Həyatla səhnədəki rolunu səhv salanlar varmı?

- Hər bir sənət adamı nə istedadın sahibidirsə öz işidir, amma həyatda səmimi bir insan olmalıdır. Elə məmurlar, vəzifəli adamlar var ki, görürəm ki, onlar həyatda rol oynayır. Biz onu 2 saat, 2 saat yarım ərzində səhnədə oynayırıq. Elə məmurlar, nazir müavinləri var ki, onlar həyatda rol oynayırlar, amma yorulmurlar. Çox qəribədir. Mənə maraqlıdır ki, biz peşəkar insanlar səhnədə yoruluruq, onlar isə yorulmaq bilmir.

- Sevdiyiniz musiqi və musiqiçilər?

- Qara Qarayev musiqilərini, Üzeyir Hacıbəylinin liberettalarını çox sevirəm.

- İdmana maraq varmı?

- Futbolu çox sevirəm. Əvvəllər "Xəzər Lənkəran"a azarkeşlik edirdim. Sinif yoldaşım Ağasəlim Mircavadov o klubun baş məşqçisi idi. O, ordan uzaqlaşdırılandan sonra müəyyən hoqqalar ortaya çıxdı. Futbol, oradakı kombinasiyalar çox maraqlıdır.Amma bizdə futbol hoqqadır. Son zamanlar inkişaf edən komandalardan biri "Qəbələ"dir. Amma görürəm "Qəbələ"yə qarşı da kompaniyaya başlayıblar ki, inkişaf etməsin.Futbolda paradokslar çoxdur. "Qarabağ" komandası da maraqlı oyunlar nümayiş etdirir. "Neftçi"nin düşdüyü durum da mənə maraqlıdır. Nəyə görə yaxşı bir mütəxəssis tapıb komandaya istər rəis, istər baş məşqçi təyin etmirlər. Başa düşürəm, xarici oyunçular da lazımdır. Amma tam hamısını da xaricilərin öhdəliyinə buraxmaq olmaz. Milli yığmada xaricilərin oynamağına icazə vermirlər, bunu düşünmək lazımdır. Son vaxtlar topla yox, dirsək hücumuyla məşğuldurlar. Mən baxıram oyunçular bir-birinə dirsəklə vururlar. Bu onun sinəsini şikəst eləyir, o bunun gözünü çıxartmaq istəyir. Bizdə dirsək futbolu daha çox inkişaf edib, nəinki ayaq futbolu.

- Uğurlu film nələrə bağlıdır?

- Hər bir səbəb peşəkarlıq və filmin maddi vəsaitinə bağlıdır. Serialların hamısı Azərbaycanfilm kinostudiyasına təhkim olunsun və dövlət tərəfindən maliyyələşdirilsin. Əgər dövlət maliyyələşdirməsə, heç bir film alınmayacaq. Çünki, ucuz ətin şorbası olmur. Filmin ilk növbədə peşəkar rejissoru olmalıdır. Rejissor ssenarini, aktyorları, rəssamı seçir. Əgər peşəkar rejissora etimad göstərilərsə, maddi-texniki baza onun səlahiyyətində olarsa, o zaman film olacaq. Olmasa, film olmayacaq.

- Tamaşaçı sevgisini qazanmağın üsulları?

- Uzun illərdir çalışmışam tamaşaçının qarşısında cani-dildən xidmət göstərim. Mən tamaşaya gələn insanların hamısının qarşısında tanıdım-tanımadım elə bilirəm ki, onları birinci dəfədir görürəm. Mən hər tamaşanı ifa edəndə çalışıram onu birinci dəfəki kimi oynayım.

- Günün uğurlu olması üçün nələrsə edirsiniz?

- İnsan hər gün yuxudan oyananda yenidən doğulmalıdır. O zaman insana o cür də münasibət olacaq. Dünənki neqativlər dünəndə də qalmalıdır. Yuxudan oyananda həyata yeni baxışla baxmağı bacarmalısan. Belə olarsa, sən insanlara da müsbət enerji vermiş olarsan, özün də müsbət enerji alarsan.

- Mənfi auralı insanlarla ünsiyyət qurursunuzmu?

- Yəqin onlar da bir gün yola gələrlər. Neqativ saçanları heç görmürəm, görmək fikrində də deyiləm. Mənim öz problemlərim var. Səhər dərs, sonra da məşq, günorta çəkiliş, axşam tamaşa...

- İstirahət üçün ən gözəl məkan

- Əslimiz Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Mənim bağım da Şamaxıdadır, ata-baba yurdumda. Ora gedəndə tam başqa insan oluram. Duyğular, fikirlər də tam başqa olur. Hardasa saflaşırsan, kənd yerində insan saflaşır. Təbiət mənə sakitlik gətirir. Kənd psixologiyası fərqlidir, düşüncə tərzi fərqlidir. Onların da problemləri var, ancaq onlar heç vaxt insanı öz problemlərilə yükləməyə çalışmır. Şəhər mühitində hamı istəyir ki, öz problemini başqasına yükləsin.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR